Çəmənli M.

 

Yüz il səhnədə

 

Yaşanılan hər gün tarix deyildir. Ağacların yarpaqlaması kimi bir şeydir. Amma millətimizin təqvimində anılası, həmişə yad olunası, bayram ediləsi şərəfli tarixi günlər çoxdur. Belə unudulmaz günlərdən biri də milli operamızın yaranması ilə bağlıdır. Düz 100 il bundan qabaq, soyuq bir qış axşamında, 12 yanvar 1908-ci ildə Tağıyev teatrında xalqımız tarixi bir gün yaşayırdı. O tarixi günün ilk yaradıcısı, onu bizə bəxş eləyən 22 yaşlı Üzeyir bəy Hacıbəyliydi.
Hər bir tarixi şəxsiyyət öz mühitinin yetirməsidir. O mühit olmadan heç nə əldə etmək olmaz. Üzeyir Hacıbəyov da öz mühitinin yetirməsi idi. Üzeyir bəy Qarabağın tacı olan, xanlar, xanzadələr, qəhrəmanlar, ədiblər, şairlər, musiqiçilər beşiyi Şuşada dünyaya göz açmışdı. Günəş üfüqdən boylananda Topxana meşəsinin şeyda bülbüllərinə qulaq kəsilmiş, əsrarəngiz Qarabağ təbiətinin seyrinə dalmış, zümzüməsini dinləmişdi. O, kiçik yaşlarında olanda adı dillər əzbəri olan xan qızı Natəvanın dizləri üstə oturmuşdu. Dövrünün məşhur xanəndələrindən olan Hacı Hüsünün, Məşədi İsinin, Əbdülbaqi Zülalovun, Cabbar Qaryağdıoğlunun... insanın ruhunu tel-tel edən, xəyalını qanadlandıran səslərini ruhuna köçürmüşdü.
Şuşa o zaman artıq Zaqafqaziyada bir mədəniyyət mərkəzinə çevrilmişdi. Onun övladları Peterburqa, Kiyevə, Varşavaya, Londona, Parisə, Tiflisə təhsil almağa gedirdilər. Yaxşı ki, gedənlər biryolluq getmirdilər, qayıdıb xalqına, millətinə xidmət etməkdən qürur duyurdular. Şuşanın o zamanlar Mir Möhsün Nəvvabı, Nəcəf bəy Vəzirovu, Firidun bəy Köçərlisi, Haşım bəy Vəzirovu, Əhməd bəy Ağaoğlusu, Əbdürrəhim bəy Haqverdiyevi, Ağalar bəy Əliverdibəyovu ... vardı. Dünya artıq günü-gündən tərəqqiyə doğru gedirdi. Səsyazan qrammofon valları meydana gəlmişdi. Qarabağ xanəndələri Varşavaya, Riqaya gedib səslərini qrammofon vallarına yazdırırdılar. Allahın sevimli bəndələri olan bu insanlar fitrətən bəstəçi idilər, not bilməsələr də, gündə bir mahnı, təsnif yaradıb dillərə salırdılar. O zaman on iki-on üç yaşlı Üzeyir bəy bax belə bir aləmin içindəydi. Allah ona da səs vermişdi, yoxsa bunca milli, bunca bəşəri, bunca gözəl, ifadəli, məzmunlu, yaddaqalan musiqi əsərləri yarada bilməzdi. Sonralar Üzeyir bəy özü də yazırdı ki, mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt muğam və təsnif oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər.
1897-ci ilin avqustunda Şuşada Xandəmirov teatrında gənc dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Məcnun Leylinin qəbri üstündə" adlı musiqili səhnəciyi oynanılırdı. Mirzə Sadıqcan tar çalırdı, Cabbar Qaryağdıoğlu Məcnun qiyafəsində səsilə ürəklərə od salırdı, kiçicik bir xor dəstəsi də vardı və 12 yaşlı Üzeyir də bu xor dəstəsində oxuyurdu. Bu musiqili səhnəcik o zaman yeniyetmə Üzeyirə çox təsir etmişdi. Sonralar, 1938-ci ildə "Leyli və Məcnun"dan "Koroğlu"yadək adlı məqaləsində ilk operanın yaranma tarixi barədə belə yazırdı: "Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildə işləməyə başladım, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, "Məcnun Leylinin qəbri üstündə" səhnəciyini görəndən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".
