Təranə

 

"Aktyor olmasaydım, cəmiyyətdə qəbul olunmazdım"

 

Sərdar Rüstəmov: "Mən hadisələri insanların görə bilmədiyi səpkidə görürəm"

 

Bu gün həyatını Azərbaycan kinosuna və teatrına həsr edən gənclər özlərindən əvvəl - yəni 70-80-ci, hətta 90-cı illərin gənclərini çox xoşbəxt sayırlar. Onlar bu fikirdədirlər ki, indiki dövrdə yalnız içindəki başqa arzularını məhv edən adamlar incəsənətdə qala bilər. Həqiqətən onlar aktyorluq sənəti xatirinə qəlblərindəki bir çox arzuları, fikirləri ləğv ediblər.
Teatr tamaşalarına müntəzəm gedənlər səhnədə istedadlı gənclərin olduğunu görüb "bacarıqlı gənclər çoxdur, ancaq onlardan yaxşı istifadə olunmur" - deyə təəssüflərini gizlətmirlər. Diqqətli tamaşaçı "elə baş rollar həmişə eyni aktyorlara verilir" sözlərini də tez-tez təkrarlayır. Hətta bəzi aktyorlarda belə bir iddia da yaranıb ki, epizodik rolların öz aktyoru var. Onların bu iddialarına güvən verən reyissorları, teatrların bədii rəhbərlərini qınayanlar çoxdur. Əslində, haqlı qınaqlardır. Axı bu gün bütün teatrlarda istedadlı gənclər var, ancaq alınlarına yazılıbmış kimi onlar yalnız kütləvi səhnələrdə və epizodik rollarda çıxırlar. Məsələn, elə "Azdrama"nın əksər tamaşalarında bu fikrin şahidi olursan. Bu gənclərin arasında Afət də, Natəvan da, Aydın da, Hamlet də tapmaq olar. Sadəcə, teatr rəhbərliyinin və reyissorların görüb istəməsi lazımdır. Yalnız bu yolla onlara qapı açılar.
Akademik Milli Dram Teatrın gənc aktyoru Sərdar Rüstəmovun oynuna baxanda onun istedadına şübhə ilə yanaşmaq olmur. Aldığı rollarla Tanrısına şükranlıq etsə də, təəssüf ki, gənclərin bu ümumi problemi ondan da yan ötməyib.


