Mənim “Yeni ulduz”dakı əsas
işim pərdə arxasında qalır
Xalq artisti Mübariz Tağıyev:
"Yeni ulduz-7"nin iştirakçilarindan Çingiz
Mustafayev hər cəhətdən müsabiqənin meyarlarina
uyğun gəlir"
Müsahibimiz "Yeni
ulduz"müsabiqəsinin
münsiflər heyətinin
üzvü, xalq artisti Mübariz Tağıyevdir
- Mübariz müəllim,
artıq neçə
müddətdir ki, ATV
kanalında yayımlanan
"Yeni ulduz" layihəsində münsif
kimi sizi də görürük. Bu layihə haqqında ümumən nə deyərdiniz?
- "Yeni ulduz" estrada müsabiqəsi əslində
alman proyektidir və ilk dəfə
Almaniyada həyata keçirilib. Sonradan bu proyekt Türkiyədə
və başqa Avropa ölkələrində,
o cümlədən Azərbaycanda gerçəkləşib.
Layihənin şərtlərinə
görə, bu proyektə icra olunduğu ölkələrin
dəyərlərinə uyğun
xırda dəyişikliklər
etməyə icazə
verilir.
- Necə düşünürsüz,
"Yeni ulduz" layihəsi Azərbaycan estradası üçün
nə qədər əhəmiyyətlidir?
- Əvvəla, onu qeyd edim ki,
Azərbaycan vokal məktəbi istər Milli Konservatoriyanın, istərsə də Mədəniyyət və
İncəsənət Universitetinin
nəzdində heç
vaxt yaranmayıb və bu gün
də yoxdur. Azərbaycan pop-estrada musiqisinin təməli ötən əsrin 90-cı illərindən bəri qoyulub. Buna görə də düşünürəm
ki, belə şəraitdə estrada-pop
musiqisini təbliğ
edən müsabiqələrə
həqiqətən də
ehtiyac var. Amma bu o
demək deyil ki, "Yeni ulduz" layihəsində
iştirak edən hər ifaçı Azərbaycan estradası üçün əhəmiyyətlidir.
Hesab edirəm ki, indiyə qədər "Yeni ulduz"dakı uşaqlardan heç olmasa 10 nəfəri bu gün ciddi
şəkildə sənətlə
məşğul olursa,
bu artıq nə isə deməkdir. Bir məqamı da unutmamalıyıq ki,
"Yeni ulduz" səhnə yox, televiziya müsabiqəsidir.
Ona görə də bu layihədə
şou xatirinə atılan addımlar da istisna deyil.
Bir vaxtlar bu müsabiqədə münsiflər heyətində
Aygün Kazımovanın
da iştirakı belə xarakter daşıyırdı. Amma
bu o demək
deyil ki, bu müsabiqə qeyri-ciddidir. Yox, əksinə. Bəlkə
də kənardan çox asan görünən estrada-pop
musiqisi əslində xalq musiqisi və
muğam qədər,
bəlkə onlardan da çətindir. Çünki xalq musiqisi, muğam bizim qanımızda, canımızdadır, amma
estrada musiqisinin Azərbaycanda vüsət
alması yeni hadisədir. "Yeni ulduzun" başqa müsabiqələrdən
bir fərqi də odur ki,
bu proyektdə iştirak edən gənclər müsabiqəyə
qatılana qədər
səhnədə olmamış
və musiqi sahəsində heç bir məktəb keçməmiş gənclərdir.
Bu da çox
müsbət haldır.
Mən Konservatoriyanın
və yaxud da hər hansı
musiqi məktəbinin
tələbələri arasında
seçim edilməsinə
və onların hansısa müsabiqədə
iştirak etməsinə
tərəfdar deyiləm.
Bu, bir dəfə
imtahan vermiş şəxsin ikinci dəfə imtahan edilməsinə bənzəyir.
Bir də ki, onsuz da
həmin gənclər
öz sənətləri
ilə məşğul
olaraq get-gedə inkişaf edib nə vaxtsa
tanına bilərlər.
Ona görə də həmişə tərəfdarı olmuşam
ki, Azərbaycanın müxtəlif bölgələrindən
istedadlı uşaqlar
seçilsin və üzə çıxarılsın.
Və digər tərəfdən
də, əvvəlcədən
düzgün olmayan, yanlış bir məktəb keçən
gənclərlə işləmək,
ona yenidən nəyisə öyrətmək,
mənə elə gəlir ki, heç nə bilməyən, sıfırdan
başlayan insanla işləməkdən qat-qat
çətindir.
- Amma
bildiyimiz kimi, bu gün "Yeni ulduz-7"də iştirak edən Aygün Rəhimova əvvəllər də müğənni kimi tanınıb, hətta bir neçə klipi də efirdə
nümayiş olunub. Həmin iştirakçının
müsabiqədə iştirakı
şərtləri pozmur
ki?
- Mən deməzdim ki, Aygün Rəhimova müğənni kimi fəaliyyət göstərib,
o, sadəcə, özfəaliyyətlə məşğul
olub. Bundan başqa, mən efirdə yayımlanan bir-iki səviyyəsiz klipi də klip
adlandırmıram və
bu hadisəni elə də böyük bir fəlakət hesab etmirəm. Onu da deyim ki,
mən bayaq qeyd etdiyim şərtlər
"Yeni ulduz" proyektinə uyğun olan şərtlərdir. Amma biz düşündük
ki, bu şərtlərə
proyektin imkan verdiyi çərçivə
daxilində müəyyən
qədər dəyişikliklər
edək.
