Rübabə
Muradovanın ən sevimli Məcnunu
Dünən opera sənətimizin şah əsəri
olan "Leyli və Məcnun"un 100 illik yubileyi qeyd olundu. İlk dəfə 1908-ci il
yanvarın 25-də Bakıda tamaşaya qoyulan "Leyli və
Məcnun" təkcə Azərbaycanda deyil, bütün
Yaxın Şərqdə ilk milli opera kimi tarixə
düşüb. 100 ildir ki, qəlbləri riqqətə
gətirən bu faciəli məhəbbət dastanı
böyük bəşəri hissin ən gözəl himni kimi səslənir -
öz gözəlliyini, təravətini, tərbiyəvi
mahiyyətini itirmir. Dahi Üzeyir bəyin qələmindən
çıxan əsərin ölməzliyinin sirri də
bundadır.
Əməkdar artist Mais Salmanov "Leyli və
Məcnun" operasında Məcnun rolunun ifaçısı
kimi səhnəyə çıxdığı
günləri ömrünün ən unudulmaz illəri
sayır:
- Səhnə fəaliyyətimin ən
qızğın dövrü Opera Teatrında
çalışdığım illərə təsadüf
edir. 1954-cü ildə bu teatrda solist kimi işə
başladım. Rübabə xanımla opera
səhnəsinə bir vaxtda gəlmişik. Məni bu teatra
müəllimim Seyid Şuşinski apardı. Onda 20
yaşım vardı. Həmin il Opera Teatrının
rəhbərliyi işə qəbul üçün
böyük bir müsabiqə elan etmişdi. Şəmsi
və Əfrasiyab Bədəlbəyli qardaşları məni
opera üçün hazırlamaq istədiklərini
bildirdilər. Oxuduğum "Mahur-hindi" muğamı
münsiflər heyəti tərəfindən bəyənildi
və tələbə ikən işə qəbul olundum. Gündəlik dərslər, operada gərgin
məşqlər məni usandırmadı. İlk vaxtlar
"Sevil"də Azançı, "Koroğlu"da
Carçı kimi xırda, lakin yaddaqalan obrazlar yaratmaqla
rəhbərliyin də, sevimli müəllimlərimin də
ümidlərini doğrultdum. Çox keçmədi ki,
rejissor Soltan Dadaşov mənə "Leyli və Məcnun"da
Zeyd, İbn Səlam, Aşıq Vəli kimi rollar
tapşırdı. Bu rolların da öhdəsindən
uğurla gəldim. Nəhayət ki, mənə Məcnun rolu
tapşırıldı. İlk tərəf-müqabilim də
Rübabə Muradova oldu. Hüseynqulu Sarabski,
Əlövsət Sadıqov, Xanlar Haqverdiyev kimi
tanınmış aktyorlardan sonra Məcnun obrazını
oynamağın mənim üçün böyük etimad
olduğunu bilirdim. Məni ruhlandıran rejissor Soltan
Dadaşovun, Bəhram Mansurovun, Həqiqət xanımın,
Gülxar Həsənovanın qayğısı idi. Səhnəmizin ulduzları Rübabə xanımla
"Leyli və Məcnun"u oynadıqdan sonra mətbuatda
təriflər yazılmağa başladı. "Kommunist"
qəzeti öz səhifəsində "Səhnəmizə
yeni Məcnun gəlir" başlıqlı geniş bir
yazı dərc etmişdi. Mən Bakıya xanəndə
olmaq üçün gəlmişdim. Amma elə oldu ki,
taleyimi opera səhnəsinə bağladım. Bu işdə
təkcə səsin kifayət etmədiyini başa
düşdüm. Musiqi məktəbini bitirən il
İncəsənət İnstitutuna daxil olub, əvvəl
musiqili komediya, sonra isə rejissorluq fakültələrini
bitirdim. Beləliklə, muğamatı Seyiddən,
aktyorluğu Ədil İsgəndərovdan, rejisorluğu
isə Mehdi Məmmədovdan öyrəndim.
- Rəhmətlik Rübabə Muradova ilə ilk
çıxışınızı necə
xatırlayırsınız? Hər halda, elə bir səs
sahibi ilə tərəf-müqabil olmaq da asan
məsələ deyildi.
- Mən də gənc idim, səsimin gur-gur
çağlayan vaxtları idi. Kaş ki görəydiniz,
Rübabə xanım səhnədə necə
ağlayırdı! İnanın salonda oturanların
hamısı da onunla birgə ağlayırdı. Mən
hələ də belə bir ifa görməmişəm.
