Nizamiqızı H.

 

60 yaşın "ağır"lığı

 

Və ya aktyorun Şeyx Nəsrullah həsrəti

 

Ömrünün 40 ilindən çoxunu Azərbaycan teatrının inkişafına sərf edən və koloritli obrazları ilə özünəməxsus aktyor imici formalaşdıran sənətkarlarımızdan biri də əməkdar artist Telman Əliyevdir. Teatr tənqidçilərinin aktyorun ifa tərzi və obrazlar qalereyasına verdiyi rəylərdə də məhz bu keyfiyyət - özünəməxsusluq önə çəkilir.

Teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin təbirincə desək, "xarakterik komediya obrazlarını böyük məharət və yaradıcı ehtirasla oynayır. Klassik peşəkar teatrımızın komediya qolunun estetik prinsiplərindən və xalq tamaşalarının poetika səciyyələrindən ustalıqla istifadə edir. Aydın və koloritli diksiyasını, texniki aktyorluq vasitələrini, ifadəli tapıntılarını oynadığı obrazların xarakterinin daha dərindən açılması istiqamətində səfərbər etməkdə səriştəlidir".

Məncə, səhnədə öz sözünü deməyə müvəffəq olmuş aktyor janr və ampluadan asılı olmayaraq, istənilən obrazdan çıxış etməyi bacarmalıdır. Bu onun peşəkarlıq, duyarlılıq, fərdi yaradıcılıq, yanaşma tərzinin təzahürü olmaqla özünü isbata status verir. Mübağiləsiz demək olar ki, Telman Əliyev bu sənət statusunu qazanıb. Ən azından profilləşmiş teatrlarda rollarda ifasına görə...

Aktyorun yaradıcılıq tərcümeyi-halında teatrların sıralaması maraqlıdır: Gəncə Dövlət Dram, "Nizami" Poeziya, Bakı Bələdiyyə, Musiqili Komediya Akademik Milli Dram teatrla...

Bu teatrların hər birində göstərdiyi səmərəli fəaliyyəti zəngin yaradıcılıq bacarığı ilə səciyyələnən obrazları ilə tamaşaçıların yaddaşında iz qoyan aktyor ömürlüyü...

28 il Gəncə Dövlət Dram Teatrında çalışan aktyor bu müddət ərzində 50-dən artıq rola səhnə həyatı verib. Tamaşaçılar onun ifasında "Solğun çiçəklər"in Bəhramını, "Yaşar"da Sədri, Vaqif Şeyx Alını, Üçatılan”da Kərəmi, "Unuda bilmirəm" Cəmili, "O olmasın, bu olsun"da Məşədi İbadı sevə-sevə izləyiblər.

Bu teatrda özünü həm rejissor kimi sınayan Telman Əliyev bir neçə tamaşaya quruluş da verib. Sonradan taleyini Gəncədəki "Nizami" Poeziya Teatrı ilə bağlayan aktyor bədii rəhbər kimi səmərəli fəaliyyət göstərmişdir.

Telman Əliyevin əmək kitabçasında Musiqili Komediya Teatrının da adı var. Burada çalışdığı qısa vaxt ərzin komik ampluada yaratdığı obrazlar ona uğur qazandırdı. İsi Məlikzadənin "Hərənin öz ulduzu" tamaşasındakı Kar Kələntər obrazı ilə tamaşaçıların yaddaşında iz qoymağı bacaran aktyor sonradan Bakı Bələdiyyə Teatrında çalışmağa başladı. Bu teatrda psixoloji-dramatik rollarda çıxış edən Telman Əliyev aktyorun potensial imkanları sayəsində istənilən rolun öhdəsindən gəlmək iqtidarında olduğunu isbatladı.

