Qaliboğlu E.
"Üzeyir
Hacıbəyovun musiqisi dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil olub"
Opera və Balet teatrında
"Leyli və Məcnun" operasının
tamaşası oldu
Dünən dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun ev-muzeyində
məşhur "Leyli və Məcnun" operasının
səhnələşdirilməsinin 100 illiyi
münasibətilə tədbir keçirildi. Tədbirdən
öncə iştirakçılar Üzeyir bəyin
ev-muzeyinin eksponatları ilə tanış oldular. Bu
müddətdə "Leyli və Məcnun"
operasının audioyazısı səsləndirildi.
Tədbiri giriş sözüylə muzeyin direktoru,
bəstəkar Sərdar Fərəcov açdı, Üzeyir
Hacıbəyovun xalqımızın tarixində tutduğu
özünəməxsus, bənzərsiz rolundan
danışdı: "Tariximizin bu günü hamımız
üçün çox əlamətdardır. 100 il bundan
qabaq "Leyli və Məcnun"
səhnələşdirildi. Üzeyir bəy yüz il qabaq
Şərqdə ilk dəfə opera yazmaq fikrinə
düşdü və bu fikrini uğurla
gerçəkləşdirə bildi.
Yığışdığımız bu mənzildə "Leyli
və Məcnun"un ilk məşqləri başlandı.
Küçənin sakinləri gələcək operanın
ilk sədalarını eşitdilər. 1908-ci il yanvarın
25-i, keçmiş tarixlə isə yanvarın 12-də
Azərbaycan musiqisinin həyatında yeni bir era
başlandı. Dahi Məhəmməd Füzulinin "Leyli
və Məcnun" poeması əsasında yazılmış
"Leyli və Məcnun" operası həyata qədəm
qoydu. 100 ildir ki, bu tarix Azərbaycanda həm də musiqili
teatrın yaranması günü kimi qeyd olunur. Bu tarixi indi
daha böyük sevinclə bayram edirik".
Mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva
da bu tarixin xalqımız üçün çox yaddaqalan
olduğunu bildirdi: "Məhz bu tarixdə Tağıyevin
teatrında 22 yaşlı gənc Üzeyir bəyin belə
bir möhtəşəm əsərinin ilk tamaşası
oldu.
Bununla da Üzeyir bəy Şərqdə opera sənətinin
əsasını qoydu.
Üzeyir bəy Şərqdə geniş yayılmış
bu mövzuya musiqisi ilə sanki yeni bir nəfəs verdi.
Sevindirici haldır ki, bu opera YUNESKO-nun siyahısına
düşüb. Üzeyir bəy Azərbaycan professional
musiqisinin inkişafında mühüm rol oynayıb".
Üzeyir bəy musiqimizi yeni forma və
istiqamətlərlə zənginləşdirdi, millilik
xətti üstə inkişaf etdirdi. Qeyd edildi ki, Üzeyir
bəyin musiqisi dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil olub. Üzeyir bəyin ev-muzeyində
onun əsərlərinin tamaşaları ilə bağlı
xeyli məlumatlar, soraqlar qorunub saxlanılır: "Üzeyir
bəy zaman keçdikcə hər birimizin yaddaşına daha
dərindən daxil olur. Bu, o deməkdir ki, doğrudan da
əsil sənət heç vaxt qocalmır".
Üzeyir bəyin "Leyli və Məcnun"undan sonra
Azərbaycanda bəstəkarlıq sənəti böyük
bir vüsətlə inkişaf etməyə başladı.
Üzeyir bəy özü az vaxt içərisində
biri-birinin ardınca xeyli əsərlər ("Ər və
arvad", "Şeyx Sənan", "O olmasın, bu
olsun", "Koroğlu" və b.) yazdı.
Həmçinin Müslüm Maqomayev də ondan sonra bu
sahədə əsərlər yaratdı.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin sədri Firəngiz Əlizadə Üzeyir
bəyin sənətinin daim yaşayacağını bildirdi:
"Üzeyir bəy elə bir sənət zirvəsi
yaradıb ki, həmin məqam ancaq onun özünə
məxsusdur. "Leyli və Məcnun" operası çox
möhtəşəm alınmışdı. Üzeyir
bəy Avropa musiqisi ilə Şərq musiqisinin
vəhdətini böyük bir dahiliklə yarada bildi".
Qeyd edildi ki, operanın səhnə tarixində xeyli Leyli
və Məcnunlar olub. Canəli Əkbərov Üzeyir
bəyin ölməz musiqisinin onun canına, qanına
keçdiyini, daim bu musiqi ilə nəfəs
aldığını bildirdi: "Üzeyir bəy
Füzulinin böyük dünyasına sanki musiqi ilə
yenidən nəfəs verdi. O, elə bir musiqi yaratdı ki,
daim onu dinləyirsən, amma ki, doymaq bilmirsən.
Təsadüfi deyil ki, Azərbaycan musiqi tarixində
Leyli-Məcnunlara həmişə xalq tərəfindən
böyük rəğbət olub.
Üzeyir bəyin hər mənada
yaradıcılığı zəngin olub. Təkcə
"Leyli və Məcnun" və "Koroğlu"
operaları bəs idi ki, Üzeyir bəyin
böyüklüyü bilinsin. O, muğamlarımızdan
məharətlə istifadə etdi, gözəl bir opera ortaya
qoydu".
