Yanvarın 26-da
ölkəmizin ictimaiyyəti milli musiqi sənətinin
görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan
Respublikası Prezidentinin fərdi
təqaüdçüsü İslam Tapdıq oğlu Rzayevi
son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında matəmsayağı
bəzədilmiş postament üzərinə qoyulmuşdu.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham
Əliyevin adından, habelə hökumət
təşkilatları, müxtəlif kollektivlər adından
əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi və mərhumun ifa etdiyi
mahnılardan parçalar səslənirdi.
İslam Rzayevin həmkarları, dostları,
tanışları, tanınmış mədəniyyət
və incəsənət xadimləri, mərhumun
yaradıcılığının pərəstişkarları
axın-axın teatrın binasına gəlir, görkəmli
sənətkara və gözəl insana son borclarını
verirdilər.
Matəm mərasimini açan mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın görkəmli muğam
ifaçısı İslam Rzayevin vəfatı ilə əlaqədar
mərhumun ailəsinə ünvanlanmış
başsağlığının mətnini oxudu.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti,
professor Siyavuş Kərimi, xalq artistləri Arif Babayev,
Şəfiqə Eyvazova, Canəli Əkbərov,
Mələkxanım Əyyubova və əməkdar
incəsənət xadimi Arif Qazıyev Qarabağ
xanəndəlik məktəbinin tanınmış
nümayəndəsi və layiqli davamçısı
olmuş İslam Rzayev haqqında ürək sözlərini
söylədilər, onunla bağlı xatirələrini
danışdılar. Sənət dostları İslam Rzayevi
milli musiqi xəzinəmizi zənginləşdirən
istedadlı ifaçı kimi səciyyələndirdilər.
Bildirildi ki, xüsusi musiqi zövqü və duyumu olan
İslam Rzayev Azərbaycan xanəndəlik məktəbinin
inkişafına mühüm töhfələr vermiş, onun
böyük məharətlə ifa etdiyi muğamlar milli
muğam sənətinin qızıl fonduna daxil olmuşdur.
İyirmi il "Muğam Teatrı"nda bədii
rəhbər kimi fəaliyyət göstərən
sənətkar gənc muğam ustalarının
yetişdirilməsində böyük xidmət
göstərmişdir.
Çıxış edənlər İslam Rzayevin
yüksək şəxsi keyfiyyətlərindən də
danışdılar, onun əməyinin yüksək
qiymətləndirildiyini, müstəqil Azərbaycan
Respublikasının ali mükafatı olan
"Şöhrət" ordeninə layiq
görüldüyünü xatırladaraq, tanınmış
muğam ifaçısı, gözəl pedaqoq və
təvazökar insan İslam Rzayevin xatirəsinin
xalqımızın qəlbində daim
yaşayacağını vurğuladılar.
Mərhumun ailəsi adından çıxış edən
Natiq Rzayev atasına, onun xatirəsinə göstərilən
ehtirama görə ölkə rəhbərliyinə dərin
minnətdarlığını bildirdi, matəm mərasiminin
iştirakçılarına təşəkkür etdi.
Sonra ailə üzvləri, qohumları mərhumla
vidalaşdılar.
***
İslam Tapdıq oğlu Rzayevin cənazəsi Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrından qaldırılaraq
İkinci Fəxri xiyabana gətirildi. Burada mərhumun
ruhuna dua oxundu, əziz xatirəsi sənətsevərlərin
qəlbində əbədi
yaşayacaq müğənninin
cənazəsi doğma
torpağa tapşırıldı.
Məzarın üzərinə
əklillər, gül
dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Azərbaycan.- 2008.- 27 yanvar.- S. 3.