Dünyanın bir sıra ölkələrində
20 Yanvar faciəsi qurbanlarının xatirəsini
anmışlar
İsraildə Azərbaycan diasporunun
təmsilçisi - Yaxın Şərq Azərbaycan Konqresinin
təşəbbüsü ilə 20 Yanvar faciəsinin 18-ci
ildönümü, Ümumxalq Hüzn Günü
münasibətilə tədbir keçirilib. Konqresin
Təl-Əvivdəki mərkəzi ofisində təşkil
olunmuş anım mərasimində diaspor
təşkilatının üzvləri, 20 Yanvar faciəsinin
canlı şahidləri ilə yanaşı İsrailin
rəsmi orqanlarının, işgüzar elitasının,
eləcə də bu ölkədə fəaliyyət
göstərən beynəlxalq və diplomatik korpusların
nümayəndələri də iştirak etmişlər. Tədbir
haqqında məlumatı bizə Yaxın Şərq
Azərbaycan Konqresinin üzvü xanım Liya Mikdaş verib.
Mərasimi giriş sözü ilə Yaxın Şərq
Azərbaycan Konqresinin prezidenti Aleks Şapiro açaraq 20
Yanvar faciəsinin başvermə səbəbləri,
nəticələri və o dövrkü hadisələrin
Azərbaycan xalqının yaddaşında
buraxdığı iz barədə danışdı. Aleks
Şapiro Azərbaycan xalqının erməni separatizmi
əleyhinə mütəşəkkil
çıxışlarının mərkəzi
hakimiyyətin ədalətsiz münasibəti fonunda
böyüyərək istiqlaliyyət, müstəqil
dövlət uğrunda milli-azadlıq hərəkatına
çevrildiyini xatırladaraq 20 Yanvar faciəsini
dağılmaqda olan sovet rejiminin həyata keçirdiyi
cəza tədbiri kimi dəyərləndirdi.
Konqresin icraçı direktoru, beynəlxalq
münasibətlər üzrə ekspert Arye Qut 20 Yanvar
faciəsinin Azərbaycan xalqının XX əsrdə
yaşadığı ən qanlı hadisələrdən
biri olduğunu dedi. Arye Qut 20 Yanvar faciəsini eyni tarixi
dövrün analoji - Tbilisi və Vilnüs hadisələri
ilə müqayisə edərək bu aksiyanın daha qanlı,
qəddar və vəhşicəsinə
törədilməsinin səbəblərini sovet rejiminin anti-insani
mahiyyətində gördü. O, azərbaycanlılarla
bərabər müxtəlif millətlərdən olan
Azərbaycan vətəndaşlarının vəhşicəsinə
qətlə yetirildiyini, onların qardaşlıq
məzarında, Bakının ən uca məkanında -
Şəhidlər xiyabanında birgə uyuduqlarını
xatırlatdı. Arye Qut harada yaşamalarından asılı
olmayaraq Azərbaycanın bu faciəvi, eyni zamanda
şərəfli tarixini heç vaxt unutmayacaqlarını
söylədi.
Konqresin vitse-prezidenti, Holonsk Universitetinin professoru Bəxtiyar
Yaqubov M. Qorbaçovun sözdə başladığı
"demokratikləşmə" ilə Kremlin
əməldə Bakıda törətdiyi vəhşilik
arasında analogiya apardı. Professor o gecə nəinki dinc nümayişçilərə,
hərbi texnika və silah nişangahına düşən
hər kəsə - uşaq və qadınlara, qoca və
əlillərə, tibb personalı və yaralılara,
hətta evlərində olan vətəndaşlara divan
tutulduğunu, onların beynəlxalq konvensiyalarla qadağan
olunmuş güllələrlə amansızcasına
qətlə yetirildiklərini bir daha tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Konqresin digər vitse-prezidenti, əslən Oğuz rayonundan
olan Rabay Xananayev faciə baş verən gün Bakıda
olduğunu, dəhşətli hadisələri gözləri
ilə gördüyünü bildirdi, üstündən 18 il
keçməsinə baxmayaraq, yaşadığı
dəhşəti unuda bilmədiyini, zatən onun və
Azərbaycan xalqının bunu heç bir zaman
unutmayacağını əminliklə söylədi.
Vitse-prezident 20 Yanvar faciəsini məqsədyönlü
şəkildə həyata keçirilmiş qeyri-qanunu
hərbi-siyasi aksiya adlandırdı və buna görə
mərkəzi sovet aparatının, həmçinin onun
Azərbaycandakı fərsiz təmsilçilərinin
məsuliyyət daşıdığını qeyd etdi.
Anım mərasimində "Herut" partiyasının
sədri Knesseta Mixael də çıxış edərək
hiss və düşüncələrini tədbir
iştirakçıları ilə bölüşdü.
İsrailli siyasətçi 20 Yanvar faciəsinin nəinki
Azərbaycanda, bütün ittifaq məkanında sovet
hakimiyyətinə olan inamı sarsıtdığını
vurğulayaraq o dövrün olaylarını sovet
imperiyasının dağılmasının
başlanğıcı kimi dəyərləndirdi.
Mərkəzi Təl-Əvivdə yerləşən Yaxın
Şərq Azərbaycan Konqresinin 20 Yanvar faciəsinin 18-ci
ildönümü, Ümumxalq Hüzn Günü
münasibətilə keçirdiyi tədbirdə Azərbaycanın
milli və dövlət müstəqilliyi, ərazi
bütövlüyü naminə canlarını fəda
etmiş bütün şəhidlərin xatirəsi ehtiramla
yad edildi, bir daha bənzər faciələrin
yaşanmaması, xalqımızın düçar olduğu
bəlalardan - erməni işğalından qurtulması
naminə görüləcək işlərdən
danışıldı.
Azərbaycan.- 2008.- 22 yanvar.- S. 6.