"Aydın" Bakı Kamera Teatrının səhnəsində

Cənnət Səlimova: "Pyesin tərbiyəvi əhəmiyyəti çox böyükdür"

 

Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan
Cəfər Cabbarlının yaradıcılığında "Aydın", "Oqtay Eloğlu", "Od gəlini" xüsusi yer tutur.
Cəmi 35 il ömür sürmüş Cəfər Cabbarlı az bir vaxtda ölməz əsərlər yarada bildi. Ümumiyyətlə, onun əsərlərində həyat hadisələrinin özünəməxsus bədiiləşdirilməsi, teatrallıq səviyyəsində ifadəsi, bədii əsərdə konflikt yaratmaq ustalığı xüsusi nəzərə çarpır.
Bu yaxınlarda Bakı Kamera Teatrının səhnəsində premyerası olan Cəfər Cabbarlının ölməz "Aydın"ı ümumən Azərbaycan teatrının tarixində pyesə tamamilə fərqli baxışdır.
İndiyə kimi Cəfər Cabbarlının əsərləri, o cümlədən "Aydın"ı dəfələrlə səhnələşdirilib. Əsərin səhnə həyatı tapdığı Akademik Milli Dram Teatrında tamaşasına, səhv etmirəmsə, 2000-ci ilin axırlarında baxmışam. O zaman "Aydın"ı mərhum aktyor, xalq artisti Mikayıl Mirzə səhnələşdirmişdi. Baş rolları isə xalq artistləri Hurəddin Mehdixanlı (Aydın), Məleykə Əsədova (Gültəkin) oynayırdılar.
Şübhəsiz ki, hər bir teatrın bu ya digər əsərə səhnə həyatı verməsi mütləq fərqli olmalıdır. Özünəməxsusluq hər yerdə gərəklidir
; incəsənət sahəsində bu, xüsusilə qaçılmazdır. Dünyada çoxlu "Leyli-Məcnun"lar yazılıb, amma arif oxucu bilir ki, Hizaminin Məcnunu məhz Hizaminindir, eləcə Füzulinin Məcnunu məhz Füzulinindir.
Akademik Milli Dram Teatrının səhnəsindəki "Aydın" özünün pafosu ilə daha çox yadda qalandırsa, Kamera Teatrının "Aydın"ı hadisələrə mümkün qədər gerçəkliyin gözü ilə baxır; Mikayıl Mirzə "Aydın"dakı klassikanı hər mənada saxlamağa üstünlük vermişdi; şübhəsiz, "Azdrama"nın geniş səhnəsindəki geniş imkanlar istər-istəməz diqqəti cəlb edir. Kamera Teatrının səhnəsi isə Milli Dram Teatrının səhnəsi ilə müqayisədə dəfələrlə kiçikdir. Amma bu, o demək deyil ki, "balaca meydanda böyük at çapmaq olmur"; gerçəklikdə çox zaman bu, mümkünsüzdürsə, səhnədə istedadlı rejissorun gərgin, ruhlu, inadlı axtarışları, eləcə fanat aktyor truppası sayəsində gerçəkləşəndir. Bizcə, Cənnət Səlimovanın "Aydın"ı bu baxımdan çağdaş dövrümüzün uğurlu səhnə əsərlərindəndir.
Səhnənin tamaşaçı ilə birbaşa ünsiyyət yaratması (olduqca yaxınlığı), balaca səhnədə böyük mətləblərdən danışmaq cəhdi, inadı, gerçəkliyi tamaşaçının ağlında, ürəyində silinməz iz qoyur. Təxminən yüz il əvvəlki Azərbaycan gerçəkliyi - sənaye Bakısının həyatının bir məqamı əslində əvvəlki sonrakı məqamları da özündə daşıyaraq "Aydın"da tamaşaçıya çatdırır. Pulun cəmiyyətdə oynadığı hakim rol, adamların pula alışdırılması, əzilən-sarsıdılan, məhv edilən izzəti-nəfislər, puç olan talelər; bütün bu acı gerçəklər qəribə göründüyü dərəcədə həm gerçəklik təəssüratı bağışlayır.
Amma səhnə səhnədir. Cəfər Cabbarlı sözügedən mövzunu böyük sənətkarlıqla qələmə alıb. Pyesin səhnə biçimi iki təzadlı səhnənin əvvəldən axıradək qarşılaşdırılması fonundadır: öndəki səhnə Aydının ilk son ünvanı, kirayə evidir. Tamaşaçı yaddaşında bu balaca otaq xoşbəxtliklə yanaşı bədbəxtliyin ünvanı kimi yadda qalır.
Yuxarıdakı səhnə isə varlıların dünyasından soraq verir. Dövlət bəy ətrafı özlərini bu dünyada olduqca xoşbəxt hiss etdikləri dərəcədə həm daha çox bədbəxtdirlər.
Aydın obrazını əməkdar artistlər Şövqi Hüseynov Hofəl Vəliyev canlandırırlar. Hələlik Hofəl Vəliyevin ifasında baxdığımız Aydın obrazının daxili aləmi - istəyinə uyğun əməl sahibi olmaması, bir sözlə, faciəviliyi aktyor tərəfindən məharətlə açılır. Gültəkin (Simuzər Ağakişiyeva) təzadlı aqibətini, faciəsini sonda dərk edir. Gültəkin Aydına münasibətində olduqca eşqlidir, səmimidir, Dövlət bəyə münasibətində isə hiddətli susqundur.
Dövlət bəy obrazını da iki aktyor - əməkdar artist Seyidşah Məmmədov Rövşən Abbasov yaradıb. Dövlət bəy tamaşanın başlanğıcından axırına kimi faciəvi obraz təəssüratı bağışlayır. Digər obrazlar (Böyükxanım - əməkdar artist Gülər Həbiyeva İradə Rəşidova, Surxay - Aydın Dəmirov, Hovruz bəy - İlkin Mehdiyev, Mirzə Cavad - Vüqar Məmmədəliyev, Susanna - Gülər Həbiyeva) da uğurlu alınıb. Xüsusən aktyor Kərəm Hadızadənin Balaxan obrazı varlı dünyasının əsas obrazı kimi daha diqqətçəkəndir. Pulun gücünə coşan, kükrəyən, lovğalanan Balaxanın daxili aləmi tamaşaçının ağlına gözəl çatır.
Tamaşanın quruluş səhnə kompozisiyası teatrın direktoru, rejissor, xalq artisti Cənnət Səlimovaya məxsusdur. O, əsərə özünəməxsus yanaşmasının səbəbini belə açıqlayır: "Klassika həmişə canlıdır. Cəfər Cabbarlının "Aydın" pyesi bu qəbildəndir. Hər rejissor əsərə öz prizmasından baxır. Mənim səhnədə görmək istədiyim "Aydın" belədir, o, çağdaş dövrün Aydınıdır. Bizim əsas sərvətimiz milli ruhumuzdur. Müasir gəncliyimizin durumu məni çox narahat edir. Bu mənada "Aydın" pyesinin tərbiyəvi əhəmiyyəti çox böyükdür".
Cənnət xanım gələcəkdə Cəfər Cabbarlının başqa əsərlərinə müraciət edəcəyini bildirir.

 

Xalq cəbhəsi.- 2008.- 9 yanvar.- S. 14.