Uğurlu qapı

- Tələbə auditoriyasından boylananda çoxlarına əlçatmaz görünən "Azdrama"ya necə yol tapdınız? İstedadınızla bərabər bəxtiniz də köməyiniz oldu, yoxsa arxanız vardı?
- İkinci kursda oxuyanda rəhmətlik Həsən Turabov bizim məşqimizə baxandan sonra bir gün auditoriyaya
daxil olaraq mənə və bir tələbə yoldaşıma: "Gəlib ərizənizi yazarsınız, sizi "Azdrama"ya işə götürəcəm" - dedi. Sözün düzü, çox təəccübləndim, çünki həmişə "Azdrama"ya əlçatmaz bir yer kimi baxmışdım. Həsən Turabov kimi bir şəxsiyyətin ikinci kurs tələbəsini Akademik Milli Dram Teatra işə dəvət etməsinə isə inana bilməzdim. Tənəffüsdə bütün uşaqlar bizə yaxınlaşaraq təbrik etməyə başladılar. Bundan sonra başa düşdüm ki, bizi "Azdrama"ya işə dəvət ediblər. Səhəri gün gəlib ərizəmizi yazdıq və işə qəbul olunduq. O vaxt Vaqif İbrahimoğlu teatrda "Lənkəran xanının vəziri" tamaşasını səhnələşdirirdi. İlk rolum da həmin tamaşada oldu. Sonra yavaş-yavaş müxtəlif tamaşalarda oynamağa başladım, kütləvi səhnələrdə çıxdım.
- Bu gün teatrda özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, gənclər üçün yaradıcı atmosfer necədir? İşləməyə stimul varmı?
- Teatrda özümü axtarışda olan gənc kimi hiss edirəm. Repertuarın 70 faizində rollarım var. Keçən il bir çox tamaşada rol aldım. Mərahim Fərzəlibəyovun "İmzanın hökmü" tamaşasında Tahir obrazı, Samir Qulamovun hazırladığı "Kvazimoda" faciəsində Təlxək rollarını oynadım. Təlxək obrazı sanki əsərdə baş verən hadisələrin ssenari müəllifidir. Onun içində iblis yaşayır. Bu obraz mənim səhnədə hər anın məsuliyyətini dərk eləməyimə böyük kömək oldu. Mən səhnənin necə çətin olduğunu bir daha başa düşdüm. Əvvəl mənə elə gəlirdi ki, əgər aktyor bacarmırsa, səhnədən getməlidir. İndi isə fikirləşirəm ki, aktyor öz üzərində işləməli, içində olan qabiliyyətləri üzə çıxarmalıdır. Xüsusən Samir Qulamovla işləyən zaman bu məsuliyyəti hiss edirsən. O, çox tələbkar reyissordur. Onun quruluş verdiyi "Kvazimoda" çox yaxşı qarşılandı. Mən bunu zalda oturanların alqışlarından hiss elədim. Bu alqışlar aktyorda özünəinam hissi yaradır. Samirin başqa planları da var. O, filmlər də çəkmək istəyir və yəqin ki, həmin filmlərə dəvət olunacağam. Bu iki tamaşadan sonra sanki qarşımda qapı açıldı. "Lider" televiziyasında dublyaya dəvət aldım. O vaxta qədər "Halal" studiyasının dublyayında iştirak edirdim. Həmçinin İctimai Televiziyada çəkilən "Nura doğru" filmində Yunis İmrə rolunu oynadım. Daha sonra Əbülqasım Nəbati haqqında çəkilən verilişdə onun şeirlərini səsləndirdim. Mən bunu özüm üçün uğurlu bir qapı hesab edirəm. Çünki bu, məsuliyyətli bir rol idi. Bundan sonra məni mütəmadi olaraq həmin televiziyadakı verilişlərə dəvət edirlər. Daha sonra "Mövlana Cəlaləddin Rumi haqqında çəkilən verilişdə Mövlanənin yazdığı bütün şeirləri kadrarxası oxudum. Eyni zamanda, Səməd bəy Mehmandarov haqqında hazırlanan verilişdə diktor mətnlərini ifa elədim. Qasım bəy Zakir haqqında çəkilən verilişdə şairin rolunu oynadım və şeirlərini səsləndirdim. İctimai kanal eyni zamanda, mütəfəkkir şair Əfzələddin Xaqani mövzusuna müraciət elədi. Mən həm Xəqani obrazını oynadım, həm də qəzəllərini səsləndirdim. Eyni zamanda, bir neçə televiziya tamaşasında çəkilmişəm.
- Onda belə çıxır ki, bir çox aktyordan fərqli olaraq öz aktyor potensialınızı xərcləmək üçün kifayət qədər işiniz var.
- Demək olar ki, belədir. İş çoxdur, sadəcə, bu gün yaxşı maddi qazanc yoxdur. Biz Türkiyədə və ya Rusiyada çalışan aktyorların gəlirlərinin heç 20 faizi qədər qazanmırıq.
- Televiziyada oynadığınız obrazlar səhnədə oynaya bilmədiyiniz obrazları qismən də olsa əvəz edə bilirmi?
- Aktyor həm kameraya öyrəşməli, həm də mikrofonu duymalıdır. Mən bunları məktəb adlandırıram. Ona görə məktəbdir ki, sənətdə daha böyük addımları atanda büdrəməyim, yıxılmayım.