Rəfael Hüseynov o vaxt "Azərbaycan" jurnalında
Rübabə xanımdan aldığı
müsahibəsində soruşub ki, indiyə qədər
ən çox xoşladığınız Məcnun kim olub?
Rübabə xanım: "Ən çox sevdiyim Məcnunum
Mais Salmanov olub. Mən obrazı yalnız onda
görürdüm" cavabını verib. Xəstəxanada
olduğu günlərdə Bəhram Mansurovun həyat
yoldaşı Münəvvər xanıma da eyni sözü
deyibmiş.
- Yadınızdadırmı, indiyədək Siz
neçə Leyliyə Məcnun olmusunuz?
- Bir dəfə Həqiqət xanımla
oynamışam. Daha sonra tərəfdaşlarım Gülxar
Həsənova, Zeynəb Xanlarova, Nəzakət
Məmmədova, Rəsmiyyə Sadıqova olub. Flora Kərimova
ilə də oynayacaqdım. Ancaq onunla dalaşdılar, o da
daha Leyli oynamağa gəlmədi.
- Eşitmişəm ki, Rübabə xanım
Flora Kərimovanın Leylisini ironiya ilə
qarşılayırmış.
- Düzdür, bu obraza görə Rübabə
xanımda hər kəsə qarşı bir qısqanclıq
vardı. O, hər müğənninin ifasını
bəyənmirdi. Xüsusilə də Leyli rolunu oynayanlara həddindən
artıq vasvası münasibəti vardı. Onun muğam
oxuması Allah vergisi idi. "Leyli və Məcnun"da
ölüm pərdəsi Rübabə xanımın
ifasında çox gözəl idi. Bir də Gülxar
Həsənova çox gözəl oxuyurdu. O vaxt opera
müğənnilərinin ən yaxşı cəhəti bu
idi ki, bir-birilərini təkrar eləmirdilər. Hər birinin
öz yolu vardı. Düz 15 il Məcnun kimi səhnəyə
çıxdım. Arif Babayev operaya məndən 10 il sonra
gəldi və Məcnunu oynamağa başladı.
- Bu gün opera səhnəsinə yeni-yeni
məcnunlar, leylilər gəlir. Onların ifasından razısınızmı?
- Yox, mən çox narahatam. Yaxşı
Məcnunlarımız var, amma obrazı o qədər də
yaxşı tuta bilmirlər. Səbəbi bilirsiniz nədir?
Əruz vəznini yaxşı bilmirlər. İndi əruzu
tədris edən savadlı müəllimlər yoxdur. Rayonlarda
bu vəziyyət daha çətindir.
- Bəs Filarmoniyanın
çal-çağırlı dövrünü necə
xatırlayırsınız?
- Gərək Xan əminin, Şövkətin,
Sara xanımın oxumağına bənzər oxuyaydın ki,
səni o sənət ocağına yaxın buraxaydılar.
Seyid Şuşinski deyirdi ki, "biz hamımız
yaxşı oxumuşuq, amma Xan dövrün Karuzosudur.
Muğam sahəsində heç kim Xan əmi kimi oxuya
bilməz". Şövkət xanımın
lirikasını, Sara xanımın "Qatar",
"Şahnaz" muğamlarını kim onlar kimi oxuya
bilər? O vaxt Filarmoniyanın müdiri Şəmsi
Bədəlbəyli idi. Hər gün konsertlər
keçirilirdi. Konsertlərə də bilet tapmaq mümkün
deyildi. Yadımdadır, İran müğənnisi
Mərziyə gəlmişdi. Həmin gün Filarmoniyada
iynə atsan yerə düşməzdi. Onun o vaxtı dillər
əzbəri olan bir mahnısı vardı: "Rəftəm
ki, rəftəm" ("Getdim ki, getdim"). Mərziyə
xanımın İranda 24 kəndi vardı. Onun gəlişi
Azərbaycanda çox böyük maraqla qarşılandı.
Ondan sonra Bakıya qastrola gələn digər İran
müğənnisi İlahədən xahiş etdilər ki,
Mərziyə xanımın həmin məşhur
mahnısını oxusun. Amma İlahə oxumadı. Dedi
ki, "bu Mərziyə xanımın repertuarıdır. Bizdə
heç kəs başqasının mahnısını
oxumur". Onlar bir-birilərinin repertuarına belə
hörmət edirlər. Biz də isə bir mahnı bir
neçə müğənninin ifasında səslənir.
