Qaliboğlu E.

 

"İndi adamlara sanki böyük sənət lazım deyil..."

 

Elxan Əhədzadə: "Sənətkarı mindiyi maşınla, geydiyi paltarla saymazlar, ifasına, sənətinə görə qiymətləndirərlər"

 

Xalq artisti Elxan Əhədzadəni oxucular daha çox müğənni kimi tanısalar da, hazırda o, həm Opera və Balet, həm də Musiqili Komediya Teatrında çalışır. Bir neçə filmdə baş rolda çəkilib. Estrada yaradıcılığında daim vətənpərvərlik mahnıları üstünlük təşkil edir.

 

- Ömrün-günün bu çağında özünüzə, daxili aləminizə bələdliyiniz tamdırmı?
- Qəribə səslənsə də, indiyə kimi hələ özümü öyrənirəm.
Bəzən elə bilirəm, zəifəm, sonra görürəm ki, yox, buna da dözdüm. İnsan özünü təəssüf ki, daxilən tam tanıya bilmir.
Bu qənaət ondan gəlir ki, insan təbiətcə həm zəif, həm də qüvvətlidir. Bəzən bizə elə gəlir ki, çox qüvvətliyik, bəzən də ümidsizləşirik. Sənət adamı gərək əhvalını kökdə saxlasın, çünki ona həmişə başqaları diqqətlə baxır. Bu, bizdən məsuliyyət tələb edir. Pinəçi ayaqqabı tikəndə səhv edərsə, böyük problem yaranmaz, uzağı səhvini düzəldər. Amma aktyor özünü daxilən qurmayıbsa, bu, tamaşaçılara yaxşı təsir etməyəcək. Məncə, insan çox vaxt özündən razı olmur.
Mübarizliyin yaradılmasını daim işləməkdə görürəm. Belədə ən ağır iş belə insana asan gəlir.
- Dünyada eyniliklər durmadan artır. Adamları bu gün nəyəsə maraqlandırmaq çox çətindir. İnsanlar indi daha çox asanlığa, adiliyə meyl edirlər. Yaradıcılıq isə həmişə insandan yenilik istəyir.
- İnsan hər an yeniləşir. Milyardlarla insan biri-birini təkrar etmir, xaraktercə oxşamır. Bəzən insana elə gəlir ki, o, kimsəyə gərək deyil. Amma bir də görürsən, gərəksiz sayılan bir kəs sənə dəstək olur. Sənətdə insanın məsuliyyəti daim artır. İstəmirsən ki, səhv edəsən. Rəşid Behbudov kimi sənətkarın sənətinə necə məsuliyyətlə yanaşmasının həmişə şahidi olmuşam.
İnsan həyatın, yaşamağın gərəkliyini çətin anda dərk edir.
Gərək həyatdakı gözlənilməzliklərə, yeniliklərə hər an hazır olasan. 10 il qabaqkı filmə bu gün tamam başqa səviyyə ilə baxırıq. Film dəyişməyib, dəyişən, inkişaf edən ölçümüzdür.
Yaşlandıqca gəncliyin dəyişdiyi qənaətinə gəlirik. Amma
gənclik də irəli gedir. Həmişə nə isə axtarırıq, eyni məkana bir neçə dəfə gedirik, inanırıq ki, bu gün daha yaxşı olacaq. Bu cür hissiyyatlar bizi yaşamağa, irəli getməyə vadar edir.
- Ailənizdə sənətə meylli adam olubmu?
- Atam müğənni, həm də aktyor olub, onun yolunu davam etdirirəm. Atam o vaxtı Qazaxda Rəşid Behbudovun atası Məcid Behbudovla bir teatrda çalışıb. Əslimiz Bakıdandır. Mən Bakıda doğulmuşam. Atamı bir neçə nəfərlə Moskvaya oxumağa göndərirmişlər, amma valideynləri getməyə qoymayıblar. Qorxublar ki, gedib soyuqlayar, xəstəlik tapar. Amma gərək atam bu şansı əldən buraxmayaydı. Atamda çalışqanlıq yüksək idi. Ailədə 5 qardaşıq, amma bircə mən bu sənətə gəldim. 12 yaşım olanda atam sevindi ki, deyəsən, sənəti davam etdirən tapılacaq.
Yaxşı yadımdadır, televiziyada ilk solo konsertim göstərilən gün atam vəfat etdi. Atam təəssüf ki, onu görmədi. Dedim ki, atamın ruhu burdadı, yandırın televizoru. Qoy ruhu rahat olsun ki, sənətini davam etdirən oğlu var. Mən də beləcə oğlumun sənətimi davam etdirməsini istəyərdim.
- İnsan arzunu dirildirsə, o deməkdir ki, yaşamaq mənalıdır...
- Hər bir atanın arzusudur ki, balası xoşbəxt olsun.
