Sarıyeva İ.
Muğam
müsabiqəsinin qalibinin həbs xəbəri
təsdiqlənmədi
Nasir Ətapur: «Mən
İranda həbs edilməmişəm»
Heydər Əliyev Fondu
və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
birgə təşəbbüsü ilə AzTV-də
keçirilən muğam müsabiqəsi bir neçə
gün əvvəl başa çatıb. Müsabiqə
zamanı heç bir qalmaqal qeydə alınmasa da,
müsabiqə sonrası iştirakçılardan birinin -
Nasir Ətapurun həbsi barəsində mətbuatda məlumat
dərc edildi.
Məlumata görə,
yanvarın 17-də muğam müsabiqəsində 3-cü yeri
tutan Nasir Ətapur Tehranın İmam Xomeyni adına Hava
Limanında 1 gün saxlanılıb, gənc xanəndə
sorğu-suala tutulub və ondan izahat alınıb. APA-nın
xəbərinə görə, izahatda onun İranda
Azərbaycan muğamının təbliğilə
məşğul olmasına, əsasən də,
Təbrizdə keçirilən musiqi tədbirlərində
iştirakına qadağa qoyulub.
Qeyd edək ki, Nasir
Ətapur 1976-cı ildə Təbrizdə doğulub, orada
müəllimi isə tanınmış təbrizli musiqiçi
Həsən Azərbaycan (Hərgülü) olub. Hazırda o,
Milli Konservatoriyanın III kurs tələbəsidir, N.Ətapur
xalq artisti Arif Babayevin sinfində təhsil alır. Nasir
Ətapurun həbsilə bağlı məlumat, demək olar
ki, bütün muğamsevərləri, o cümlədən
də bizi narahat etdiyi üçün bu barədə
yayılan məlumatı araşdırdıq.
Əvvəlcə xalq
artisti, Nasirin ustadı Arif Babayevlə əlaqə saxladıq.
Arif müəllim
bizimlə söhbətində bildirdi ki, tələbəsi
həbs edilməyib və o, hazırda Bakıdadır.
«Qəzetlərin yazdığı məlumat
əsassızdır. Nasir həbs edilməyib, hazırda
Bakıdadır. Niyə onun haqqında belə məlumat
yayırsınız? Axı onu nə üçün həbs
etməlidirlər? Bu gün (dünən-İ.S)
münsiflər heyəti üzvləri və müsabiqə
qaliblərini Mehriban xanım Əliyeva qəbul edəcək.
Biz hamımız Heydər Əliyev Fonduna gedəcəyik».
Muğam müsabiqəsinin münsif üzvü, xalq artisti
Səkinə xanım İsmayılovanın da yayılan
məlumata reaksiyası sərt oldu: «Qəzetlər yazır
ki, Nasir İranda həbs edilib. Məlumatı
eşidəndə çox pis oldum. Amma Fondda Nasirin
özünü görəndə bu məlumatın yalan
olduğunu bildim. Mətbuat niyə ağzına gələni
yazır? Əsassız məlumatları yazmağı
yığışdırm. Niyə başqalarına böhtan
atırlar?»
Səkinə xanım bizimlə telefön
söhbətində bildirdi ki, hazırda
iştirakçıların hamısı, o
cümlədən də Nasir yanındadır:
«Uşaqların hamısı buradadır. Nasir də həmçinin.
İstəyirsinizsə onu telefona çağırım».
Nasirlə elə Səkinə
xanımın telefonu ilə əlaqə yaratdıq. Nasir
həbsilə əlaqədar yayılan məlumatı
təəccüblə qarşıladığını
bildirdi: «Mən həbs edilməyimlə bağlı məlumatı
eşidəndə təəccübləndim. Mən İranda
həbs edilməmişəm, Hər şey öz
qaydasındadır. Bu barədə mətbuatda yayılan
məlumat həqiqətə uyğun deyil. Düzdür,
müsabiqə başa çatdıqdan sonra mən İrana
getdim və dörd gün orada - ailəmin yanında
qaldım. Məni İranda çox yüksək
səviyyədə, böyük sevgilə qarşıladılar.
Hətta sərhədə məni qarşılamaq
üçün İranın Mədəniyyət Nazirliyinin
və Təbriz Mədəniyyət Evinin nümayəndələri
də gəlmişdi», Bakıya hansı səbəbdən
belə tezliklə dönməsinə gəldikdə, Nasir
bunun əsasən, təhsililə bağlı olduğunu dedi:
«Bilirsiz ki, mən Milli Konservatoriyanın
üçüncü kursunda oxuyuram. Bura təhsilimi davam
etdirmək üçün qayıtmışam. Bir də, bilirsiz
ki, müsabiqə iştirakçıları və qalibləri
Azərbaycan bölgələfində konsert proqramı ilə
çıxış edir. Mən də o tədbirlərə
qatılacağam». İranda - doğulduğu Təbriz
şəhərində konsert proqramı ilə
çıxış etmək fikrində olub-olmaması
sualına cavabında N.Ətapur «Bu haqda əvvəlcədən
heç bir söz deyə bilmərəm. Hələ burada təşkil
olunan konsertlərdə iştirak edəcəyəm» - deyə
bildirdi. Qeyd edək ki, GAMOH-un Quzey Azərbaycan
təmsilçiliyi, Təbrizdəki mənbələrə
istinadən, Bakıda keçirilən muğam
müsabiqəsinin finalçısı, əslən Güney
Azərbaycandan olan Nasir Ətapurun Tehranda həbs olunması
ilə bağlı xəbər yaymışdı. Məlumatda
bildirilirdi ki, Bakıdan Tehrana uçan xanəndə İmam
Xomeyni adına beynəlxalq hava limanında yaxalanaraq ETTE-LAAT idarəsinə aparılıb.
İran İslam Respublikasının Azərbaycandakı
səfirliyi bu məlumatı təsdiq etmir. «Olaylar»a
açıqlamasında səfirliyin mətbuat xidmətinin
rəhbəri Məcid Feyzullahi Nasir Ətapurun həbs
edilmədiyini bildirib: «Nasir Ətapur Bakıdan Tehrana yox,
Biləsuvardan Təbrizə gedib. O, Bakıda musiqi təhsili alır,
Təbrizə də xanımının səhhətilə
əlaqədar gedib». Nasir Ətapurun Bakıda keçirilən
muğam müsabiqəsində iştirakının İranda
normal qarşılandığını söyləyən
səfirliyin sözçüsü bunları deyib: «Nasir Ətapur
burada oxuyur, müsabiqədə də iştirak edib. Müsabiqənin sonunda Azərbaycanın himni çalınanda da orada yox idi. Çünki o,
İran vətəndaşıdır».
Bakı xəbər.- 2008.- 23 yanvar.- S. 15.