Üç aydan çox
davam edən "Muğam müsabiqəsi -
2007" maraqlı final
yarışması ilə
başa çatdı
Yanvarın 15-də M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
layihəsi və Heydər Əliyev Fondunun dəstəyi
ilə üç aydan çox davam edən "Televiziya
Muğam Müsabiqəsi - 2007"nin final mərhələsi
keçirilmişdir.
Bu möhtəşəm musiqi bayramında Azərbaycan
muğam sənətinin qorunub saxlanılmasında,
təbliğində və inkişaf etdirilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri
xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki,
muğam sənəti sahəsində yeni istedadların
üzə çıxarılmasında Heydər Əliyev
Fondunun böyük rolu olmuşdur. Bundan əvvəlki
televiziya muğam müsabiqəsinin
iştirakçılarının sədası indi
təkcə Azərbaycan səhnəsindən deyil,
dünyanın möhtəşəm
səhnələrindən, beynəlxalq musiqi
məclislərindən gəlir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov Mehriban xanım Əliyevanın
"Muğam müsabiqəsi - 2007"nin
iştirakçılarına təbrik məktubunu oxudu.
Mehriban xanım Əliyevanın təbriki sürəkli
alqışlarla qarşılandı. Müsabiqənin
münsiflər heyətinin üzvləri təqdim olunduqdan
sonra söz muğama verildi. Müsabiqənin final
mərhələsinə çıxmış 6 gənc
ifaçı - Elməddin İbrahimov, Güllü Muradova,
Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Nasir Ətapur və
Rəvanə Ərəbova tamaşaçılar və
münsiflər heyəti qarşısında bir daha imtahan
verdilər. Onların bir-birindən maraqlı ifaları
tamaşaçıları heyran qoydu.
Sonra münsiflər heyəti adından xalq artisti Əlibaba
Məmmədov çıxış edərək bildirdi ki,
160 nəfər arasından seçilmiş 20 nəfərin 3
aydan çox davam edən muğam yarışmasında 6
nəfər finala çıxmışdır. Bu,
təkcə musiqi yarışması deyildir. Bu müsabiqə
Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar
gətirmişdir. Belə bir nəcib layihənin
reallaşdırılmasında Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın xalqımız
qarşısındakı xidmətlərini xüsusi qeyd
etmək istəyirəm. İncəsənət adamlarına,
biz xanəndələrə göstərdiyi diqqət və
qayğıya görə dövlətimizin
başçısı İlham Əliyevə sənət
dostlarım, bu müsabiqənin münsiflər heyəti
adından və şəxsən öz adımdan dərin
minnətdarlığımızı bildirirəm.
"Muğam müsabiqəsi - 2007"- nin
iştirakçılarından 14 nəfərinə diplomlar
və 1000 manat pul mükafatı verildi.
Sonra münsiflər heyətinin qərarı ilə
müsabiqədə birinci yerə çıxmış
Elməddin İbrahimova və Güllü Muradovaya
bürünc mükafat, üzərində Mehriban xanım
Əliyevanın və münsiflər heyətinin imzası
olan qaval, 10 min manat pul, Heydər Əliyev Fondunun
buraxdığı "Qarabağ xanəndələri"
musiqi albomu və diplom təqdim olundu. Müsabiqədə
ən çox xal topladığına görə Elməddin
İbrahimova Qarabağ xalçası hədiyyə edildi.
İkinci yerə layiq görülmüş Ehtiram Hüseynov
və Abgül Mirzəliyevə də bürünc mükafat,
üzərində Mehriban xanım Əliyevanın və
münsiflər heyətinin imzası olan qaval, "Qarabağ
xanəndələri" musiqi albomu, 7 min manat pul
mükafatı və diplom verildi.
Üçüncü yerə çıxan Rəvanə
Ərəbova və Nasir Ətapur bürünc mükafat,
qaval, musiqi albomu, 4 min manat pul və diplom ilə
mükafatlandırıldılar.
Möhtəşəm muğam müsabiqəsinin finalı
bütün iştirakçıların ifasında
dövlət himninin səslənməsi ilə başa
çatdı.
Azərbaycan.- 2008.- 16 yanvar.- S. 7.