Aqilqızı S.
Üzeyir
dünyasının nadir incisi - "Leyli və Məcnun"
"Leyli və Məcnun"
operasının yaranmasından 100 il keçdi"Leyli və
Məcnun" operasıE Bu opera ilə üzeyir bəy insan
qəlbini riqqətə gətirən, onun varlığına
hakim olan, təmiz, saf məhəbbət təcəssümü
olan bir sənət "mirvari"sini yaratdı.
Artıq 100 ildir ki, iki dühanın - Füzuli və
üzeyir bəy Hacıbəyovun yaratdığı "Leyli
və Məcnun" əsərində iki gəncin nakam
məhəbbət dastanını dinləyir,
kədərlənir, həyəcanlanır, onun sehrinə
düşürük.
100 il öncə böyük
Azərbaycan rejissoru və aktyoru Hüseyn Ərəblinskinin
quruluşu və rejissorluğu, Azərbaycan teatrının
fəxri Hüseynqulu Sarabskinin baş rolda iştirakı
və görkəmli muğam ustası, mahir tarzən Qurban
Pirimovun ürəklərə yol açan gözəl
çalğısı ilə, Azərbaycanın peşəkar
bəstəkarı, Azərbaycan xalqının
mədəniyyətinə, ictimai təfəkkür
tarixinə qüdrətli musiqi alimi kimi daxil olan üzeyir
Hacıbəyovun "Leyli və Məcnun" operası
müqəddiməsinin ilk xoş sədaları
səsləndi. Bu sədalar Yaxın və Orta Şərq
musiqi tarixində yeni və parlaq səhifənin - opera
səhifəsinin açıldığını elan etdi.
"Leyli və Məcnun" operasının 100 il qabaq
Bakı səhnəsində tamaşaya qoyulması
Azərbaycanın 1908-ci il teatr həyatında çox
böyük hadisə oldu. Bu opera ilk tamaşasından
başlayaraq, misilsiz müvəffəqiyyət qazandı
və geniş tamaşaçı kütləsi
tərəfindən çox böyük
rəğbətlə qarşılandı. "Leyli və
Məcnun" 1908-ci ildə üç dəfə
göstərildi, lakin ona o qədər maraq oyanırdı ki,
tamaşaçıların çoxu bilet tapmayıb, məyus
halda geri qayıdırdı.
***
Dünya opera sənəti
tarixində çox az səhnə əsəri tapmaq olar ki,
"Leyli və Məcnun" operası kimi bu qədər
müddət ərzində səhnədən
düşməsin. Teatr təcrübəsi tarixində bu nadir
müvəffəqiyyət nə ilə izah oluna bilər?
Necə oldu ki, bitkin musiqi təhsili görməmiş
üzeyir Hacıbəyov 22 yaşında "Leyli və
Məcnun" operasını yazdı? Nə üçün
üzeyir bəyin bəstəkarlıq sənətinin şah
əsəri olan və dünya klassik operalarından biri hesab
olunan "Koroğlu" kimi əsərin
yazıldığı bir dövrdə də "Leyli və
Məcnun" operasının şöhrəti
azalmamışdır?
Erkən yaşlarından qarşıda duran
məsələləri yaxşı dərk edən üzeyir
bəy həyatda boynuna düşən əsas tarixi
vəzifəni çox tez duymuşdu. Bu vəzifə milli
opera yaratmaq vəzifəsi idi.
Hələ 1897-98-ci illərdə 13 yaşlı uşaq
ikən Şuşada gördüyü bir musiqili
səhnəcik üzeyir bəyin xəyalından heç vaxt
çıxmırdı. Görkəmli dramaturq
Əbdurrəhim bəy Haqverdiyevin təşəbbüsü
və məşhur xanəndə Cabbar Qaryağdı
oğlunun ifasında göstərilən bu səhnəcik
"Məcnun Leylinin qəbri üstündə"
adlanırdı. Bu haqda üzeyir bəy yazırdı:
"Həmin səhnə mənə o qədər dərin
təsir bağışladı və o qədər məni
həyəcanlandırdı ki, bir neçə ildən sonra
Bakıya köçdükdə operaya bənzər bir
şey yazmaq qərarına gəldim. Bunun üçün
mən xalq yaradıcılığının klassik
nümunələri olan muğamlardan musiqi materialı kimi
istifadə etmək qərarına gəldim. Vəzifəm
ancaq Füzuli poemasının sözlərinə forma və
məzmunca zəngin, rəngarəng muğamlardan musiqi
seçmək, əsərdəki dramatik hadisələrin
inkişafını münasib tərzdə qurmaqdan ibarət
idi".
Bu sözlərdən aydın olur ki, üzeyir Hacıbəyov
Füzuli poemasının əsas ideya məzmununu,
şeirlərini olduğu kimi saxlamış, bununla orta əsr
Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq
vermişdir.
üzeyir bəy bu əsərlə poeziya ilə musiqinin
harmonik birliyinin təntənəsinə nail olur.
