Tofiq Kazımova həsr olunmuş monoqrafiya hazırlanır

 

Azərbaycanın xalq artisti, görkəmli rejissor Tofiq Kazımovun həyat və yaradıcılığına həsr olunmuş monoqrafiya hazırlanır. Bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm nazirinin Ədalət Vəliyev bildirib. Onun sözlərinə görə, teatrşünas Məryəm Əlizadənin hazırladığı monoqrafiyada T.Kazımovun uzun illər ərzində Azərbaycan teatrında gördüyü işlərdən bəhs edilib. M.Əlizadənin monoqrafiyanın üzərində uzun illərdən bəri çalışdığını bildirən nazir müavini nəşrin yaxın vaxtlarda təqdim olunacağını söyləyib. Bununla yanaşı, Tofiq Kazımovun 85 illiyi münasibəti ilə Teatr Muzeyində sərginin təşkili planlaşdırılıb.

Dünən görkəmli rejissorun anadan olmasının 85 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib. Rejissorun Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev T.Kazımovun Azərbaycan teatrındakı danılmaz xidmətlərindən söz açıb. Onun sözlərinə görə, yeni aktyor nəslinin yetişməsi, dünya dramaturgiyasından seçmə nümunələrin Azərbaycanda səhnələşdirilməsi, gənclərin ali məktəb auditoriyasından birbaşa böyük səhnəyə gəlməsi, keçmiş SSRİ miqyasında uğurlu tamaşaların hazırlanması məhz T.Kazımovun adı ilə bağlıdır: "Tofiq Kazımov uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik edib.

Onun quruluş verdiyi tamaşalar bu gün də Azərbaycan teatr salnaməsinin ən yaddaqalan hadisələridir". Anım mərasimində xalq artistləri Nurəddin Mehdixanlı, İlham Namiq Kamal və başqaları da çıxış ediblər.

Axşam isə Azərbaycan Dövlət Akademik Milll Dram Teatrında 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Gecənin sonunda Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin tamaşası nümayiş olunub.

 

Səs.- 2008.- 15 yanvar.- S. 16.