Bəşirqızı Z.

 

20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans

 

Zaqatalanın “Qala düzü” istirahət mərkəzində Rayon İcra Hakimiyyəti və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 18-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə əklil və gül-çiçək düzmüşlər.
Sonra dövlət himni səsləndirilmiş və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Qarabağ müharibəsi və 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Elmi-praktik konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun “20 Yanvar faciəsi və Xocalı soyqırımı”, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Qafar Əliyevin “20 Yanvar faciəsinin ibrət dərsləri”, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin “20 Yanvar faciəsi və Azərbaycanda ictimai-siyasi durum”, professor Vaqif Arzumanlının “20 Yanvar — Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixidir” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə həmçinin Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin Türkdilli dövlətlər və xalqlarla əlaqələr departamentinin sədri Şəmistan Əlizamanlı və Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin mədəniyyət departamentinin poeziya şöbəsinin müdiri, respublikanın əməkdar artisti Ağalar Bayramov Qanlı Yanvar faciəsinə həsr olunmuş bədii parçalar və mahnılar ifa etmişlər.
Daha sonra rayon məktəbliləri bədii kompozisiya nümayiş etdirmiş, xanəndələrin ifasında “Segah” və “Qarabağ şikəstəsi” səsləndirilmişdir.
Tədbir “Koroğlu” uvertürası ilə başa çatmışdır.

 

Xalq qəzeti.- 2008.- 22 yanvar.- S. 6.