1899-cu ildə Üzeyir bəy Hacıbəyov Tiflisə gedib Qori müəllimlər seminariyasına qəbul olundu və burada təhsil alarkən skripkada çalmağı öyrəndi. Musiqi haqqında təsəvvürləri xeyli genişləndi. 1904-cü ildə seminariyanı bitirən Üzeyir əvvəl Hadrutda (Xocavənd - M.Ç.), sonra Bakıda müəllimlik və jurnalistlik etdi. Ancaq "Leyli və Məcnun" operasını yaratmaq ideyası onu heç vaxt tərk etmirdi. Çox düşündükdən sonra o, kiçik qardaşı Ceyhun Hacıbəyliylə dahi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında operanın mətnini tərtib etdilər. Təbii ki, özlərinin artırma və əlavələri də vardı.
Gənc bəstəkar "Leyli və Məcnun" operasını yaradarkən Şərqdə ilk dəfə klassik muğamlardan istifadə etmişdi. Üzeyir bəy yazırdı ki, "mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi.
"Leyli və Məcnun"un partiturası yox idi.
Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən direksion əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. "Leyli və Məcnun"da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir".
Üzeyir bəyin bu yeni, orijinal işindən ağlı bir şey kəsməyən, bu zəhmətin səmərəsiz olduğunu söyləyənlərlə yanaşı, Üzeyir bəyin istedadına inanan, ona mənəvi dayaq olan dəyərli insanlar da vardı. Yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyev Üzeyir bəyin bu işində çox yaxından iştirak edirdi. Əbdürrəhim bəy teatr pərəstişkarı idi. İlk musiqili səhnəcik kimi, Şuşada və Bakıda ilk Şərq gecələrini də keçirən, xanəndə və sazəndələri toy mağarlarından gətirib səhnəyə, böyük tamaşaçı qarşısına çıxaran da o idi. Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli "Teatr pərəstişkarı" məqaləsində yazırdı: "1907-ci ildə Bakıya gəlib realnı məktəbə girmişdim. Əbdürrəhim bəy Bakıda idi. "İslamiyyə" otelində yaşayırdı... "Şaqqulunun xeyir işi"ndən sonra "Saranın hekayəsi"ni yazıb "İslamiyyə"yə gətirdim. Əbdürrəhim bəylə yan-yana Üzeyir bəy Hacıbəyli yaşayırdı. "Leyli və Məcnun" üzərində çalışırdı. Sarabski və Hüseyn Ərəblinski buraya tez-tez gəlirdilər. Opera da Əbdürrəhim bəyin iştirakı olmadan keçmirdi. 1908-ci il yanvar ayının 12-də ilk quruluşuna getdikdə Əbdürrəhim bəyi dirijor kürsüsündə gördüm".
