Aşıq Şakir-85
Ötən əsrin iyirmi ikinci
ilində Ağsu rayonunun Xəlili kəndində dünyaya bir
oğlan uşağı gəlmişdi. Adını Şakir
qoydular. Böyüdükcə gördülər ki, aşıqlığa
meyil eləyir. Atası onu göyçaylı aşıq
Mürsələ şəyird verdi. Şakir saz
çalmağı, oxumağı öyrəndi,
aşıqlığa başladı.
Bir xatirə gecəsi yada düşür. Respublikanın
əməkdar mədəniyyət işçisi Şakir
Hacıyevin xatirəsinə həsr olunmuş tədbirdə
əvvəlcə "Şirvan şikəstəsi"
dinlənildi. Qızıl fonda daxil edilmiş lent
yazıları səsləndi. Bu anlar hamı
kövrəlmişdiE Bir qadın isə daha çox
kədərli idiE Mərhum sənətkarımızın
ömür-gün yoldaşı Aşa xala idi. O Aşa xala
ki, aşıq Şakiri Kürdəmir üçün,
əsl mənada, kəşf etmişdi. Ona ən ağır
günlərdə, ən çətin anlarda mənəvi,
maddi dayaq olmuşdu. Onun yaradıcı adama məxsus
bütün şıltaqlıqlarına dözmüş, etibarlı
həyat yoldaşından əlavə, həm də bir arxa
olmuşdu.
Bu məclisə gələn, aşıq Şakir
sənətinə öz hədsiz ehtiramlarını bildirən
sənətkarlar, qonaqlar, rayon sakinləri ilk
növbədə ona üz tuturdular. Özü də
böyük bir ehtiramla. Bir ona, bir aşıq Şakirin
kətan parça üzərində ustalıqla
çəkilmiş böyük portretinə, bir də yanda
qoyulmuş telli saza baxırdılar... Bu üçlük o
gecə çoxlarını kövrəldir, gözlərini
yaşardırdı. Axı o saz bu qadının əlləri
ilə nə qədər sığallanmış,
əzizlənmiş, nə qədər oxşanmışdırE
Ağır müharibə illəri onun üçün
də bir sınaq oldu. Bu döyüşlərdən
uğurla çıxan Şakir 1946-cı ildə ordudan
tərxis edildikdən sonra öz ölməz
aşıqlıq sənəti ilə məşğul
olmağa başladı. Az zaman içərisində öz
sənətini təkmilləşdirmiş istedadlı
aşıq "Valeh və Zərnigar", "Şah
İsmayıl", "Tahir və Zöhrə",
"Xəstə Qasım", "Abbas və
Gülgəz", "Əsli və Kərəm",
"Leyli və Məcnun", "Əmrah",
"Koroğlu" kimi dastanları bilir və gözəl ifa
edirdi. O özü "Qırx il", "Etibarlı
dost" adlı iki dastan yaratmışdı.
Aşıq Şakir "Kərəmi", "Şirvan
şikəstəsi", "Gəraylı",
"Müxəmməs", "Təcnis",
"Dilqəmi", "Sarı torpaq" kimi 64 saz havası
çalmağı bacarırdı.
Aşıq Şakir qoşma, gəraylı,
müxəmməs formasında 200-ə qədər şeir
yazmışdı. Gözəl müğənnimiz Eynulla
Cəbrayılovu Şakir çox sevərdi. Onun
məharətlə oxuduğu "Bala Nərgiz"inin
vurğunu idi. Bəlkə də bunu bildiyi üçün
həmin gün məhz o mahnını oxudu müğənni.
Özü də necəE Necə bir ürək
yanğısı, qəlb hərarəti ilə. Sonsuz
alqışlar uzun müddət kəsilmədi.
Yazıçı-jurnalist İntiqam Mehdiyevin aşıq
Şakir haqqında ürək sözləri:
- Bəzən elə olur ki, yerdən qaynayıb çıxan
şaqraq bir bulaq illər keçdikcə sısqalır,
itib-batır. Amma əslində o qurumur, kəsilmir,
sadəcə, öz yönünü dəyişir,
axıb-axıb başqa bir yerdən özünə göz
açır, nemətini yenə insanlara bəxş eləyir.
Şirvan ellərində adları dillər əzbəri olan
aşıq Şakir Hacıyevlə aşıq
Məmmədağa Babayev də beləcə bulaq təbli
sənətkarıydılarE
Aşıq Şakir gözütox, səxavətli,
qayğıkeş sənətkar olmuşdur. Jurnalist
Rəşid Fərəcovun "Xatirələr yada
düşür" yazısında oxuyuruq: "Amerikanın
Los-Anceles şəhərində səslənir Şakirin lent
yazıları. Özü də ayda iki dəfə. Hər
dəfə də veriliş aşıq Şakirin lent
yazısı ilə başlayır, onun səsi ilə
yekunlaşır". Özü də "Şirvan
şikəstəsi" iləE" Bəli, aşıq
Şakir sənəti sərhədlər aşır, bu
gözəl sənətkarın ölməz səsi
bütün dünyanı gəzir. Onu yaşatmaq, zəngin
ölməz sənətinə, irsinə qayğı
göstərmək bizim də borcumuzdur. Şair Azad
Talışoğlu demişkən:
Kürlə bağlanıbdır adı
bu yerin,
Şöhrəti ucadır, hörməti
dərin,
Nəğməkar övladı - aşıq
Şakirin,
"Şirvan şikəstəsi"
Kürdəmirdədir.
Bəli, aşıq Şakir Hacıyevdən bizə onun
ölməz sənəti, "Şirvan
şikəstəsi", bir də telli sazı yadigar qaldıE
Azərbaycan.- 2008.- 9 yanvar.- S. 6.