Məhz bu zəngin ifaçılıq bacarığı potensial imkanla sayəsində mərhum sənəkarımız, xalq artisti Həsənağa Turabovun diqqətini cəlb edən aktyor Akademik Milli Dram Teatrına dəvət olunur. O gündən bu teatrda bir sıra maraqlı rollara səhnə həyatı verən aktyor yaratdığı obrazları ömür ağacının bir yarpağı, taleyinin bir səhifəsi kimi dəyərləndirdi. 40 illik sənət ömründə 100-dən çox obraza səhnə həyatı verdiyini deyən sənətkar hes vaxt həvəsdən düşmədiyini, hər bir rolu bir başlanğıc kimi xarakterizə etdiyini dedi: "Rolun böyüyü-kiçiyi yoxdur. Sadəcə aktyor öz mövqeyindən çıxıb rola ustalıqla nüfuz etməyi bacarmalıdır".

İndiyədək heç bir roldan imtina etmədiyini söyləyən aktyor onu da bildirdi ki, hansısa roldan imtina etmək sənətini sevən aktyora xələl gətirir. Telman müəllim bu mənada aktyoru ağırlıq qaldıran idmançıya bənzətdi: "Bu tandemdə rejissor məşqçi, aktyor isə idmançıdır. Tab gətirə bilməyəcəyi çəkini qaldıran idmançının uğursuzluğa düçar olması həm də məşqçinin faciəsidir. Bu mənada aktyor-rejissor münasibətlərində də eyniyyət var. Deyək ki, potensial imkanları həvalə olunduğu rolları üst-üstə düşməyən aktyor sonda pis vəziyyətə düşür, tamaşaçının və teatr ictimaiyyətinin tənqid hədəfinə çevrilir. Eləcə rejissor... Ona görə istənilən peşəkar rejissor aktyorun nəyə qadir olduğunu müəyyən etməyi bacarmalıdır. Bu onun ən ümdə vəzifəsidir".

Teatr sahəsində çalışdığı uzun illər ərzində saysız hesabsız komik, dramatik, psixoloji rollar oynayan aktyorun rol arzusu da var. Klassik əsərlərdə oynamağı arzuladığını deyən aktyor Şeyx Nəsrullah arzusu ilə yaşayır: "Mirzə Cəlilin "Ölülər" əsərində Şeyx Əhmədi oynasam da içimdəki Şeyx Nəsrullah yanğısını söndürə bilmirəm. Mən teatrlarımızda ədalətsizlik kimi qəbul etdiyim bir problem var. Ənənəvi olaraq bir rol ştamp kimi bir aktyora verilir. O da boyun borcu kimi o rolu yaxşı-pis oynayır. Bəzən roluna görə fəxri ad, mükafatla təltif olunan layiqsiz aktyor nümunəyə çevrilir, şan-şöhrət qazanır. O biri istedalı aktyor da qalır içində yana-yana. İllər keçdikdən sonra da sənətdə haqçızlıqla üzləşən aktyora sən etmisən?" sualını verirlər. Əslində burada qeyri-adi heç yoxdur. Çünki bu ümumilikdə teatrın bəlası, aktyorun taleyidir, buna da dözməliyik. Amma bütün bunlara baxmayaraq, özünü ruhən mənən səhnədə görən aktyor mütləq uğur qazanacaq".

Həyatının 3 böyük şəhərlə - Şuşa, Gəncə Bakı ilə bağlılığından bu bağlılığın onun taleyinin dönüş nöqtəsi olmasından söz açan aktyor sabaha bəslədiyi tükənməz ümidlərindən, bitib-tükənməyən arzularından danışdı. "Ömrün 60- ilini yola saldım. Taleyin mənə bəxş etdiklərini qəbul edib həyat eşqi ilə yaşaya-yaşaya... Bir aktyor insan kimi həyat mənə istədiklərimi müəyyən qisim olsa verib. Taleyimdən narazı deyiləm" – deyən aktyor yüksək" fəxri ada - xalq artisti tituluna layiq görüləcəyi günün yetişəcəyinə inanır. Ömrünün çoxunu məbəd hesab etdiyi teatra həsr edib, əvəzində saysız-hesabsız tamaşaçının alqışını qazanan bir aktyor kimi buna haqqı da var.

 

Mədəniyyət.- 2008.- 18 yanvar.- S. 2.