Cəfərova V.

 

Bəstəkar Elza İbrahimovanın yaradıcılıq gecəsi keçirilib

 

Yanvarın 27- ölkənin tanınmış incəsənət adamları Muğam Teatrında bir araya gəlmişdilər. Budəfəki toplantının səbəbkarı görkəmli bəstəkar, onlarla gözəl mahnının müəllifi Elza İbrahimova idi. Təxminən yarım əsrdən bəri Azərbaycan musiqi sənətində özünəməxsus yeri olan Elza İbrahimova 1938-ci il yanvarın 10-da dünyaya gəlib. Uşaq yaşlarından musiqiyə rəğbətini görən valideynləri onu 8 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Sonralar təhsilini Asəf Zeynallı adına musiqi məktəbində davam etdirib. Burada müəllimləri onun bəstəkarlıq qabiliyyətini görərək, uyğun sinfə keçməsini təklif ediblər. Elza xanımın ən böyük arzularından biri 1958-ci ildə Konservatoriyaya qəbul olunması ilə yerinə yetib. Əvvəllər Cövdət Hacıyevin, sonra isə Qara Qarayevin sinfində təhsil alıb. Çox keçmədən istedadı əməksevərliyilə tanınıb. Mahnılar yazmaqla yanaşı, ciddi, akademik janrlarda da əsərlər yaradıb. "İmam Şamil", "Yanan laylalar" "Afət" operalarının müəllifidir. Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Ənvər Əlibəyli, Dəmir Gədəbəyli, Adil Rəsul, Vahid Əziz, Ramiz Heydər başqa şairlərin sözlərinə mahnılar bəstələyib. Onun əsərlərini Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Hüseynağa Hadıyev, Sara Qədimova, Lütfiyar İmanov, Leyla Şərifova, İslam Rzayev, Oqtay Ağayev, İlhamə Quliyeva, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə kimi korifey müğənnilər, həmçinin müasir dövrün populyar sənətçiləri ifa ediblər.
   Bəstəkarın Muğam Teatrındakı yaradıcılıq gecəsini teatrın rəhbəri Arif Qazıyev açaraq, tədbirə toplaşanları salamladı. Gecəni müğənnilərimizin ifasında Elza İbrahimovanın istedadının məhsulu olan bir-birindən gözəl musiqilər, həmçinin bəstəkar haqqında qonaqların xoş xatirələri, ürək sözləri bəzədi. Gecə boyunca Flora Kərimova bəstəkarın "Ey Vətən", Lalə Məmmədova "Dedim", Elton "Sən yadıma düşəndə", Cavanşir Məmmədov "Qurban verərdim", Firuzə İbadova "Mən sənin yanına gələndə", Mətanət İsgəndərli "Nəğməli çinar", Nadir Qafarzadə "Gəl barışaq", Sevinc "Ay parçası" başqa mahnılarını ifa etdilər. E.İbrahimovanın Şəfiqə Axundova, Ruhəngiz Qasımova, Faiq Sücəddinov, Nailə Mirməmmədli kimi həmkarları, sənət dostları digər yaxınları, ziyalılar onun şəxsiyyəti, yaradıcılığı haqqında yüksək fikirlər söylədilər.
   

525-ci qəzet.- 2008.- 29 yanvar.- S. 7.