İsayev Ə.
Xanlarda
bağ salınıb, büst qoyulub, musiqi məktəbi onun
adını daşıyır
Düz rayonun
mərkəzində, Göygöl yolunun üstündə
yığcam, yaraşıqlı bağda bir abidə
ucalır. Başında papaq, əlinin birində saz, birini
də gözünün üstünə qoyub niskilli, nigaran
baxışlarla uzaqlara boylanır.
Bu, saz-söz sənətinin iftixarı Dədə
Şəmşirdir. Qartal nəzərləri dağların o
üzünə dikilib, gecə-gündüz canından
çox sevdiyi Kəlbəcər səmtinə baxır.
Həsrətlə, heyrətlə baxır və sanki yana-yana
xəbər alır: "Üzü bəri baxan dağlar,
mənim sizdə nəyim qaldı?"
O mərdlər məkanının nəyi qaldı ki, ulu
ustad?! Bir qəfil boran gəldi, bir namərd tufan qopdu, hər
yanı yandırıb yaxdı, hər yeri viran qoydu.
Aşığın doğma ocağı Ağdaban getdi,
qeyrət qalası Kəlbəcər getdi, nakam qızı
Çimnaz xanım şəhid oldu, əvəzsiz
xəzinəyə bənzər söz sərvəti,
zəngin arxivi külə döndü, pirə, ocağa
bənzər müqəddəs məzarı düşmən
tapdağında qaldı.
Gorun nurla dolsun, Dədə Şəmşir! Elə bil
ürəyinə damıbmış. Hər cür xain,
namərd haqqında söylədiyin sözlər güllə
kimi adamın qəlbini dəlib keçir: "Alışar
məzarım, yanar məzarımE"
Özü də bu sözləri el ağsaqqalı gör
haçan deyib? Dünyanın düz vaxtı,
Kəlbəcərin xoş əyyamında, cəh-cəlallı
çağlarında. Aşıq Şəmşir
ölməz Səməd Vurğunla olan tarixi
görüşdən sonra sanki qol-qanad açıb
uçurdu. Səsi-sorağı aləmə
yayılmış dalbadal əsərləri
çıxır, onun sazı-sözü
böyük-kiçik məclisləri bəzəyir,
bir-birindən əziz, istəkli qonaq-qara getdikcə çoxalırdı.
Şəmşir ocağı, Ağdaban kəndi əsl
şeir-sənət məbədinə çevrilmişdi.
Həzin bir xatirə yada düşür. O
çal-çağırlı illərdə Dədə
Şəmşiri ziyarət etmək səadəti mənə
də nəsib oldu. Onda Kəlbəcərin özgə
büsatı var idi.
OndaE 1975-ci ilin iyun ayında bir dəstə ziyalı
İstisuda dincəlirdi. Bir səhər yazıçı
Əli Vəliyev hamını başına yığıb
düz Ağdabana, el sənətkarının hüzuruna getdi.
Qocaman yazıçı bir zaman burada Aşıq
Şəmşir ilə Səməd Vurğunun unudulmaz
görüşlərinin canlı şahidi olmuşdu. Bu
səfalı yay günündə tarixi görüşü
qeyd eləməyə yığışmışdıq.
Yaşıllıqlar qoynunda süfrə açıldı.
Xatirələr dilə gəldi. Sazla söz bəhsə girdi.
Və bir də məclisin şirin yerində gördük
nə? Dədə Şəmşir bığını
sığallayıb ayağa qalxdı. Enli
qayışını bərkidib sazını sinəsinə
sıxdı. Yaşı səksən üçü
haqlamış qocaman aşığın təravəti
solmamış səsi sazın zümzüməsinə
qarışdı.
Sonra da Dədə Şəmşirin əli ilə
əkilmiş ağacların qoynunda cərgələnib
şəkil çəkirdik. Nə yaxşı da ki,
çəkirdik! Hərdən heyran-heyran baxıram: bu yadigar
şəkildə gəncliyin gör nə gözəl
anları yaşayır?! İndi hər baxanda vəfasız
ömrün, amansız həyatın və bir də namərd
qonşunun acı-ağrısından ürək paralanır.