Çox təəssüf ki, Filarmoniya yenidən
istifadəyə verilsə də, əvvəlki
ifaçılar yoxdur. O vaxt biz tanınıb sevilmək
üçün uzun və çətin bir yol
keçməli idik. Mən 60-70-ci illərdə
tarzən Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq
Çalğı Alətləri ansamblı ilə
"Çahargah", "Şur" muğamlarını, təsnifləri,
xalq, eləcə də bir çox bəstəkar
mahnılarını lentə yazdırdım. Ümumittifaq
"Melodiya" səsyazma studiyası qramofon valını
böyük tirajla satışa çıxardı.
Almaniya, Tunis, Əlcəzair, Yaponiya, Polşa, İtaliya kimi
xarici ölkələrə qastrol səfərlərində
qazandığım uğurlar mənə şöhrət
gətirdi. Biz onda sevilməyə və populyarlaşmağa
can atmırdıq. Zəhmət çəkirdik,
istedadımıza güvənir və bəhrəsini
görürdük. İndikilər isə bircə mahnı
ilə artıq ulduza çevrilirlər. Hərə də
özünə bir "ad" qoyur.
- Bir ara texniki-peşə məktəbinə
rəhbərlik edirdiniz. Bərbər, aşpaz,
makinaçı kadrların hazırlanması işi ilə
Sizin sənətinizin arasında yerlə-göy qədər
fərq vardı. Orada işləməyə necə
razılaşmışdınız?
- 1981-ci ildə Respublika Təhsil Nazirliyi 18 illik
pedoqoji və opera-vokal sənətində qazandığım
təcrübəni nəzərə alaraq, mənə
Ağdam Musiqi Məktəbinə rəhbərlik etməyi
tapşırdı. Orada işlədiyim yeddi il ərzində
neçə-neçə gənc istedadın yetişib
ərsəyə çatmasında xidmətim oldu. Həmin dövrdə böyük
müvəffəqiyyət qazanmış "Qarabağ
bülbülləri" də məhz bu məktəbin
yetirmələri oldu. 1989-cu ildə isə məni
nümunəvi işimə görə, Bakı Mədəni
Maarif Texnikumuna direktor təyin etdilər. Ancaq Xalq
Cəbhəsi dövründə məni işdən azad
etdilər. Heydər Əliyev hakimiyyətə qayıdandan
sonra ərizə ilə ona müraciət etdim. O, mənim
məktubuma dərkənar qoydu ki, araşdırsınlar. Ancaq
onun xəbəri olmadan məni gətirib 15 saylı
texniki-peşə məktəbinə direktor təyin
etdilər və dedilər ki, "burada müvəqqəti
çalış, səni işlə təmin
edəcəyik". Mən də bir neçə il bu
məktəbə rəhbərlik etdim. Hal-hazırda
səhhətimlə əlaqədar heç yerdə
işləmirəm.
- Televiziya ekranlarında da
görünmürsünüz. Bu da səhhətinizlə
bağlıdır?
- Nədənsə ruhum yoxdur. Televiziyaya o
qədər də çıxmaq istəmirəm. Bilirsiniz niyə? İndi telekanallara elə
açıq-saçıq adamlar çıxır ki,
artıq ora mənim tay-tuşlarımın yeri deyil.
- Ötən illər üçün
qəribsəyəndə lent yazılarının
yaddaşında əbədiləşən səsinizə
qulaq asıb hansı hissləri keçirirsiniz?
- Hər şey gözlərminin
önündən kino lenti kimi gəlib keçir. Ən
çox cavanlığımın keçib-getdiyinə
heyifslənirəm. Keçib-gedən o illəri
həmişə təəssüf hissi ilə
xatırlayıram. Ömrümün yaddaqalan günləri az
olmayıb. Lakin 1978-ci ilin bir qış gecəsini heç
unuda bilmirəm. İndi o zamandan 30 il ötür. Həmin
gün opera səhnəsində 25 illik əməyimə
yüksək qiymət verilərək "Əməkdar artist"
adına layiq görüldüm. Həmin gün ümummilli
liderimiz Heydər Əliyev evimə telefon açaraq məni
təbrik etdi. Bu, bir sənət adamına
göstərilən diqqət və qayğının
təcəssümü idi.
Bir də "Leyli və Məcnun"un 100 illik
yubileyinin qeyd olunmasını həyəcansız qarşılaya
bilmirəm. Bu, sənət aləmində böyük
hadisədir. Mənim həyatımın isə unudulmaz
xatirələridir.
Mövqe.- 2008.- 26-28 yanvar.- S. 13.