İbrahimova S.

 

"Klounluqla məşğul olan hər kəsi aktyor adlandırmaq olmaz"

 

Coşqun Rəhimov təkcə güldürmək üçün oynamadıqlarını deyir

 

Arkadi Raykin deyirdi: "Gülüş incəsənəti digər incəsənətlərlə müqayisədə daha vacibdir". O, tamaşaçıları ilə söhbət etməyi çox sevirdi. Onun səmimiyyətinin başlıca səbəbi elə ünsiyyəti idi. Aktyorun fikrincə, bu, bütün gülüş yaradan insanlara məxsus olmalıdır. Belələrindən söz düşmüşkən, Rəfael İsgəndərovla Coşqun Rəhimovu da bu sıradan hesab edirlər. İl ərzində tamaşaçıları ilə ünsiyyət quran aktyor cütlüyü bunu ənənəyə çevirib, ildə iki dəfə davam etdirmək qənaətindədir. Yeri gəlmişkən, deyək ki, "Bu şəhərdə"nin qəhrəmanları martda yenidən tamaşaçılarının görüşünə gələcək. Proqram üzərində çalışan kollektiv tamaşaçılarını daha maraqlı səhnələrlə düşündürməyə səy göstərir.

Coşqun Rəhimovun fikrincə, gərək lətifə satira incəsənətinə bir az ehtiyatla yanaşasan: "Səhnədə klounluqla məşğul olan hər kəsi aktyor adlandırmaq olmaz. O ki qaldı istedadlı gənc aktyorların səhnədə çatışmazlığı, hesab edirəm ki, bu işdə yaşlı nəsil günahkardır. Məsələn, eşitdiyimə görə, Yaşar Nuri Siyavuş Aslan kimi sənətçilər istəmirlər ki, onların sənətlərini kimsə davam etdirsin. Çox yaxşı olardı ki, onların çoxlu sayda tələbəsi olsun. Mənim onların məsləhətlərinə çox ehtiyacım var. Əgər mənim hər hansı çıxışım kiminsə xoşuna gəlmirsə, üzümə deməyini istəyirəm. Onda nəticə çıxararam, amma arxamca danışanda əhəmiyyət vermirəm. Mən Hüseynağa Atakişiyevin tələbəsiyəm. Universitetin 3-cü kursunda oxuyanda Gənclər Teatrına dəvət almışdım orada müəyyən rollarda çıxış etmişəm. Lakin komik rollar oynayanda başa düşdüm ki, bu, qədər çətindir. Çünki öz roluna qədər ciddi yanaşsan, bir o qədər gülməli alınar. Təəssüf ki, bəzi komediya artistləri sırf güldürmək üçün oynayırlar. Biz Rəfaellə gülməli yumorla yanaşı, həm sosial problemləri həll etməyə çalışırıq. İnsanları güldürməklə yanaşı, düşündürmək istəyirik. Lakin bəziləri ancaq gülürlər".

Hazırda yumorun klounlaşdığını etiraf edən aktyorun fikrincə, bu gün komediya məktəbi çox zəifdir. Aktyor əlavə edir ki, milli komediyaların təqdimatında zallar boş olur. Lakin Rus Dram Teatrında tamaşaçı anşlaqını görmək mümkündür: "Oradakı ustadlar güldürməyin yollarını bilirlər. Maraqlı tamaşalar göstərirlər. Lakin məni daha çox narahat edən milli teatrımızın taleyidir. Tamaşalara baxandan düşünürəm ki, aktyorlar güclə oynayırlar. Teatr böyük məktəbdir. Burada hər zəhmət yüksək qiymətləndirilməlidir. Vaxtilə aktyorlar teatra gəlməklə yorğunluğunu itirirdi. Lakin indi teatrdan yorğun gedirlər. Bütün qayğıları çiynində daşıyan aktyorun peşə yükü çəkisini itirə-itirə gedir. Onun ifasına baxan tamaşaçı mənəvi rahatlıq tapa bilməz. Mənə elə gəlir ki, başlıca olaraq bu problemi aradan qaldırmaq lazımdır".

Fikrinə telelayihələr barədə danışmaqla davam edən aktyor Rusiya kanallarının məhsulundan misal çəkdi. Dedi ki, həmin ölkəyə məxsus telekanalların yumoristik layihələri çoxdur. Bunlar reytinqli verilişlər hesab olunur. Lakin bizim mütəxəssislər bunun əksini yaratmaqla süniliyə doğru gedirlər: "Bu şəhərdə"nin üstün cəhətləri budur ki, biz səhnələri real hadisələrə yaxınlaşdırır, cəmiyyətin içinə düşməyə çalışırıq. Fikrimcə, aktyor həm də müşahidəçi olmalıdır. Küçədən, toydan, parkdan hansısa obrazı götürməklə yanaşı, onu eyni zamanda səhnənin dili ilə qaytarmağı bacarmalıdır. Rəfaellə mənim ideyam məşhurlaşmaq olmayıb, heç vaxt buna çalışmamışıq. Bir amalımız olub - sənəti sevmək. Çirkabları səhnəyə gətirməklə onları aktyorun dili ilə təmizləməyə çalışırıq. Məncə, aktyorun məharəti də elə bundadır. Yoxsa sözü çirkablaşdırıb, insanların gülüşünü süniləşdirmək elə aktyorun özünün süniliyi deməkdir".

Amma bu o demək deyil ki, "Bu şəhərdə"nin bütün səhnələri birmənalı qarşılanır. Dəfələrlə aktyorların bir çox səhnələri geniş müzakirəyə çevrilib. Coşqun Rəhimovun etirafına görə, onlar yeddi il öncə "Bu şəhərdə"ni yaradarkən göbək rəqsinə, yataq səhnəsinə görə çox qorxurdular: "Qorxurduq ona görə ki, tamaşaçı bizi düzgün başa düşməz. Düzdür, müəyyən fikirlər səsləndi, lakin biz ifası ifrat yaradan bəzi insanların mənfi xüsusiyyətlərini qabarda bildik. Əslində, iki aktyorun teatr idarə etməsi çox çətin məsələdir. Bütöv bir proqram iki aktyorun öhdəsinə düşüb. Tamaşaçının gözünün yorulmaması, beyninin düşünməsi üçün biz dayanmadan roldan-rola girməyi bacarmalıyıq. Sizə bir misal çəkim, şəhərimizə Rusiyadan tez-tez aktyorlar gəlirlər. Onların yeganə məqsədinin pul qazanmaq olduğu heç kimə sirr deyil. Çıxışlarına baxırıq, hətta geyimləri belə səhnəni tamamlamır. Biz qastrola gedəndə ən xırda aksesuarlarımıza qədər götürürük - darağımızdan tutmuş corabımıza qədər. İşimizə məsuliyyətlə yanaşdığımız üçün bundan tamaşaçıya da pay düşür".

 

Kaspi.- 2008.- 12-14 yanvar.- S. 20.