Nə şairəm, nə yazıçı

- Bir neçə il bundan əvvəl "kinoda gənc aktyorlardan istifadə olunmur" - deyə şikayətlənirdiniz. Bu gün necə, vəziyyət qismən də olsa dəyişibmi?
- Mən keçən il Rövşən Almuradlının quruluşçu reyissor olduğu "Cavad xan" filmində çəkildim. Hazırda filmin montay işləri gedir. Səhnə hər şeydən əvvəl məktəbdir. Biz səhnədə əlifbanı öyrənirik və hər gün o əlifbanı təzələməliyik. Bircə gün təkrar eləməsək, hər şeyi yaddan çıxara bilərik. Səhnədə aktyorun qarşısında hər gün yeni bir səhifə açılır. Mən teatra bircə gün gəlməsəm, o səhifəni özümdə qaranlıq saxlaya bilərəm. Kamera qarşısında isə aktyor özünü tamamilə sərbəst hiss edir. Mən yeganə aktyorlardanam ki, kinoda kadrda bir dubla çəkilmişəm. Kino teatrdan fərqli olaraq kompleksi sevmir. Kinoda şişirdilmiş oyun olmamalıdır. Teatrda isə biz bunu bilə-bilə şişirdilmiş formada təqdim edirik. Tamaşaçı da bunu belə qəbul edir.
- "Cavad xan" filmindəki rolunuz kinoda ilk işiniz idi?
- Bu, kinoda üçüncü rolum idi. O ki qaldı televiziya seriallarına, onları kino hesab etmirəm. Çünki müəyyən dövrdə pul, tanınmaq xatirinə belə dəvətləri qəbul edirdim. Kinoda ilk rolum Ramiz Həsənoğlunun "Cavid ömrü" filmində Həsən Paşa rolu olub. Elxan Qasımovun çəkdiyi "Biz qayıdacağıq" filmində isə Rus zabiti rolunu oynamışam. "Cavad xan" filmində oynadığım obrazla birlikdə bütün bunları iş hesab edirəm. Kinoda mənim üçün rolun balacası, böyüyü ola bilməz. Bunlar istər-istəməz kinonun arxivində gələcək nəsillərə yadigar qalacaq.
- Dediniz ki, müəyyən dövrdə tanınmaq xatirinə dəvətləri qəbul edirdiniz. Deyəsən, bu gün buna ehtiyacınız yoxdur?
- Mən o zaman Elçin İsgəndərlinin "Yanmış körpülər" filmində çəkilmişdim. O bizdən gənc qüvvə kimi istifadə edirdi. Yeri gələndə pul da vermirdi. Bu gün isə mənim buna ehtiyacım yoxdur. Dəvət alan kimi ilk növbədə "nə qədər verəcəksiniz" - deyə maraqlanıram. Çünki yaş o yaş deyil. Bu gün mənim üçün qazanc da maraqlıdır. Hamı kimi əməyim müqabilində qazandığım pulla şəxsi problemlərimi həll eləməliyəm. Bu gün kiminsə layihəsində pulsuz işləmək fikrim yoxdur. Demirəm ki, mənə mütləq filan məbləğ ödənməlidir. Hər kəsin öz roluna uyğun məbləğ var. Mən bu gün öz sənətimdən çox razıyam. Əgər razı olmasaydım, bu sənətə gəlməzdim. Özümü başqa bir sənətdə təsəvvür edə bilmirəm. Düzdür, məndə şairlik qabiliyyəti var, gözəl şeirlər yazıram. Eyni zamanda, publisist qələmim var. Mən onları istədiyim vaxt kağıza köçürürəm. Az-çox hekayələrim də var. Gələcəkdə Əfzələddin