***
"Leyli və Məcnun" operasının
müvəffəqiyyətini şərtləndirən əsas
amillərdən biri məhz gözəl poetik mətnin klassik
musiqi ilə bacarıqla uyğunlaşdırılması idi.
Operanın yaranma tarixini xatırlayan üzeyir bəy yazır:
"Leyli və Məcnun" operasının partiturası yox
idi. Bunu hadisələrin və nömrələrin
ardıcıllığını göstərən
"direksion" əvəz edirdi. Nota ancaq orkestr musiqisi
və xor üçün xalq mahnılarından götürülmüş
melodiya materialı salınmışdı.
Müğənnilərin oxuduqları muğam ladında
mətndən kənara çıxmamaqla improvizasiya ilə
məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir
muğamın olduqca çox improvizasiya variantı
vardı".
üzeyir Hacıbəyovun bu operada Azərbaycan xalq musiqi
yaradıcılığının ən zəngin və
bitkin, musiqi dramaturgiyası baxımından ən
mürəkkəb növü olan muğamatdan istifadə
etməsi heç də təsadüfi deyildi. Məlumdur ki,
muğamat xalq musiqi təfəkkürünün məhsuludur.
Bütün bu cəhətləri və xüsusilə
muğamatın geniş kütlə tərəfindən
sevilən musiqi oluduğunu nəzərə alsaq, Azərbaycan
operasının banisi üzeyir bəyin öz ilk opera
əsərini məhz muğamat və xalq mahnıları
əsasında tərtib etməsi təşəbbüsü
tamamilə həyati olması aydınlaşar.
üzeyir bəy bu operada hansı muğamın hansı
qəzələ daha müvafiq olduğunu böyük
sənətkar zövqü və həssaslığı
ilə müəyyənləşdirmişdir. Bu isə
əsərdə psixoloji təbiiliyin yaranması və musiqi
ifadəsinin münasib intonasiyalar üzərində
qurulmasını təmin etmişdir.
Bir sözlə, üzeyir Hacıbəyov öz
əsərində muğamlara bir növ obraz vermiş, daha
doğrusu, adətən, mücərrəd bir mənanı,
məhəbbəti, sevinci, kədəri ifadə edən həmin
muğamları səhnədəki hərarətlə, aktyor
oyunu ilə birləşdirmişdir.
"Leyli və Məcnun" operasının yaranması
zamanı bir çox çətinliklər üzə
çıxır. üzeyir bəy özü qeyd edirdi ki, o
zaman nə ciddi ifaçılıq mədəniyyətimiz,
nə müəyyən bir nəzəri
hazırlığımız, nə də öz
səhnəmiz vardı, maddi və sənətkarlıq
cəhətdən də çətinlik çəkirdik.
Bu operada Məcnun rolunun məşhur ifaçısı
Sarabski isə bu çətinlikləri belə
təsəvvür edirdi: "Yer olmadığından biz
müxtəlif mənzillərə toplaşaraq məşq
edirdik. üzeyir bəy həm not yazır, librettoda
dəyişikliklər edir, hər bir rolun
ifaçıları ilə ayrı- ayrılıqda
məşq edirdi. Tarda Qurban Pirimov solo nömrələrini
müşayiət etmək üçün
hazırlaşırdı. Kostyumları tapmaq çox
çətin idi. üzeyir bəy tələbə
yoldaşlarından - Ə.Terequlov, A.Qasımov, F.Ağayev
və başqalarından ibarət orkestr təşkil
etmişdir. Onun özü də orkestrdə birinci
skripkaçı kimi çalırdı".
Orkestrə tarzənlər də dəvət olunmuşdu. Lakin
onlar arasında tez-tez mübahisələr yaranırdı.
Tamaşaya bir neçə gün qalmış hansısa bir
melodiyanın ifası barədə onlar arasında yenə
də mübahisə yaranır və bu, böyüyüb
elə bir şəkil alır ki, operanın ilk
tamaşasında Qurban Pirimovu istisna etməklə,
tarçalanlardan heç biri gəlmir. üzeyir
Hacıbəyov tamaşanın başlanmasına iki saat qalmış
bu boşluğu aradan qaldıraraq, tələsik skripka
üçün yazılmış partiyaya əlavələr
etməli olur.
Lakin çətinliklər bununla bitmirdi. Ən əsas
məsələ - Leyli və digər qadın rollarını
oynayacaq kişilər tapmaq məsələsi idi.
Azərbaycanda o dövrdə qadınların səhnəyə
çıxıb artistlik edə biləcəyi heç kimin
ağlına gətirilə bilməyən bir iş idi. Leyli
rolunun ifaçısını çox axtarmalı olurlar. Axır
ki, Bakı çayxanalarının birində
çayçı şagirdi olan Əbdürrəhim
Fərəcov adlı bir gəncin nazik səslə
oxumasını eşidən üzeyir bəy onu Leyli roluna
dəvət edir. Onu çox dilə tutmalı olurlar ki, Leyli
rolunu oynasın. Ə.Fərəcov, nəhayət ki,
razılıq verir.
