Ruhaninin klipi təqdim olundu

 

Dünən saz ifaçısı Aqşin Tarıyeloğlu “Ruhani” saz havasına çəkdirdiyi klipi və eyni adlı diskinə təqdimat mərasimi keçirib.  1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Aqşin Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasının tar şöbəsini bitirdikdən sonra isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri olub. Uşaq yaşlarından saz və tar alətlərinin mahir ifaçısı kimi tanınan Aqşin o vaxtlar keçmiş Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. 17 yaşında ilk audio-kasseti işıq üzü görüb. Sonralar “Şirin dil” və “Bu dünya” adlı audio-kasset və diski, videokassetləri buraxılıb. Aqşin Tarıyeloğlu Azərbaycanda daha çox türk sazının ifaçısı kimi tanınır. O, Türkiyə, İran, Quzey Kıbrıs Türk Cümhuriyyətində, o cümlədən, Moskva, Krasnoyarsk kimi şəhərlərdə dəfələrlə Azərbaycan musiqisini təmsil edib. Tamaşaçılar onu daha çox Azərbaycanda həyata keçirilən bir sıra musiqi layihələrinin iştirakçısı kimi tanıyır. Onu da qeyd edək ki, Aqşin Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının solistidir. Aqşin daha çox milli sazda saz havalarının müasir formada ifasına üstünlük verir.

“Ruhani” saz havasına çəkdirdiyi klip Aqşinin ilk süjetli işidir. Ekran işinin rejissoru Eldar İsgəndərovdur. Aqşinin sözügedən klipi çəkdirməkdə məqsədi gənc nəslə folklor incimiz olan sazı sevdirmək, müasir gəncliyə təqdim etməkdən ibarətdir. Klipdə ifaçı qədimliklə müasirliyin sintezini verməyə çalışıb. Burada müasirlik sazın texniki vasitələrlə ifasında, klipdəki adamların saza meyli və kiçik yaşlı uşağın sazı ifa etməsi və digər məsələlərdə özünü göstərir. Təsvirlərdəki “Yallı” elementləri saz havalarının milli köklərə, qədimliyə bağlılığını göstərir. Aqşinin fikrincə dünya türklərini birləşdirən simvollardan ən önəmlisi elə sazdır. Məhz bu alət yalnız türklərə məxsusdur. Məhz bu alət heç bir xalqın nümayəndəsi tərəfindən oğurlanıb ifa edilmir. Çünki sazda ifa etmək üçün türk doğulmaq lazımdır. Bu gün saz sənətinə marağın azalması fikrində olan ifaçı 15 ildən artıqdır ki, professional səhnədədir. Hazırda o, bəstəkar Vüqar Camalzadənin rəhbərlik etdiyi qrupda çalışır.

 

Yeni Azərbaycan.- 2008.- 31 yanvar.- S. 8.