Üzeyir bəy ətrafına topladığı gənclərlə, keçmiş tələbə yoldaşları ilə "Leyli və Məcnun" operasının ilk məşqlərini "İslamiyyə" otelində, daha sonra opera tamaşasının ilk iştirakçılarından olan İmran Qasımovun (Kəngərli) geniş zalında keçirmişdir. Üzeyir bəy ilk dəfə idi ki, bu əsəri ilə klassik muğamlarda insan ovqatının, onun əhvali-ruhiyyəsinin, hiss və həyəcanlarının ifadəsini tapmışdı. O, lal duyğularımızı ifadə edən, ovqatımızdan asılı olaraq bizə sevinc, kədər, şadlıq, gümrahlıq bəxş edən muğamlara canlılıq, hərəkət vermişdi. İlk dəfə idi ki, məhz onun qəhrəmanları hiss və həyəcanlarını, etiraz və düşüncələrini ayrı-ayrı muğam parçalarını oxumaqla ifadə edirdilər. Bu operanın bir üstün cəhəti və zaman-zaman yaşamasını şərtləndirən keyfiyyətlərdən biri də, zənnimizcə, hər bir ifaçının oxuduğu musiqi partiyalarında improvizə imkanının olmasıdır. Səs diapazonundan yaradıcılıqla istifadə eləyən, oynadığı rolun hiss və duyğularına həssaslıqla yanaşan hər bir müğənni-aktyora bu əsər çox böyük imkanlar yaradır. Bu əsərin ölməzliyini, bəşəriliyini, humanist dəyərlərə malik olmağını labüd edən bir cəhət də odur ki, burada əslində mənfi insan surəti yoxdur. Bu əsərdə hər bir obraz öz məqamında, öz dünyagörüşündə dərk edən, ali duyğuların daşıyıcısıdır.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdik. "Leyli və Məcnun" operasının ilk afişasında Üzeyir bəylə yanaşı, qardaşı Ceyhun bəyin də adının yazılması hər şeydə qara axtaran bəzi jurnalistlərin qərəzli, yanlış yazılarının meydana gəlməsinə səbəb olmuşdur. Onlar bir növ Üzeyir bəyin müəlliflik hüququna kölgə salmaq istəyində bulunublar. Çox yaxşı ki, bütün bu cəfəng söz-söhbətə tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy Hacıbəyli özü kitabda oxucuların nəzərinə çatdırdığımız xatirəsində son qoyub. Fransada mühacirət həyatı yaşamağa vadar olmuş Ceyhun bəy yazır: "Qeyd etməliyəm ki, bütün bu əziyyətin çox hissəsi qardaşım Üzeyirin üstünə düşürdü. Bəzən o, gecə saat ikiyə-üçə qədər oturub işləyir, hədsiz hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışırdı. Mən də öz imkanım daxilində ona kömək edirdim".
Dövrünün bütün mütərəqqi şəxsiyyətləri "Leyli və Məcnun" operasının tamaşasının baş tutmasında maraqlı idilər. O dövrdə dram əsərlərində oynamaq üçün kifayət qədər aktyorun olmasına baxmayaraq, musiqili səhnə əsərləri olmadığından bu sahədə də Üzeyir bəy çox çətinliklərlə üzləşmişdi. Xüsusən Leyli rolunun ifaçısını tapmaqda. Hüseynqulu Sarabski, Mirzə Muxtar, Mirmahmud Kazımovskinin səhnə təcrübələri olsa da, ilk dəfə idi ki, musiqili əsərdə iştirak edirdilər. Nəhayət, "Nicat" maarif cəmiyyətinin də köməyi ilə 12 yanvar 1908-ci ildə "Leyli və Məcnun" səhnəyə qoyuldu. "Leyli və Məcnun" tamaşasının ilk ifaçıları aşağıdakılar olmuşlar: Məcnun (Qeys) - Hüseynqulu Sarabski, Ümmülqeys (Məcnunun anası) - Mirmahmud Kazımovski, Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Leyli - çayçı şagirdi Əbdürrəhman Fərəcov, Ümmülleyli (Leylinin anası) - C.Vəzirov, Leylinin atası və Zeyd rollarında - İmran Qasımov (Kəngərli), İbn Səlam və Nofəl rollarını isə C.Dağıstani təxəllüsü ilə Ceyhun Hacıbəyli oynayırdı. 7 ərəb rolunda - Məmmədov, Səfərov, Vəzirov və başqaları oynamışlar. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev, suflyoru Əlabbas Rzayev idi. Operanın orkestrində bəstəkarın seminariya yoldaşları - Əli Terequlov, Ağəli Qasımov, Hacıbala Zamanov, Fərhad Ağayev, Qayıbov, İsmayılov və başqaları çalırdılar. Onlarla bərabər Üzeyir bəy özü də skripka çalırdı. İfaçıları tarda Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Tamaşanın ilk baletmeysteri isə Bəhram Vəzirov idi.