***
"Leyli və Məcnun" operasının
müvəffəqiyyətinin digər səbəbi məhz
həvəskar aktyorların öz rollarını böyük
sənətkarlıqla, həvəslə, ruh yüksəkliyi
ilə ifa etmələri idi.
1908-ci il 12 (25) yanvar tamaşasının proqramında ilk
rolların ifaçıları bunlar idi: Məcnun - Sarabski,
ümmülqeys (Məcnunun anası) - Kazımovski,
Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Leyli -
Ə.Fərəcov, Fəttah (Leylinin atası) -
İ.Qasımov, ümmülleyli (Leylinin anası) -
C.Vəzirov, İbni Salam - C.Dağıstanlı, Zeyd -
M.Terequlov.
Azərbaycan peşəkar musiqi tarixinin görkəmli
şəxslərindən olan və indiyəcən Məcnun
rolunun unudulmaz ifaçısı kimi tanınan H.Sarabski bu
rolda 400 dəfədən artıq çıxış
etmişdir. Məcnun Sarabskinin - opera səhnəmizin bu
böyük ustadının klassik obrazlarından biridir. Leyli
surətini isə bu günlərədək Ə.Ağdamski
kimi yaradan olmamışdır. Azərbaycan
səhnəsində qadın obrazlarını kişilərin
yaratmalı olduğu dövrdə Leyli surətini yaradan
Ə.Ağdamskinin rolu əvəzsizdir.
***
"Leyli və Məcnun" operası dahi
bəstəkarımız üzeyir Hacıbəyovun
yaradıcılıq yolunda ilk addımları idi.
Məsələ burasındadır ki, dahilərin sənət
yollarındakı ilk addımları da böyük və
mənalı olur. "Leyli və Məcnun" məhz
belə addımların bəhrəsi olmuşdur.
Milli musiqi mədəniyyətimiz tarixində "Leyli və
Məcnun"un ilk tamaşası yeni amillər üzə
çıxartdı. Onlardan biri də opera truppalarının
yaradılması idi. Bu operanı tamaşaya qoymağa
hazırlaşarkən fəal həvəskar aktyorlar bir
kollektivdə birləşdi. Onların arxasınca "Leyli
və Məcnun"un şöhrətini daha da
genişləndirən nəsil yetişdi.
Digər amillər opera sənətimizdə xor, simfonik orkesr,
dekorativ tərtibat və s. elementlərinin yaradılması
idi. Aktyorlar, rejissorlar, rəssamlar, orkestr rəhbərləri
tamaşadan-tamaşaya öz yaradıcılıq
işlərini daha da təkmilləşdirirdilər.
"Leyli və Məcnun" operası yeni Azərbaycan
operalarının da meydana çıxmasına şərait
yaratdı.
Azərbaycan musiqisini inkişaf etdirən və sonradan
özləri də tanınan, məşhurlaşan bir
çox ifaçılar bu ölməz məhəbbət
dastanı ilə böyük sənətə qədəm
qoymuşlar.
***
100 il ərzində opera səhnəmizdə
neçə-neçə Leylimiz, Məcnunumuz olub. "Leyli
və Məcnun" hər bir xanəndə üçün
sənət hünərinə, sənət
məktəbinə çevrilib.
Məcnun rolunu onun ilk əfsanəvi ifaçısı
Sarabskidən sonra Hacıbaba Hacıbababəyov,
Əlövsət Sadıqov, Şirzad Hüseynov, Qulu
Əsgərov, Əbülfət Əliyev, Bakir Haşımov,
Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Alim
Qasımov, Mənsum İbrahimov, Səbuhi İbayev; Leyli rolunu
isə Gövhər Əliyeva, Sürəyyə Qacar, Sona
Hacıyeva, Yavər Kələntərli, Həqiqət Rzayeva,
Sima Haşımova, Gülxar Həsənova, Rübabə
Muradova, Rəsmiyyə Sadıqova, Sara Qədimova, Zeynəb
Xanlarova, Nəzakət Məmmədova, Səkinə
İsmayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova,
Gülyaz Məmmədova ifa etmişlər.
"Leyli və Məcnun" operasının Azərbaycan
xalqının ürəyində xüsusi yeri vardır və
bu yer əbədidir. Hələ çox illər
keçəcək və biz "Leyli və Məcnün"
ilə üzeyir bəy sənətinin böyük
qüdrətini, möcüzəsini, sehrini bir daha hiss
edəcəyik.
üzeyir bəyin "Leyli və Məcnun"u heç bir
zaman yox olmayacaq, əbədi xoş bir təravətlə
insanların qəlbinə, fikrinə təsir edəcək,
onları böyük və azad insan məhəbbəti
uğrunda daim mübarizəyə çağıracaq!..
Təzadlar.- 2008.- 29 yanvar.- S. 12.