Xaqani haqda roman yazmaq fikrim var. Qismət olsa, onu kinossenari kimi təqdim edəcəyəm. Bununla belə hesab edirəm ki, əgər aktyor olmasaydım, cəmiyyətdə qəbul olunmazdım, deyərdilər ki, xəstədir. Çünki aktyorun ruhu çox geniş olur və ruhundakı eneryini istədiyi zaman səhnəyə köçürə bilir. İnanmıram ki, bu qədər eneryini hansısa başqa bir sənətlə ifadə etmək mümkün olsun.
- Yazdığınız hekayələri, şeirləri sandıq ədəbiyyatı kimi saxlayırsınız, yoxsa üzə çıxarırsınız? Bəlkə xərclənməyən potensialınızı həm də bu yolla sərf edirsiniz?
- Belə demək mümkündür. Çünki mən heç zaman boş qala bilmərəm, mütləq yaradıcılıqla məşğul olmalıyam. Mən yaratdığım obrazları həyatla müqayisə edirəm. Stanislavki də rollarını həyatdan götürürdü. Hisslər həyatdan gəlməlidir. Mənim qəhrəmanım müəyyən qədər sadəlövh, öz səmimiyyətinin qurbanı, həyatda çoxlarının duya bilmədiklərini şüuraltı hiss edən bir adamdır.
- Qəhrəmanlarınızla öz aranızda hansısa oxşarlıq varmı?
- Var... onu hiss etməsəm yaza bilmərəm.
- Bəs şeirləriniz hansı hisslərin məhsuludur?
- Şeirlərimdə mübariz ruh var. Bilmirəm, bəlkə də bu mübarizlik dünyanın özünə, insana, ömrün faniliyinə, hər şeyin keçici olduğuna qarşıdır. Ancaq hələlik özümü nə şair, nə də yazıçı hesab edirəm.
- Bir dəfə müsahibənizdə "mən mistik təfəkkür sahibiyəm" demişdiniz. O vaxtdan düşüncələrinizdə hansısa bir dəyişiklik yaranıbmı?
- Hər kəs gördüyü hadisəyə müəyyən qavrayış tərzi ilə yanaşır. Mənsə həyatdakı hadisələri insanların görə bilmədiyi səpkidə görürəm. Hadisələri təsəvvürümə gətirərək "bunun teatr, kino və ya televiziya variantını belə qurmaq olardı" - deyə düşünürəm. Elə ideyalarım var ki, onları gerçəkləşdirmək olsa, böyük işlər görmək olar. Bu təfəkkür məndən asılı deyil. Mən bundan səhnədə də istifadə etmək istərdim. Ancaq görürəm ki, bu mistik oyun bəlkə də nə vaxtsa mənim rollarımda olacaq. Hələlik bu gün qarşımda başqa planlar açılır. Yazılarıma gəlincə, onlar mənə gəlirsə, metroda da olsa yazmalıyam. Və ya telefonun yaddaşına yazıb, sonra vərəqə köçürürəm. Yoxsa onları ikinci dəfə yaza bilmirəm.
- Bu yaradıcılığınızın səhnə fəaliyyətinizə hər hansı təsiri varmı?
- Təbii ki, əsl aktyor çoxlu mütaliə etməlidir. Bu da bədii düşünmə qabiliyyəti olan insanda öz izlərini buraxır. Həmin adam istər-istəməz yazıb-yaratmalıdır. Çoxlarının yazmadığı, görmədiyi şeyləri üzə çıxarıb cəmiyyətə göstərməlidir. Aktyor həm də yazmalıdır. Çox böyük aktyorlar olub ki, onlar həm də gözəl dramaturq kimi fəaliyyət göstəriblər.

