"Leyli və
Məcnun" operasının
100 illiyinə həsr
olunmuş elmi-praktik konfrans
AzərTAc
xəbər verir ki, yanvarın 25-də Üzeyir
Hacıbəyovun ev-muzeyində mədəniyyət və
incəsənət xadimlərinin iştirakı ilə
"Leyli və Məcnun" operasının tamaşaya
qoyulmasının 100 illik yubileyi münasibətilə
elmi-praktik konfrans keçirilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva artıq 100 ildir ki, opera teatrının
səhnəsindən düşməyən "Leyli və
Məcnun" operasının bu gün də
aktuallığını itirmədiyini bildirmişdir. O qeyd
etmişdir ki, neçə-neçə Leylilərin,
Məcnunların yetişməsində, Azərbaycan
ifaçılıq sənətinin inkişafinda böyük
rol oynayan tamaşa Şərqin iki böyük dahisinin
xalqımıza əvəzsiz töhfəsidir.
Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov
ruhunun pak, bulaq suyu kimi axıcı, büllur təmizliyi
və nuru qəlbimizə, zövqümüzə dirilik verir.
Tamaşanın hər qoyuluşunda bir canlanma, bir
təlatüm, bir həyəcan yaşanır.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti
Firəngiz Əlizadə Ü.Hacıbəyov
yaradıcılığının bir məktəb olması
ilə yanaşı, "Leyli və Məcnun"
tamaşasının da neçə-neçə opera
rejissorları, dirijorları, səhnə
tərtibatçıları, opera aktyorları
yetişdirən sənət meydanı olduğunu
vurğulamışdır.
Tamaşanın rejissoru, əməkdar incəsənət
xadimi Hafiz Quliyev 100 il bundan sonra da "Leyli və
Məcnun"u oynayan sənətkarların bu
tükənməz qaynaqdan bəhrələnəcəyini bildirmişdir.
Konfransda çıxış edən ABŞ-dan gəlmiş
bəstəkar, dirijor Con Heyns Ü.Hacıbəyov
sənəti, onu yetirən xalqın böyüklüyü
qarşısında baş əydiyini bildirmişdir. O qeyd
etmişdir ki, mən ilk dəfə 5 il əvvəl
Azərbaycanda olmuşam. Sənət adamlarının, muzey
əməkdaşlarının təqdim etdikləri
əsərlər əsasında "Azərbaycanın
məhəbbət rəqsi" simfonik əsərimi
yazmışam və bunu dahi Ü.Hacıbəyova həsr
etmişəm. Qonaq Azərbaycan hökumətinin
mədəniyyətə xüsusi qayğı
göstərdiyini xüsusi vurğulamış və bildirmişdir
ki, ev-muzeyin belə gözəl təmir olunması,
şəhərinizdəki yeniliklər də buna parlaq
misaldır.
Konfrans iştirakçıları Üzeyir Hacıbəyovun
böyük ustalıqla, sonsuz sevgi və istəklə
yaratdığı opera haqqında böyük qürur və
həyəcan hissi ilə danışmışlar.
"Leyli və Məcnun" operasında 100
dəfədən çox Məcnun obrazını yaradan xalq
artisti Canəli Əkbərov və 72 dəfə Leyli rolunu oynayan
xalq artisti Qəndab Quliyevanın çıxışları
da rəğbətlə qarşılanmışdır.
Sonda qonaqlar "Leyli və Məcnun" tamaşasının
100 illik yubileyi ilə əlaqədar təşkil olunan
sərgiyə tamaşa etmişlər.
Azərbaycan.- 2008.- 26 yanvar.- S. 7.