Məhərrəmova T.

 

Qadın rollarının kişi ifaçısı

 

Və yaxud Əhmədbəy Ağdamskinin ləyaqətlə yerinə yetirdiyi çətin missiya

 

Əməkdar incəsənət xadimi Əhmədbəy Ağdamski haqqında söz düşəndə Şərqdə qadın rollarının ilk mahir ifaçısı kimi xatırlayırlar. Azərbaycan opera tarixinə də aktyorun adı məhz bu cür həkk olunub.

Əhməd Bədəlbəyli Ağdamda doğulub. Sonralar Ağdamski soyadını özünə təxəllüs götürüb. Atasını çox erkən - üç yaşı olanda itirən Əhmədbəy əmisi Kərbəlayi Məhəmmədin himayəsində yaşayıb. 10 yaşı olanda əmisi də vəfat edib. Böyük qardaşı Bədəlbəy Qori Seminariyasını bitirdikdən sonra Ağdama qayıdaraq müəllim işləyib və ailənin bütün çətinliklərini öz öhtəsinə götürüb. Əhmədbəy də 11 yaşı olmağına baxmayaraq, ailəni sıxıntıdan qurtarmaq üçün əlindən gələni etməyə çalışıb. Çox keçmədən Bədəlbəy cüzi maaşı ilə 5 baş ailəni dolandıra bilməyəcəyini hiss etdiyindən ailəsi ilə birlikdə Bakıya köçərək müsəlman məktəbi açır. Əhmədbəy də Bakıda sənət məktəbinə, daha sonra Realnı Məktəbə daxil olur. Anası Əzizə xanım Üzeyir bəyin anası Şirin xanımın doğma bacısı olduğundan, Əhmədbəy gənc yaşlarında xalası oğlanları Üzeyir, Zülfüqar və Ceyhun bəylə birlikdə Bakının ictimai və mədəni həyatında yaxından iştirak edir. O da qardaşı Bədəlbəy kimi müəllim olmaq arzusu ilə yaşayır.

Ancaq tale elə gətirir ki, onun sənət yolu ömürlük teatr aləmi ilə bağlanır.

Aktyorun oğlu Telman Ağdamski teatr tariximizin ayrıca bir səhifəsini təşkil edən bu görkəmli aktyorun həyat və sənət yaradıcılığını vərəqləyir:

- Atam səhnə fəaliyyətinə "Nicat" xeyriyyə cəmiyyətinin teatr truppasında başlayıb. O dövrdə Azərbaycanda qadın artistlər olmadığına görə opera və musiqili komediyalarda əsasən qadın rollarında çıxış edib. "Leyli və Məcnun" səhnəyə qoyulan vaxtlarda atam tələbə olub. Leyli rolunda ilk dəfə mehmanxananın aşpazxanasında işləyən Əbdürrəhim Fərəcov çıxış edirmiş. Tamaşa uğurlu alınsa da, o, ikinci dəfə qadın paltarı geyinib səhnəyə çıxmaqdan imtina edir. Bunun da bir çox səbəbləri olub: kişi qadın rolunda oynamaq üçün bığlarını qırxdırmalı, üzünə krem-pudra çəkməli imiş. O vaxtlar da qrimlərin çoxu donuz piyindən hazırlandığı üçün onu yumaq çox çətin imiş. Bütün bunlara görə də Fərəcov roldan imtina edir. Çıxılmaz vəziyyətdə qalan Üzeyir bəy qəfildən Leyli rolunu xalası oğlu Əhmədbəyə həvalə edir. Əhmədbəyin məlahətli səsi, şux, yaraşıqlı qaməti, həm də gözəl çöhrəsi vardı. Əhmədbəy xalası oğlunun sözünü yerə sala bilmir. Amma oxuduğu Realnı Məktəbdə uşaqları nəinki teatrda işləməyə, heç axşam tamaşalarına da buraxmırdılar. Bu məsələni də Üzeyir bəy özü həll edir. Atam Üzeyir bəydən xahiş edir ki, ki, onun adını afişada Miri yazdırsınlar. Miri atamın qohumu idi. Təbii ki, kişi olduğu üçün tamaşaçıların onu tanımasını istəmirdi. Əlbəttə, heç bir kişi səhnədə qadın rollarında çıxış etmək, qadın səsi çıxarmaq, qadın yestləri etmək istəməzdi. Ancaq nə qədər çalışsa da, tamaşaçılar onun sirrindən xəbərdar olur.