- Artıq
"Yeni ulduz" 7-ci
dəfə keçirilir.
Amma bu proyektdə
indiyə qədər
qalib olmuş gənclər hələ də ortaya ciddi bir iş
çıxarmayıblar. Bununla
bağlı nə deyərdiz?
- Bilirsiniz ki, televiziya müsabiqəsində qalibləri
tamaşaçıların SMS-ləri müəyyən edir və bu
hələ o demək deyil ki, yarışmanın qalibi iştirakçıların
ən yaxşısıdır.
Buna görə də hesab edirəm
ki, indiyə qədər keçirilən
müsabiqənin qaliblərindən,
İlhamə Qasımova
istisna olmaqla, heç biri münsiflərin birinciliyə
layiq bildiyi iştirakçı deyil.
- "Yeni ulduz" layihəsində siz münsifliklə yanaşı,
həm də iştirakçıların hazırlaşmasında
onlara müəllimlik
də edirsiz. İki vəzifəni yerinə yetirmək çətin deyil ki?
- Düz qeyd etdiniz, çünki
mənim bu proyektdə əsas işim, zəhmətim pərdə arxasında qalır ki, bu da olduqca
çətin işdir.
Bu gün həmin yarışmada iştirak edən gənclər heç bir məktəb görməmiş,
əlində mikrofon tutmağı belə bacarmayan gənclərdir və təbii ki, onlar üçün
qısa müddət ərzində səhnəyə
çıxıb mükəmməl
ifa göstərmək
çətindir. Təsəvvür
etmək çətindir
ki, bu uşaqlar
məşqsiz səhnəyə
çıxıb nəsə
ifa etsələr, bu hansı səviyyədə
alına bilər.
- Siz
həm də münsiflər heyətinin
ən mülayim və yumşaq iradlar bildirməsilə seçilən üzvüsünüz.
Bu nə ilə bağlıdır?
- Yəqin, bu onunla bağlıdır
ki, mən həmin iştirakçılarla
məşq etdiyim üçün başqa münsiflərdən daha yaxşı bilirəm, hansı ifaçıdan nəyi tələb etmək olar. Həm də 16-17 yaşlı gənclərin
keçirdiyi hiss və həyəcanlar mənə yaxşı tanışdır. Ona görə çalışıram
ki, heç kimi həvəsdən salmayım. Amma bu o demək
deyil ki, mən kiminsə pis ifasına yaxşı deyirəm, əgər ifa xoşuma gəlmirsə, öz iradlarımı mütləq bildirirəm.
- Necə
fikirləşirsiz, "Yeni
ulduz-7"nin qalibi hansı iştirakçı
olacaq?
- "Yeni ulduz-7"nin iştirakçılarının
hamısı istedadlı
gənclərdir. Amma istedadına görə xüsusilə seçilən,
mənim fikrimcə, Azad Şabanov, Aygün Rəhimova və Çingiz Mustafayevdir. Məncə, Çingiz Mustafayev hər cəhətdən
"Yeni ulduz" meyarlarına uyğun gəlir. Bu iştirakçı olduqca
istedadlıdır və
təpədən-dırnağa
artist doğulub. Heç bir musiqi təhsili görməyən bu gənc hərdən elə bir ritm
tutur ki, çox təəccüblənirəm.
Soruşanda isə həmin notun adını da bilmir. Ona görə
də hesab edirəm ki, əgər Çingiz öz üzərində işləsə, gələcəkdə
mütləq səhnədə
olacaq.
- Əslində
"Yeni ulduz" meyarları nəyi tələb edir?
- Yeni ulduzda
iştirak etmək üçün bu sahədə hansısa peşəkarlıq tələb
olunmur. Sadəcə, iştirakçının güclü
ritm hissiyatı, normal musiqi duyumu
və xarici görünüşü olmalıdır.
Doğrudur, artıq bu gün bir
çox müsabiqələrdə,
o cümlədən
"Yeni ulduz"da boyun 175 santimetrdən
uca olması şərtdir. Amma mən bunu düzgün
hesab etmirəm. Çünki bu gün dünya səhnələrini fəth
edən qısaboylu müğənnilər də
az deyil.
- Bu
gün ölkəmizdə
çox ciddi şəkildə "Eurovision"
beynəlxalq mahnı müsabiqəsinə hazırlıq
gedir. Sizin fikrinizcə, nəyə görə bu gün "Eurovision"a göndəriləcək
namizədlər arasında
"Yeni ulduz"un iştirakçısı
yoxdur?
- İlk seçim turunda "Yeni ulduz"un qalibi olan
İlhamə Qasımova
da iştirak etdi. Amma görünür, seçimi
aparan münsiflər bu sahədə superprofessionallar olub və belə məsləhət biliblər. Çox güman ki,
yaş məhdudiyyəti
də olub. Amma mən İlhaməni yaxşı tanıdığım
üçün hesab
edirəm ki, o, Azərbaycanı "Eurovision"da
layiqincə təmsil edə bilərdi.
525-ci qəzet.- 2008.-
26 yanvar.- S. 26.