Aysa A.

 

Ermənistan “Avroviziya – 2008”-də bizim mahnımızı oxumaq istəyir

 

Əgər “Avroviziya–2008” mahnı müsabiqəsində Ermənistanı təmsil edən iştiraçı Azərbaycan mahnısı ifa edərsə Azərbaycanın əlaqədar təşkilatları müsabiqənin Təşkilat Komitəsinə etiraz müraciəti göndərəcək. Bu barədə Day.az-ın müxbirinə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd edilib ki, hələlik Ermənistanın müsabiqəyə təqdim edəcəyi mahnı dəqiq müəyyənləşdirilmədiyindən bu məsələyə rəsmi şəkildə münasibət göstərmək də mümkün deyil. Nazirliyin mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, bu məsələyə yalnız Mədəniyyət Nazirliyi deyil, Müəllif Hüquqları Agentliyi və İctimai Televiziya da laqeyd qalmamalıdır. Əsas olan isə Azərbaycan cəmiyyətinin reaksiyasıdır. “Əgər hər bir vətəndaşımız elektron poçt vasitəsilə ”Avroviziya–2008”-in Təşkilat Komitəsinə etiraz məktubu yazsa, bunun effekti daha çox olar”. – deyə o bildirib.

 

Xalq qəzeti.- 2008.- 23 yanvar.- S. 7.