Aktyorluğun zəif cəhəti

- Bu gün çalışdığınız səhnə sənətə gəlməmişdən öncə öz aləminizdə qurduğunuz xəyallara tamamən uyğundurmu?

- Sözün düzü, o vaxt mən komik aktyor olmaq istəyirdim. Tale elə gətirdi ki, mən özümü daha çox dramatik səpkili rollar aktyoru kimi göstərə bildim. Bəlkə gələcəkdə komik aktyor oldum. Bəlkə hələ axtarış dövrüdür. Hər şeyi Allah bilir.
- Deyirlər ki, aktyorlar oynadıqları rola təbiətlərindən nəsə əlavə edirlər. Bu baxımdan təbiətinizdə komizim hiss edirsinizmi?
- Deyərdim ki, var... Məsələn, "Vaqif" pyesində Təlxək rolunu oynayanda hər kəlməm zalda gülüş yaradırdı. Görünür ki, tamaşaçıya təsir edirdi. Əgər aktyor özünü duyursa, o, istədiyi zaman komediya da oynaya bilər, faciə də. Yanrdan çox şey asılıdır. Aktyora elə bir rol verilə bilər ki, onu komik səpkidə oynamaq ən azı gülüş yarada bilər və ya elə bir rol verilə bilər ki, ona dramatiklik gətirmək düzgün deyil.
- Bəs tamaşaçı auditoriyası necə, ruhunuza uyğundur?
- Auditoriya məsələsi çox qəlizdir. Auditoriyaya heç vaxt aldanmaq olmaz. Auditoriya bizim düşündüyümüzdən qat-qat savadlıdır. Tutaq ki, mən səhnədə olarkən daimi olaraq "xaltura" eləmək istəyirəm. Ancaq görürəm ki, dərhal hiss olunur. Doğrudan da təsir əks təsirə bərabərdir. Zal sənə inanır və qəbul edirsə, onun inamını doğrultmalısan. Vay o gündən ki, aktyora antipatiya ola. Onda o özünü səhnədə öldürsə də, xeyri yoxdur. Aktyorluq çox həssas sənətdir. Həssas aktyorlar üçün ikiqat həssas sənətdir. Mən tamaşaçını səhnədə aldada bilmərəm. Lap sözsüz rol olsa belə, içimdən mənasız bir fikri keçirməyi bacarmaram. Çünki bu, səhnədir, həyat deyil. Səhnədə hər şey çılpaq görünür.
- Deyə bilərsinizmi, aktyor sənətinin gücü nədədir?
- Şillerin gözəl bir sözü var: "Əsl aktyor gərək dövrünün müasirliyinin sirrini kəşf eləsin". Əgər aktyor müasir tamaşaçını inandıra, onu öz idealının arxasınca apara bilsə, o, doğrudan da baxımlı, tamaşaçının qəbul etdiyi aktyordur.
- Sizcə öz dövrünün sirrini açmaq daha çox aktyordan asılıdır, yoxsa reyissordan?
- Aktyorluğun ən zəif cəhəti onun reyissordan asılı olmasıdır. Əgər reyissor onu layiq olduğu rola çəkəcəksə, aktyor istədiyi fikirləri tamaşaçıya deyə biləcək. Əgər aktyora o rol verilməsə, mənə elə gəlir ki, o, Allah qarşısında günahkardır. Elə reyissorlar var ki, onlar kimdənsə qisas almaq istəyirlər. Yəni aktyora layiq olduğu qiyməti vermirlər.
- Reyissor kimi tamaşa səhnələşdirmək fikriniz yoxdur ki?
- Belə bir fikrim yoxdur. Ancaq kino çəkmək gələcəyin layihəsidir. Ola bilər ki, mozalansayağı xırda həcmli filmlər çəkim. Yaxın gələcəkdə bu fikrim gerçəkləşsə, belə filmlər çəkəcəyəm. Sırf istədiyim kinonu çəkməyə isə hələ çox var. Bəzən özümdən asılı olmayaraq beynimə qəribə fikirlər gəlir, ya da yuxuda görürəm: mənə elə gəlir ki, onları çəkəcəyəm.
- Bəs bu fikirləri gerçəkləşdirməyə mane olan nədir, maliyyə?
- Tək maliyyə deyil, həm də həmin materialları toplayıb ərsəyə gətirməliyəm. Mən hələ balansımı genişləndirirəm. Yəqin ki, maliyyə məsələsi o zamana qədər həll olunar.

 

Kaspi.- 2008.- 12-14 yanvar.- S. 22-23.