Elə bir qara yel əsdi, tufan qopdu ki, ustad
aşığın yüz illik yubileyi də yada
düşmədi. Yenə də ulu öndər Heydər
Əliyev el sənətkarını yada saldı. 2003-cü
ilin iyulun 5-də əməkdar incəsənət xadimi
Şəmşir Qurban oğlu Qocayevin anadan olmasının 110
illiyinin ölkə miqyasında bayram edilməsi
üçün sərəncam imzaladı. Xanlar rayonundakı
yeddiillik uşaq musiqi məktəbinə də Aşıq
Şəmşirin adı verildi.
Bu, özünə görə təcrübəsi,
ənənəsi olan mədəniyyət ocağıdır.
1954-cü ildən fəaliyyət göstərir. Gənc
oğlan və qızların ifaçılıq
sənətinin sirlərinə yiyələnməsinə
kömək edir. Məktəbin neçə-neçə
yetirməsi ali musiqi təhsili alıb, həyatlarını
səhnəyə, sənətə bağlayıb. Muğam
festivalındakı mahir ifasına görə az qala
bütün ölkənin pərəstiş elədiyi
gənc ifaçı Elməddin İbrahimov ilk
vərdişləri Xanlar məktəbində qazanıb.
Hazırda burada 430 nəfər şagird milli musiqi sənətinin
sirlərinə yiyələnir. Kollektivin üzvləri
dəfələrlə zona və respublika
yarışlarında uğurla çıxış edib.
Di gəl ki, məktəb binasının görkəmi
müstəqil Azərbaycanın bugünkü sürətli
yüksəlişinə, abadlığına,
tərəqqisinə uyğun gəlmirdi. Sağ olsun,
Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov
binanı əsaslı təmir etdirdi, hər yanda
səliqə-səhman yaratdı, avadanlıq gətirdi.
Məktəbə bir neçə saz, tar, nağara,
kamança, qara zurna, habelə, iki ədəd fortepiano
bağışlandı. Beləcə Dədə
Şəmşirin adını daşıyan musiqi
məktəbi rayonun mədəni həyatında önəmli
yerlərdən birinə ucaldı.
Şəmşirsevərlərin əli ilə salınan
bağda aşığın abidəsinin ucaldılması da
Cavid Qurbanovun adı ilə bağlıdır.
Aşığın oğlu Qənbər Qurbanov isə
"Dədə Şəmşir yaddaşlarda" adı
gözəl bir xatirə kitabı yaradaraq oxuculara təqdim
etdi. Burada unudulmaz sənətkar, ölməz söz
sərrafı barədə görkəmli alimlərin,
şairlərin, yazıçıların, jurnalistlərin,
bir sözlə, şəmşirsevərlərin ürək
sözləri, ona həsr olunmuş şeirlər,
hekayətlər, xatirələr, məqalələr
toplanıb. Dədə Şəmşirə olan ehtiramla
bağlı daha bir ünvan: bu yerlərdə
yaraşıqlı küçələrdən biri
ölməz aşığın adını daşıyır.
Beləcə Xanlar rayonu Dədə Şəmşirin ikinci
vətəninə çevrildi. Bütün bunlar
fərəhlidir. "Xanlar həyatı" ulu öndər
Heydər Əliyevin qayğısı sayəsində el
aşığına bağışlanan ikinci ömür
kimi adama xoş gəlir. Lakin yenə dəE yenə dəE
Fikir-xəyal içində o müqəddəs yerlərə
boylanan Dədə Şəmşirin abidəsinə
baxıram. Şairin şən-şaqraq misralarında, nikbin,
coşqun sözündə-söhbətində olduğu kimi,
elə bu baxışlarda da görürəm ki, ümüd,
inam seli süzülür:
Şəmşir bir gün tərəqqiyə yetişər,
Xain çatar min zavala, gülməsin.
Hər gecənin bir sabahı, hər zülmətin bir
işığı olur. Allah Dədə Şəmşir kimi
müqəddəs insanların ruhunu darda qoymaz.
Kəlbəcərə qayıdacağımız vaxta az
qalıb. Çox az qalıb...
Azərbaycan.- 2008.- 25 yanvar.- S. 7.