Bir ehtimala görə tamaşanın rəssamı "Füyuzat" jurnalının baş redaktoru, böyük alim, mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.
"Leyli və Məcnun"un ilk tamaşası görünməmiş müvəffəqiyyətlə keçmişdir.
Tamaşaçılar sanki illərlə belə bir əsərin yolunu gözləyirmişlər. Lakin bu uğura baxmayaraq, bir müddət tamaşanı təkrar göstərmək mümkün olmamışdır. Bunun da səbəbi Leyli rolunun ifaçısı Ə.Fərəcovun oynamaqdan imtina etməsi olmuşdur. Nəhayət, ikinci tamaşa aprel ayında baş tutmuşdur. Bu dəfə Leyli rolunda Miri adlı birisi çıxmışdır ki, bizim fikrimizcə bu, o zaman realnı məktəbin tələbəsi Əhməd Ağdamski idi. Ə.Ağdamski 1920-ci ilə qədər Leyli rolunun ən yaxşı ifaçısı kimi tanınmışdır.
"Leyli və Məcnun" yarandığı gündən sevilmiş və musiqisi dillər əzbəri olmuşdur.
Bəstəkarın uğuru bir çox bəsit qələm sahiblərində həsəd, paxıllıq hissi yaratmışdı. Qəzetlərdə hər zaman onu sancmaq, gözdən salmaq istəyənlər, guya, operanın dramanı məhv etdiyini söyləyənlər vardı. Bütün bunların şahidi olmuş görkəmli aktyor Mirzəağa Əliyev sonralar yazırdı: "... 1909-cu ildə "Zənbur" adlı gülgü jurnalı nəşr olunurdu. Bu məcmuə "Leyli və Məcnun", "Ər və arvad", "O olmasın, bu olsun" kimi əsərlər yaratmış Üzeyir bəy Hacıbəyova bir karikatura çəkmişdi. Üzeyir bu şəkildə belə göstərilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Bu zurnanın içindən isə notlar çıxırdı. Karikatura demək istəyirdi ki: "Buna baxın, ha! Üzeyir bəy Hacıbəyov zurnadan not yaratmaq istəyir".
Mən arzu edirəm elə bir qüdrətim olaydı ki, Üzeyir Hacıbəyova məcmuədə karikatura çəkənləri yarım saatlığa dirildib "Koroğlu" operasını onlara göstərəydim. Bu cənablar öz tutduqları əməldən, yəqin ki, çox xəcalət çəkərdilər".
Məhz "Leyli və Məcnun" meydana gələndən sonra opera və operettaların yaranmasına bir təkan oldu. Rus inqilabından əvvəl Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", "Harun və Leyla", "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi opera və operettalarını yazıb səhnəyə qoymuşdur. Üzeyir bəyin muğam operalarından ruhlanaraq Zülfüqar Hacıbəyov "Aşıq Qərib", Müslüm Maqomayev "Şah İsmayıl" operalarını yaratdılar. Başqaları da istedad, səriştə tələb edən bu işə girişsələr də, uğur qazana bilmədilər. "Leyli və Məcnun" ölkəmizin teatrlarını dolaşdı, İranda, Türkiyədə, Özbəkistanda, Gürcüstanda, Türkmənistanda, Dağıstanda ...oynanıldı və bir çox qardaş xalqların milli operasının meydana gəlməsinə bir təkan oldu.
Bu ölməz səhnə əsərində nəsillər nəsilləri əvəz edib, dəyişib, dəyişilməyən, zamanın amansız, güzəştsiz zərbələrinə şərəflə sinə gərən isə yenə bütün Şərqdə ilk opera olan "Leyli və Məcnun" olub. Üzeyir bəyin bu ölməz məhəbbət dastanı zaman-zaman yaşayacaq, yeni-yeni Leylilər, Məcnunlar, İbn Səlamlar, Nofəllər ... yetirəcəkdir.

 

Azərbaycan.- 2008.- 12 yanvar.- S. 12.