Bu uğurdan, tamaşaçıların onu məhəbbətlə qəbul etməsindən sonra Əhmədbəy özünə Ağdamski təxəllüsünü götürür və bu adla da teatr tariximizə düşür.

Görkəmli aktyor daha sonra "Məşədi İbad", "Şeyx Sənan", "Şah Abbas və Xurşudbanu", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyla və Harun", "Mehri və Mah"da qadın rollarında səhnəyə çıxaraq bütün rollarının öhtəsindən bacarıqla gəlib.

Rəfael Hüseynov "Min ikinci gecə" kitabında "Leylilərdən biri" olan Əhməd Ağdamski haqqında bir neçə xatirəni qələmə alıb. Bu baxımdan görkəmli aktyor Mustafa Mərdanovun xatirələri daha maraqlıdır: "1914-cü ildə Tiflisdə mən belə səhnənin şahidi oldum. Kazyonnu teatrda (indi Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının binasında) Bakı artistləri "Leyli və Məcnun" operasını göstərirdi. Baş rollarda Hüseynqulu Sarabski (Məcnun), Əhməd Ağdamski (Leyli), Hənəfi Terequlov (Nofəl) çıxış edirdi.

Böyük müvəffəqiyyətlə keçən tamaşaya 2000-nə qədər tamaşaçı baxırdı. Leylinin ölümündən sonra pərdənin örtülməsinə baxmayaraq, alqış səsləri kəsilmirdi. Gürcüstanın ictimai xadimləri, incəsənət ustaları təbrik üçün səhnəyə çıxdılar. Təbrik zamanı bir nəfər ictimai xadim artistləri alqışlayıb, əllərini sıxdı. Növbə Əhməd Ağdamskiyə çatanda, o, aktyoru qadın zənn etdiyindən zadəgan adətincə baş əyib, əlini öpdü. Bu çətin vəziyyətdə Ağdamski özünü itirmədi, yüngül reveransla ictimai xadimə əlini öpməyə imkan yaratdı".

Daha bir xatirə isə 1916-cı ildə bir dəstə Azərbaycan aktyorunun Türkmənistana qastrol səfəri ilə bağlıdır: "Aktyor truppası ilk günlər "Ər və arvad"ı, "Evlikən subay"ı göstərirlər. Ancaq türkmən tamaşaçıları: "Azərbaycandan gələn artistlər yaxşıdırlar, amma az oynayırlar" - deyə narazılıq edirlər.

Truppa çətinliklə də olsa, burada "Leyli və Məcnun"u tamaşaya qoymağı qərara alır.

Tamaşa yaxşı keçir, Ağdamski də adəti üzrə Leylini oynayır. Ancaq axıra yaxın aktyorlar hiss edirlər ki, zalda nə isə hay-küy var. Maraqlanırlar ki, nolub? Deyirlər ki, bəs burada bir dəstə cavan, dəliqanlı türkmən var, Leylini oynayan aktrisanı istəyirlər: "Siz müsəlman, biz müsəlman, neçə tümən lazımdır, veririk. İstəmirsinizsə, xəncər məsələsi araya düşsün, o qadını verin bizə. Siz Xəzərin o tayında operanız üçün başqa xanım taparsınız".

Mirzəağa Əliyev, Hacıağa Abbasov çıxırlar səhnəyə, and-aman edirlər ki, vallah, biz hamımız kişiyik, o Leylini oynayan da kişidir. İnanmırsınız, yoxlaya da bilərsiniz. Aramızda qadın olsa, götürün hansı səhraya aparırsınız, aparın. Türkmənlər yenə inanmırlar. Əmin olmaq üçün aktyorların paltarlarını dəyişdikləri otağa öz nümayəndələrini göndərirlər. Türkmənistandan qayıdanda aktyor dostları zarafatla deyirmişlər ki, ay Əhməd, belə də oynamaq olar? Bizi xataya salmışdın ki! Balam, elə oyna ki, camaatın səndə gözü qalmasın da...

