Məhərrəmova T.
100 il ərzində
dəyərini itirməyən şah abidə
Şərqin ilk
operası bu gün də ilahi məhəbbətin
tərənnümçüsüdür
100 il bundan əvvəl
"Leyli və Məcnun" operasının
səhnəyə qoyulması ilə Azərbaycan
incəsənətində yeni bir səhifə
açıldı. 1908-ci il yanvarın 25-də Bakıda
tamaşaya qoyulan opera təkcə Azərbaycanda deyil,
bütün Yaxın Şərqdə ilk opera kimi tarixə
düşdü. Bu, ölməz Üzeyir bəyin incəsənətimiz
üçün misilsiz xidmətlərindən biri idi.
Xalqımız bu operanı indi də tükənməz bir
məhəbbətlə sevir. Bu həvəsin, bu
marağın səbəbi aydındır: Üzeyir bəy
xalqımızın sonsuz bir məhəbbətlə sevdiyi
üç nadir incini - böyük Nizamidən bəri dillərdə
gəzən əsrarəngiz "Leyli və Məcnun"
dastanını, incə duyğularla ifadə edilən
muğamları, dahi Füzulinin qəlbi ilə dilləndirilən
şeriyyəti öz yaradıcılığında
birləşdirərək, zəngin məzmunlu, milli
formalı bir əsər yaradıb.
Opera sənəti
bəstəkar yaradıcılığının başqa
formalarına nisbətən Azərbaycanda daha əvvəl
meydana gəlib ki, belə tendensiyaya dünya musiqi
mədəniyyəti tarixində çox nadir hallarda rast
gəlmək olar. Bu, əlbəttə ki, Azərbaycan opera
sənətinin banisi, böyük bəstəkar
Ü.Hacıbəyovun yaradıcılığı ilə
bağlıdır. 1898-ci ildə Şuşa
şəhərində təşkil edilən
səhnələşdirilmiş və balaca Üzeyirin xorunda
iştirak etdiyi musiqili tamaşa Azərbaycan opera
sənətinin uğurlu yoluna şəfəq saçan ilk
qığılcım kimi dəyərləndirilməlidir.
"Məcnun Leylinin qəbri üstündə" adlı
səhnəcik məşhur poemanın tamaşa
üçün hazırlanması sahəsində ilk
təşəbbüs oldu. Bu səhnəcik yalnız
Şuşada müvəffəqiyyət qazanmamışdı.
5 il sonra, 1902-ci ilin yanvarında həmin səhnəcik
teatrlardan birində verilən "Şərq
konserti"ndə bakılılara göstərilmişdi.
Konsertin proqramına Leyli və Məcnunun dueti daxil edilmiş,
bu duet Leyli və Məcnun paltarı geymiş, həmin
illərin məşhur müğənniləri olan Cabbar
Qaryağdıoğlu və Məmməd tərəfindən
ifa edilmişdi.
"Leyli
və Məcnun" necə yarandı?
Hələ gənc
yaşlarında opera yazmaq
fikrinə düşən
Üzeyir Hacıbəyov
"Leyli və Məcnun"dan "Koroğluyadək"
əsərində bu operanın yaranması tarixini belə təsvir edir: "Mən bu opera üzərində 1907-ci ildən
işləməyə başlamışam.
Lakin bu ideya məndə hələ xeyli əvvəl, təxminən
1897-1898-ci illərdə, yəni
mən 13 yaşında
ikən doğma şəhərim Şuşada,
həvəskar aktyorların
ifasında "Məcnun
Leylinin məzarı qarşısında" musiqili
səhnəciyə baxdıqdan
sonra yaranmışdı.
Həmin
tamaşa mənə
o qədər təsir
bağışladı və
o qədər məni
həyəcanlandırdı ki, bir neçə
ildən sonra Bakıya köçdükdən
sonra operaya bənzər bir şey yazmaq qərarına gəldim".
Üzeyir bəy 1907-ci ildə dahi Füzulinin "Leyli və Məcnun"
poeması əsasında
musiqi mədəniyyətimizin
ilk irihəcmli əsəri
olan "Leyli və Məcnun" operasının mətnini
yazır. Birinci Azərbaycan operasının
mətninin məhz Füzulidən götürülməsinin
əsas səbəbi bu əsərin xalq arasında geniş yayılması, Füzuli şerinin axıcılığı və
mövzunun dövrünə
görə zəruri olması idi.
"Leyli və Məcnun" un uğurlu taleyi
nə ilə əlaqədardır?
Bəstəkar bu müvəffəqiyyəti
Azərbaycan səhnəsində
ilk milli operanın yaranması, artistlərin,
xüsusən Məcnun
rolunun ifaçısı
Hüseynqulu Sarabskinin
böyük xidmətləri
və muğamların
xalqın varlığına
hakim kəsilməsi ilə izah edir.
Bu lirik faciənin mövzusu yüksək, ülvi bir məhəbbət, qəhrəmanları isə
feodal -patriarxal şəraitdə öz ilahi məhəbbətinə
nail olmayan yeni insanlar - Leyli və Məcnundur. Hər iki
gənc yaşadıqları
mühitin adət və ənənələrinin,
şəriət qanunlarının
törətdiyi cəhalətin
qurbanı olur. Azad eşqə, sərbəst
sevgiyə mane olan bu qanunlar əsrlərlə
bütün Şərqdə
hökmran idi. Füzuli əsərinin bu romantik qəhrəmanları
zamanın mənfur adətinə qarşı
üsyan edir, azad bir məhəbbətə
can atırlar. Üzeyir bəy
də yaşadığı
dövrdə hələ
tam mənası ilə
hakim olan bu qanuna qarşı
çıxdı.