Operanın ilk qadın rolunun ifaçısı olan
Əhməd Ağdamskinin oğlu professor Telman Ağdamski bu
tarixin onun üçün də çox əziz olduğunu
bildirdi: "Bu gün hamımız üçün musiqi
bayramıdır, bu, həm də Azərbaycan
mədəniyyətinin, teatrının bayramıdır. Bu
tarixlə çox şey başladı. Üzeyir bəy o
dövrün cahilliyindən bəhs edib yazırdı ki, bu
dövrdə mədəniyyət
axtarmaq minlərlə buğda içərisində bir
darını axtarmaq demək idi. Məhz belə bir vaxtda
"Leyli və Məcnun" operasının meydana
gəlməsi doğrudan da əlamətdar bir hadisə idi.
Leyli rolunun ilk ifaçısı Əbdürrəhim
Fərəcov olub, lakin qınaqlardan, təzyiqlərdən
sonra o, Leyli rolunda oynamaqdan imtina edib. Amma atam bu rolda oynamağa
razılıq verərkən şüurlu şəkildə
hər şeyi gözünün altına almışdı.
Uzun müddət atam Üzeyir bəyin tamaşalarında
qadın rollarının məharətli ifaçısı
olub. Bu barədə o dövrün qəzetləri də
yazıblar ".
ABŞ-dan gəlmiş bəstəkar Con Haynes Üzeyir
bəyin musiqisinə heyranlığını bildirdi. O, bir
neçə il qabaq Bakıya gəlib, Üzeyir bəyin
ev-muzeyində olub, bu musiqinin böyüklüyünə
heyran olub. Amerikaya qayıdan Con bu barədə
ictimaiyyətə bilgilər verib. Hətta o, Üzeyir
bəyin musiqisindən təsirlənərək özü
də opera yazıb. Qonaq Azərbaycanda gördüyü
doğmalığın qarşılığında söz
tapmadığını bildirdi: "Üzeyir bəyə
Azərbaycanda olan böyük sevgidən çox
təsirləndim. Muzeyin zəngin eksponatları ilə
tanış oldum. Azərbaycanda mədəniyyətə
qayğıdan təsirləndim. Amerikaya qayıdanda bu
barədə mütləq yenə danışacağam.
Xoşbəxtəm ki, burada Üzeyir bəyin pianosunda
çalmaq mənə nəsib oldu. Amerikada dostlarıma dedim
ki, siz hələ Üzeyir bəyin pianosunda
çalmamısınız. Üzeyir bəyin
əsərlərini böyük sevgiylə ifa edirəm.
Üzeyir bəyin adı zaman keçdikcə daha çox
tanınacaq". Qonaq Üzeyir bəyin ruhuna sayğı
əlaməti olaraq baş əydi.
Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev
teatrın repertuarında həmişə Üzeyir bəyin əsərlərinin
mühüm yer tutduğunu bildirdi.
Xalq şairi Sabir Rüstəmxanlı Üzeyir bəyin
Aəzərbaycan ictimai fikrində tutduğu mövqedən
danışdı: "Üzeyir bəyin əvəzsizliyi onun
yaradıcılığının bir çox
sahələrində özünü təsdiq edib. O, həm
də böyük publisist idi. Amma onun
bəstəkarlığı o qədər böyükdür
ki, ədəbi əsərlərinə o qədər də
fikir verən yoxdur. O, həm də böyük bir dramaturqdur.
Üzeyir bəy həm də müstəqil Azəraycan
mətbuatının təməlini qoyanlardan biridir. 1918-ci
ildə Üzeyir bəy qardaşı Ceyhun Hacıbəyli ilə
"Azərbaycan" qəzetini buraxdı.
Xoşbətlikdən 1989-cu ildə həmin qəzeti
yenidən buraxmaq mənə qismət oldu. Qəzeti bir
həftə senzura buraxmadı, baxdım ki, o vaxtı hansı
gündə çıxıbsa, indi də həmin
gündədir. Üzeyir bəy Azərbaycanı böyük
ölçülərdə şöhrətləndirdi".
Sənətşünas, professor Zemfira Qafarova bildirdi ki,
Üzeyir bəyin irsi bundan sonra daha geniş
araşdırılmalıdır.
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Teymur Üzeyir bəyə və onun
qardaşı Ceyhun Hacıbəyliyə aid arxivdə saxlanan
soraqlardan danışdı. Qeyd etdi ki, 1925-ci ildə Fransada
səhnələşdirilən "Arşın mal
alan"ın afişası arxivdə saxlanılır. Maarif
müəllim bu yöndə arxiv materiallarının
sabahımızda müəyyən
məsələlərə aydınlıq
gətirəcəyinə əminliyini ifadə etdi.
Sonda "Leyli və Məcnun" operasının
ifaçıları Canəli Əkbərov, Qəndab Quliyeva,
Gülüstan Əliyeva və başqaları operadan
müəyyən səhnələr oxudular. Dünən
axşam isə Opera və Balet teatrında "Leyli və
Məcnun" operasının tamaşası oldu.
Xalq cəbhəsi.- 2008.- 26 yanvar.- S. 14.