Əhməd Ağdamki kinomuzda da qadın rolunun ifaçısı kimi məşhurlaşıb. "Arşın mal alan" filmindəki Gülçöhrə rolu ilə aktyorun adı kino tariximizdə əbədiləşib. Ancaq bu gün həmin lentin harada olması haqqında heç bir məlumat yoxdur. Film 1917-ci il yanvarın 1-də ekranlara çıxaraq bir neçə dəfə nümayiş olunub. Aktyorlar bu səssiz filmdə kadrları öz çalğıları, oxuları, danışıqları ilə canlandırmağa çalışıblar. Ancaq bu film Üzeyir bəyi razı salmadığından o, 1917-ci il yanvar ayının 8-də "Kaspi" qəzetinə etiraz məktubu ünvanlayır. Bu məktub çap olunduqdan sonra film ekranlardan götürülür.

Hələliksə Ağdamski Azərbaycan səhnəsində teatrımızın inkişafına təkan verəcək çətin və əzablı - qadın rollarının yeganə ifaçısı olmaq missiyasını ləyaqətlə yerinə yetirməkdə davam edir. Ümumiyyətlə, o dövrdə qadın rollarını Ağdamskidən yaxşı oynayacaq azərbaycanlı aktrisa yox idi. Ağdamski oynamaqdan imtina etsəydi, tamaşalar pozula bilərdi.

Üzeyir bəy vaxt keçdikcə hiss edirdi ki, səhnəyə qadın aktrisa gəlməlidir. Elə bu, Əhməd Ağdamskinin də ən böyük arzusu idi.

Səhnəyə belə bir aktrisanı məhz Əhməd Ağdamskinin özü gətirməyə müvəffəq olur. Bu təsadüfün maraqlı bir tarixi var: bir gün Bakı Şəhər Bələdiyyə İdarəsində tikinti müşaviri işləyən Frol Yermakov Əhməd Ağdamski ilə tanış olur və tanınmış aktyoru evinə şam yeməyinə dəvət edir. Ağdamski Frol İvanoviçin zövcəsi Anisiya Andreyevna, gimnazist qızları Mariya və Nina ilə tanış olur. Birdən Ağdamski maraqlı bir hadisənin şahidi olur: Anisiya Andreyevna durub pianonun arxasına keçərək çalır və Mariya Azərbaycan dilində "Arşın mal alan"dan Gülçöhrənin ariyasını oxuyur.

Bu hadisəni Əhməd Ağdamski Üzeyir bəyə danışır və ertəsi gün Ağdamski Mariya Yermakovanı böyük bəstəkarla tanış edir. İlk sınaqdan sonra məşqlər başlanır.

Üzeyir bəy onu Məxfurə xanım adlandırır. 1917-ci il dekabrın 12-də Məxfurə xanım Gülçöhrəsi ilə Azərbaycan səhnəsinə qədəm qoyur. Taleyi teatra ömürlük bağlanandan sonra Məxfurə xanım minnətdarlıqla özünü Əhməd Ağdamskiyə borclu sayır və deyirmiş ki, səhnəyə gəlməyimin səbəbkarı Ağdamskidir. O olmasaydı, yəqin heç aktrisa da olmazdım.

Məxfurə xanım uzun illər İşçi teatrında, Gəncə teatrında və 80-ci illərədək Gənc Tamaşaçılar Teatrında çalışır və Respublikanın Əməkdar artisti adına layiq görülür.

Qadın rollarının ifaçısı olmaq Əhməd Ağdamskinin ailə qurmağını da problemə çevirir. Ona görə də çox gec evlənir. Həmin müddətdə məşhur Vəzirovlardan olan Suğra xanımı sevib, əhd-peyman bağlayıb. Amma qadın rollarının ifaçısı olduğu üçün qızı ona vermirlər. Suğra xanımın şəkli, məktubları indi də aktyorun arxivində saxlanılır. Yalnız aktyorluq fəaliyyətinə son qoyandan sonra o, Şuşanın adlı-sanlı hüquqşünası İsmayıl bəyin qızı Rəhilə xanımla evlənir. Rəhilə xanım həm də Süleyman Sani Axundovun əmisi qızı idi.

