Məhərrəmova T.

 

Antik dövrün əsl mənzərəsi

 

Lənkəran Dövlət Dram Teatrı "Şah Edip"i təqdim etdi

 

Srağagün Teatr Xadimləri İttifaqının tamaşa salonunda Lənkəran Dövlət Dram Teatrının kollektivi Sofoklun "Şah Edip" faciəsi əsasında hazırladığı eyniadlı tamaşanı təqdim etdi.

Tamaşadan öncə Xalq artisti Nurəddin Mehdixanlı bu tamaşanın Mədəniyyət və Turizm Nazirliyinin rayon teatrlarının Bakıya qastrol səfəri çərçivəsində təqdim olunduğunu publikanın diqqətinə çatdırdı. 35 ildir fəaliyyət göstərən teatrın yubiley ilində öz tamaşaları ilə qastrola çıxmasını təqdirəlayiq hadisə adlandıran N.Mehdixanlı tamaşaçıların diqqətini qısaca da olsa teatrın tarixinə yönəltdi: "1973-cü ildə İncəsənət İnstitutunun bir neçə məzunu Bakı teatrlarında işləməyə imkanları olduğu halda Məbud İsmayılzadənin rəhbərliyi ilə Lənkərana gedərək bu teatrı yaratdılar. O zamanın gənc aktyorları hazırda müdrik insanlardır. İndi sizin qarşınızda Lənkəran Teatrına sadiq olan aktyorlar çıxış edəcək".

N.Mehdixanlı həmçinin teatrda aparılan əsaslı təmirdən və yeni rəhbərliyin təyinatından sonra sənət ocağında yaxşı mənada canlanma yarandığını da bildirdi: "Teatrın texniki təmiri hər şeyi həll etmir, yalnız yaradıcılıq atmosferində təmir olanda yaxşı uğurlardan danışmağa dəyər".

Teatrın direktoru İslam Həsənov da teatrın nailiyyətlərinin kollektivin əməyi sayəsində əldə olunduğunu söylədi.

Teatrların o qədər də ürəkaçmayan durumunda, daha doğrusu, təmirə dayandıqları üçün bir çox kollektivin çoxdan hazırladığı tamaşaları göstərməyə səhnə tapmadıqları bir zamanda Lənkəran Dram Teatrının ərsəyə gətirdiyi "Şah Edip" tamaşası ən azı bayram kimi qeyd olunmalıdır. Heç şübhəsiz, tamaşanı seyr edən hər bir kəs kollektivin gərgin zəhməti ilə istedadının vəhdətindən doğan bir səhnə əsəri haqqında istər-istəməz belə düşündü.

İndi isə hadisələrin cərəyan elədiyi Teatr Xadimləri İttifaqının tamaşa salonuna, qədim yunan dramaturqu Sofoklun - antik faciənin ən böyük nümayəndəsinin "Şah Edip" əsəri əsasında hazırlanan eyniadlı tamaşaya qayıdaq.

 

Kaspi.- 2008.- 30 yanvar.- S. 16.