Cəmiyyətdə ad-sanı qazanmaq asanır, amma əsas o ad-sanı qorumaqdır. Sənətə kinoaktyor kimi gəlmişəm, sonra estrada müğənnisi olmuşam, indi də estradadayam. Həm də uzun müddətdir ki, opera sənətçisiyəm, eyni zamanda Musiqili Komediya Teatrındayam. Qacar, Don Kixot, "Koroğlu"da Həsən xan və başqa obrazları yaratmışam. "Çətirimiz buludlardır" "Üzü küləyə" filmlərində baş rolda çəkilmişəm. Aktyor sənətində Ədil İsgəndərovun tələbəsi olmuşam. Azərbaycan tamaşaçısı məni daha çox müğənni kimi tanıyır. Çünki televiziya var, səni daim görürlər. Musiqinin imkanları çox böyükdür.
Xarakter etibarilə işgüzar olsam da, şəraitimi dəyişməyə nəsə, çəkinmişəm. Dəfələrlə Moskvaya, Ukraynaya dəvətlər olub, amma getməmişəm. Deyirdilər ki, ancaq pencəyini götür gəl, heç bir problemin olmayacaq, amma nəsə, getmədim.
- Bir neçə sahədə çalışmaq şübhəsiz ki, çətindir.
- Öyrəşmişəm. Operada bir cür, estradada başqa cür, Musiqili Komediyada tamam başqa cür oxumaq lazımdır. Hələ ki, çalışdığım yerlərdə məndən narazı qalmayıblar.
Bəli, indi adamların qayğıları çoxdur. Mənim də problemlərim var. Amma başımın üstündə damım var, evimdə oturub donmuram. Bu baxımdan dolanışıq problemim yoxdur. Əsas odur ki, gözüm toxdur. Çox şeylər arzulamıram, nəyə çatmışamsa, ona da qaneyəm. Hazırda prezident mükafatı alıram, qayğılarıma çatır. Əgər bu təqaüd olmasaydı, vəziyyətim çətin olardı.
- Estrada repertuarınızda döyüşkən ruhlu mahnılar üstünlük təşkil edir.
- Əvvəllər lirik mahnılara üsünlük verirdim. Amma indi vətənpərvərlik mahnıları repertuarımda üstünlük təşkil edir.
Mən toy müğənnisi deyiləm. Dostlarımın toyunda epizodik oxumuşam ki, ürəkləri qırılmasın.
Toya getmək, oxumaq imkanım həmişə olub. Burada bir problem yoxdur. İndi toya gedib oxumağım gecdir yaxşı ki, gecdir. Cavanlıqdan məndə bu duyğu var, o vaxtlar sovet dövrü idi, toya gedən müğənnilərə pis baxırdılar. O zaman tez-tez dövlət konsertlərində çıxış edirdim.
Toya getdin, səs-küydən biri ilə söhbət edə bilmirsən. Çıxış edənlər ürək sözlərini deyə bilmirlər, deməyi bacaranlara da qulaq asmırlar. Toyda 15 dəqiqədən artıq dözə bilmirəm. Özü çoxunun səsi yoxdur, gücü verirlər mikrofona. Adamın bütün sinirləri dağılır. Oxuyanın özü üçün belə toy əzabdır.
Mənə dolanışıq sarıdan çox şey lazım deyil. Belə şeylərə ömrü tamam vermək dəhşətdir. Toy iki gəncin xoşbəxtiyidir. Bu gün müsabiqələrə çıxanlar daha çox toylarda oxumağa çalışırlar, teatra gəlməyi isə düşünmürlər. Fikirləşirəm ki, başqa teatrlarda çalışsaydım, Şekspirin, Cavidin, Cəfər Cabbarlının qəhrəmanlarını oynaya bilərdim.
Teatrda daha çox rus bölməsində klassik operettalarda oynamışam. Azərbaycan bölməsində Süleymanı ("Arşın mal alan") oynamışam. Bu mənada Azərbaycan opera sənətində iz qoymuş sənətkarlarımızın hər biri bir məktəbdir.
Bir sözlə, insanın daim öz üzərində çalışması gərəkdir.
Bu gün adamların zövqünə toy mahnıları daha çox təsir edir. Belə şeylər mənə pis təsir edir. Daim böyük sənət lazımdır.
Bayağı sənətdən qalacaq? Dəşhətdir ki, bu gün bəziləri Rəşid Behbudovu gerilik sayır. Vokal çox ağır sahədir, insandan zəhmət tələb edir. İndikilər asan yolla gedirlər, kompüterlə mahnı quraşdırırlar. Hansı xalq mahnısına baxırsan, oranjirovka olunur. Cammaat da qulaq asır, deyir ki, gözəldir. Bu zövqün axırı olacaq? Belə getsə, Bülbülün, Rəşid Behbudovun oxuduqlarını kim oxuyacaq?
Adamlar yaxşı sənətlə pisi ayırmağı bacarmalıdırlar. Sənətkarı mindiyi maşınla, geydiyi paltarla saymazlar, ifasıyla, sənətiylə sayarlar, qiymətləndirərlər.
Mərhum Həsən Məmmədov kimi aktyor çətin şəraitdə yaşayırdı, amma sənəti böyük idi. İndi adamlara sanki böyük sənət lazım deyil...

 

Xalq cəbhəsi.- 2008.- 24 yanvar.- S. 14.