Əhməd Ağdamski 1934-cü ildə səhnə ilə vidalaşaraq Ağdaşa gəlir və musiqi məktəbində tar müəllimi işləyir. O, tarın pərdələrini bölüb ən ağır muğamları ifa edər, özünün təsnif və rənglərini həvəslə şagirdlərə öyrədərmiş. Ə.Ağdamski Ağdaşda dəyərli musiqiçilər yetişdirməyə müvəffəq olur. O, həmçinin Ağdaşda teatr truppası da yaradır və orada aktyor nəslinin yetişməsinə böyük zəhmət sərf edir.

- Atam gözəl ailə başçısı idi. Nə qədər mehriban və səmimi idisə, bir o qədər də tələbkar və ciddi idi - deyə T.Ağdamski danışır. Həmişə bizi ciddi nəzarətdə saxlayar, tərbiyəmizə xüsusi fikir verərdi. Adət-ənənələrə ciddi riayət edən adam kimi o, Ağdamda bütün xeyir-şər məclislərinin ağsaqqalı sayılırdı. Bizim necə oxumağımızla yaxından maraqlanardı. Atam çox fənləri yaxşı bilir və bizə istiqamət verirdi. Çox mütaliə edirdi, Azərbaycan, rus və Avropa yazıçılarının əsərlərini oxuyardı. Rus dilini təmiz bilirdi. Bizi də rus dilini yaxşı öyrənməyə sövq edərdi. Atam bizdə də musiqiyə böyük həvəs oyatmışdı. Bacılarım Ağdaş musiqi məktəbinin skripka bölməsini, qardaşımla mən isə kamança sinfini bitirmişdik. O, övladlarının müxtəlif elm sahələrində ali təhsil alması üçün ciddi səy göstərirdi. Ancaq nə üçünsə məni məhz musiqiçi görmək istəyirdi. Mənsə kimyaçı oldum. Bəlkə özü sağ olsaydı, arzusunun həyata keçməsinə çalışacaqdı. Ancaq mən universitetin kimya fakültəsinin birinci kursunda oxuyanda, o, artıq vəfat etmişdi.

Çox təəssüf ki, adı milli teatr tariximizə qızıl hərflərlə yazılan bu cəfakeş aktyorun xatirəsi bu gün layiqincə yad edilmir. Üç il bundan qabaq yanvar ayında aktyorun 120 illik yubileyi təkcə Üzeyir Hacıbəyovun ev-muzeyində qeyd edilib (Görkəmli aktyorun doğum günü və "Leyli və Məcnun" operasının ilk dəfə səhnəyə qoyulması tarixi yanvar ayına təsadüf edir - T.M.). Telekanallarda da aktyorun doğum və ölüm günləri haqqında arabir qısa məlumat verilir. Eləcə də dövlət səviyyəsində Əhməd Ağdamskinin xatirəsini əbədiləşdirmək üçün heç bir iş görülməyib. 20 ildən artıq çalışdığı və dəyərli musiqiçilər yetişdirdiyi Ağdaş musiqi məktəbi onun yox, aidiyyəti olmayan bir adamın adını daşıyır.

Bu gün milli teatrımızın keçmişindən danışanda məhz Əhməd Ağdamski kimi aktyorlar yada düşür. Onlar nəinki teatrı yaradıblar, onun bütün ağırlığını çiyinlərində daşıyıblar, həyatlarını təhlükəyə atıblar, ölümlə göz-gözə gəliblər. Lakin çoxu da zəhməti müqabilində qiymətsiz qalıb, unudulub... Onları biganə insanlar unudub, tarix isə adlarını öz səhifəsində əbədiləşdirib. Tarix isə yalnız sənətdə halal haqqı olanlara bu sırada yer ayırır. Əhməd Ağdamski kimi...

 

Kaspi.- 2008.- 11 yanvar.- S. 16.