"Leyli
və Məcnun" operası təkcə dahi Füzulinin əsəri olmaqla qalmadı. Üzeyir bəyin qələmi bura 20-ci əsr xalq musiqisinin gözəlliyini, zövqünü
gətirməklə onu
daha da ucaltdı
və əsər əfsanəliyini itirərək
Azərbaycan xalqının
mənəviyyatını, istək və arzularını, milli şeir və musiqisini təmsil edən əsl tarixi abidəyə çevrildi.
İlk qaranquşlar
Azərbaycanın opera səhnəsi Məcnun rolunda çıxış
edən bir neçə artist tanıyır. Məcnun rolunu
birinci dəfə mərhum Hüseynqulu Sarabski, Leyli rolunu isə xanəndə kimi tanınan Əbdürrəhman
Fərəcov ifa edib.
Birinci tamaşa
haqqında Hüseynqulu
Sarabski "Bir aktyorun xatirələri"
kitabında belə yazır:" Axşam teatra gələndə gördüm qapının
qabağında o qədər
adam var
ki, içəri keçmək mümkün
deyil. Dal qapıya getdim,
gördüm ora bundan betərdir. O gecə binanın dörd tərəfi adamla dolu idi".
Bakıda çıxan
"Kaspi" qəzeti
isə 1910-cu ilin mayında "Leyli və Məcnun" operasına tamaşaçıların
marağını belə
ifadə etmişdi:
"Hay-küy
və basırıqdır. Kassanın
qabağında o qədər
adam var
ki, iynə atsan yerə düşməz.
- "Mən
Nuxadan gəlmişəm"
- deyə kimsə qışqırır.
- "Mən
də Tiflisdən gəlmişəm" - deyə
başqa birisi səslənir.
Səs-küydən kassirin və onun köməkçisinin
dediyini eşitmək olmur.
- Canım, bir itələməyin görək. Biz bu
yaxın kənddə
yaşaya-yaşaya heç
bilet ala bilmirik. Fikriniz nədir, yenədəmi biletsiz qalaq? Xeyr, elə şey yoxdur!
3-cü zəng
vurulur və pərdə qalxır. Tamaşaçıların
gözü qarşısında
Üzeyir Hacıbəyovun
"Leyli və Məcnun" operası canlanır".
Beləliklə, böyük
aktyor Hüseyn Ərəblinskinin quruluşu
və reyissorluğu, Azərbaycan teatrının
fəxri Hüseynqulu Sarabskinin baş rolda iştirakı və görkəmli tarzən Qurban Pirimovun ürəklərə
yol açan gözəl çalğısı
ilə böyük bəstəkar Üzeyir bəyin "Leyli və Məcnun" operasının müqəddiməsinin
ilk xoş sədası
səsləndi. Tamaşada
iştirak edən solistlər və xorun, orkestrin müşayiəti ilə
dahi Füzulinin ürəkyaxıcı
Şəbi-hicran yanar canım...
sözlərini oxuması
ilə Yaxın və Orta Şərq
musiqi tarixində yeni və parlaq
bir səhifə açıldı.
37 il
ara vermədən bu rolda çıxış
edən Sarabski qəhrəmanının ürək
çırpıntılarını, iztirab və kədərini çox gözəl verə bilirdi. Sarabski təkcə gözəl
və məlahətli
bir səslə deyil, həm də Məcnunun məhəbbət yolunda keçirdiyi bütün fəlakətləri qəlbən
yaşaması ilə
tamaşaçını məftun
edirdi.
Vokal cəhətdən
çətin olan bu rolu opera səhnəmizin
bacarıqlı ustalarından
Hüseynağa Hacıbababəyov,
Əlövsət Sadıqov,
Xanlar Haqverdiyev, Əbülfət Əliyev,
Hüsnü Qubadov, Qulu Əsgərov, Bəkir Haşımov, Arif Babayev, Canəli
Əkbərov, Baba Mahmudoğlu,
Mais Salmanov və Əli Mehdiyev oynayıb. Lirik və zərif
Leyli obrazını isə opera teatrımızın
bir sıra məharətli aktrisaları
- Sürəyya Qacar, Həqiqət Rzayeva, Yavər Kələntərli,
Gülxar Həsənova,
Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova, Nəzakət Məmmədova, Səkinə
İsmayılova canlandırıb.
Bü günün Leyli və Məcnunları
"Leyli və Məcnun"
operası indi də sönməz şöhrətə malikdir.
Dünya opera sənəti tarixində çox az səhnə
əsəri tapmaq olar ki, bir
əsr ərzində bir dəfə də olsa səhnədən
düşməsin.
Bu gün "Leyli və Məcnun"
operasının yükünü
çiyinlərində daşıyanlar
Nəzakət Teymurova,
Gülüstan Əliyeva,
Gülyanaq Məmmədova
və Aygün Bayramova, Məcnun rolunun ifaçıları
isə Mənsum İbrahimov və Səbuhi İbayevdir.
100 ildir ki, qəlbləri
riqqətə gətirən
bu məhəbbət dastanı böyük bəşəri hissin ən gözəl himni kimi səslənir.
Hər dəfə səhnədə onun seyriçisinə çevrildikcə
bir daha fikirləşirsən ki, məhəbbətin yaşı,
hüdudu yoxdur. "Leyli və Məcnun"
elə bir məhəbbət dastanıdır
ki, neçə əsrin tufanından keçsə də yenə öz gözəlliyini, təravətini,
tərbiyəvi mahiyyətini
itirməyib və insan cəmiyyəti durduqca itirməyəcəkdir.
Kaspi.- 2008.- 25 yanvar.- S. 16.