Məmmədova R.
Hüseynqulu Sarabski - “Leyli və Məcnun”
-100
XX əsr Azərbaycan
milli musiqi mədəniyyətinin parlaq
şəxsiyyətləri sırasında öz yeri, öz
mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən,
dəyişən, müasirləşən sənət
aləminin simvollarından birinə çevrilən, əsrin
səsinə səs verən, tarixi yaradan sənət
fədailərindən biri. O, səhnəmizin əfsanəvi
Məcnunudur. Sənətini musiqi incisi - "Leyli və
Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski
bütün ömrünü bu zirvənin məsuliyyətini,
onun ucalığını dərk edərək
yaşamış, sənətinə, peşəsinə
vurğunluğu ilə nəsillərə nümunə
olmuş və olacaqdır. Mənim üçün isə bu
şəxsiyyət təkcə böyük aktyor,
xanəndə, teatr xadimi, rejissor, pedaqoq deyil, həm də qanımda,
canımda, genlərimdə yaşayan doğma insan-babamdır.
O, 1945-ci ildə dünyasını dəyişəndə
mən hələ bu dünyada yox idim. Onu görməsəm
də, atamın söylədiklərini dinlədikcə onu
həyatımda olan canlı bir insan kimi sevirdim. Mən
uşaqlıqdan onunla fəxr edirdim və sonralar bu fəxr
hissinə bir məsuliyyət hissləri də qoşuldu.
Artıq neçə illərdir ki, bu hisslərin
qovuşuğunda H.Sarabski barədə düşünür və
onu xalqına və nəslimizə qoyduğu mirasa - onun
adına layiq olmağa çalışıram.
Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir
ailədə anadan olmuşdur. Əslində onun həyatı
maraqlı bir filmin süjeti ola bilərdi: taleyi də,
sənət yolu da, daxilən bütöv, mətin, qarşısına
qoyduğu məqsədə gedən yolda hər cür
maneələri dəf edən, ən əsası isə
sevdiyi işinə, peşəsinə vurğunluğunu
ömrünün son anınadək saxlayan böyük bir
aktyorun, şəxsiyyətin həyat tarixçəsidir.
İlk sənət məhəbbətinə o, son
nəfəsində də sadiq qaldı.
Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük
həvəsi və yaxşı səsi ilə seçilirdi.
Özünün xatirələrində yazdığı kimi,
"Məhərrəmlik vaxtında dini havalar oxuyar,
mərsiyə deyər, minacat çəkər, eyni zamanda el
şənliklərində, toyda-bayramda muğamlara,
mahnılara qulaq asar, öyrənərdik". 12 yaşlı
Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır: bu,
həvəskarların ifasında "Xan Sarabi" adı
ilə qoyulmuş Mirzə Fətəli Axundovun
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun
sonralar götürdüyü səhnə
təxəllüsü - Sarabski də bu güclü
təəssüratın əks-sədası oldu. Elə bu
gündən teatr və musiqi onun arzu və xəyallarında
qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın
əsasını qoymuş Mirzə Fətəli Axundovun
əsəri ilk opera artistinin taleyində rəmzi bir məna
alaraq onu əbədiləşdirən ada təkan verdi.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə
gəlmişdi. Teatrı "şeytan əməli",
aktyorluğu isə "kişiyə yaraşmaz
peşə" hesab edənlərin tənəsinə,
bəzən də hədə-qorxusuna sinə gərərək
öz arzuları və xəyallarına doğru inamla gedirdi.
Kiçik yaşlarından zəhmətə qatlaşan,
ağır fiziki işlərdən çəkinməyən
-dəmirçi, daşyonan, fəhlə işləyən
Hüseynqulu yeni əsrin səsini eşidirdi. O, oxumaq,
təhsil almaq istəyi ilə özünü oda-közə
vurur, qazandığını kitaba, dəftərə verirdi.
O, ziyalı, müəllim, təhsilli insanları
özünə nümunə seçirdi, onlara
bənzəmək istəyirdi. İlk dəfə
gördüyü teatr tamaşası isə onun həyat
seçimini bircə an içində dəqiqləşdirdi.
Səhnəyə o, ilk baxışdan və birdəfəlik
vuruldu. Səhnə onun əbədi məhəbbətinə
çevrildi. Bu məhəbbət qarşılıqlı
oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq
sənətini seçməsində,
püxtələşməsində tanınmış
ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim
bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun,
həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun
və başqalarının böyük rolu olmuşdur.
İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Dilin
bəlası" pyesində Rəsul rolunu oynayan Hüseynqulu
sonralar teatr səhnəsində M.F.Axundovun, Ş.Şamilin,
N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir
sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız
milli repertuara deyil, Azərbaycan dilinə
tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun
əsərlərinə də müraciət edirdi. Məhz
Henrix Heynenin "Əl-Mənsur" pyesində ərəb
səyyahının rolunda çıxış edərkən
oxuduğu təsiredici "Hicaz" muğamı onu
Azərbaycan mədəniyyətinin yeni bir aləminə -
musiqili-teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı
Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk
operası olan "Leyli və Məcnun" üzərində
işləyən Üzeyir bəy Hacıbəyovun diqqətini
cəlb etdi. Bu, zirvəyə gedən yolun
başlanğıcı oldu. Üzeyir Hacıbəyov
Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss
edərək onu öz əsərində baş rola -
Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə
sözün əsl mənasında ümumxalq məhəbbəti
və Ümumazərbaycan şöhrəti gətirdi. Bu rol
bəlkə də aktyorluq sənətinə hələ
də "oyunbazlıq" kimi baxanların teatra
münasibətini kökündən dəyişdirən
təkan nöqtəsi oldu. Aktyorun özünün
yazdığı kimi, "vaxtı ilə onu barmaqla
göstərən, ona tənə ilə baxanlar indi onu
Məcnun deyə çağıraraq alqışlayır,
hörmətlə qarşılayırdılar".
Səhnədə yaşadığı 30 ildən artıq bir
müddətdə o, 400 dəfə bu rolun sehrini
yaşadı, yaratdı. Azərbaycan səhnəsinin
əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı.
Əziz Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları
bu gün bizlər üçün sənədli yazı
qədər qiymətli və canlıdır. "Sarabskinin
oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır.
Ağlaya-ağlaya, inildiyə-inildiyə öz
məhəbbətindən, öz Leylisindən Füzulinin
qəzəlləri ilə ölməz muğam
üstündə danışır. İnsan qəlbinin ən
incə damarlarına işləyən musiqi mənə o
qədər təsir edirdi ki, hönkürtümü
çətin boğa bilirdim. Lakin göz yaşlarım
durmadan axırdı. Qəlbimi isə qəribə hisslər
doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski
öz rolunu böyük məharətlə oynadı. O,
Məcnun surətini səhnədə tam mənası ilə
canlandırdı". Dünya opera sənətinin unikal bir
səhifəsi olan, Şərqin və Qərbin musiqi teatr
ənənələrinin kəsişdiyi muğam
operasının tarixini Hüsyenqulu Sarabskisiz
təsəvvür etmək mümkün deyil. O, milli opera
tarixində Ü.Hacıbəyovun opera və operettalarında
- Kərəm ("Əsli və Kərəm"), Şeyx
Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah
Abbas və Xurşudbanu"), Söhrab ("Rüstəm
və Söhrab"), Sərvər ("O olmasın, bu
olsun"), Mərcan bəy ("Ər və arvad"),
Əsgər ("Arşın mal alan"), M.Maqomayevin
"Şah İsmayıl"ında Şah İsmayıl,
Z.Hacıbəyovun "Aşıq Qərib"ində
Aşıq Qərib rollarının ilk ifaçısı kimi
ad qoydu. Hər bir obraz üçün Hüseynqulu Sarabski
təravətli, fərqli boyalar tapırdı. Məcnunu ifa
edərkən tamaşaçılarını göz
yaşlarına qərq edirdi. Şah İsmayılı
oynayanda məğrurluğu, əzəməti ilə
tamaşaçıları riqqətə gətirirdi,
Kərəm obrazını yaradanda yandırıb-yaxırdı.
O, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev,
Zülfüqar Hacıbəyovla birlikdə
çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri
idi.
Hüseynqulu Sarabskinin şirin, məlahətli səsinin
bənzərsiz çalarları var idi. Müasirlərinin
yazdığına görə, bu səs həmişə həzin
və yumşaq səslənərdi. Sanki ürəyi
dağlı Məcnunun pərişan qəlbinin
yanğısı həmişəlik Sarabskinin səsinə
hopmuşdu. Təsadüfi deyil ki, o, muğamlardan
"Hicaz"ı, "Bayatı Şiraz"ı,
"Segah"ı, "Şüştər"i,
"Şikəsteyi fars"ı, xalq mahnılarından
"Üçtelli durna", "Sona
bülbülləri" ifa etməyi xoşlardı.
Görkəmli rejissor A.Tuqanov onu əbəs yerə
"şirinsəsli Azərbaycan Sobinovu"
adlandırmırdı. Operada fəaliyyəti onun
müğənni-xanəndə kimi ifa tərzinə
özünəməxsus cəhətlər
aşılamışdı. Konsert
çıxışlarında H.Sarabski həmişə
özünü hər bir tamaşaçı, dinləyici
ilə üz-üzə, təkbətək qalan aktyor kimi hiss
edirdi. O, sadəcə musiqi ifa etmirdi. Oxuduğu hər bir
əsərin qəlbində əks-səda ilə
yaratdığı obrazını canlandırırdı.
Sarabski özü də musiqi bəstələmək
həvəsi ilə yaşayırdı. Onun
mahnılarından "Muğan", "Dağlar",
"Laylay" böyük sənətkarın musiqi
yadigarlarıdır. H.Sarabski Azərbaycan
mədəniyyətinin bir çox sahələrinin
təşəkkülü və inkişafına istedadı
və peşəkarlığı ilə böyük
dəstək vermiş mədəniyyət xadimi idi.
"Müsəlman opera truppası", "Müsəlman
dram truppası"nın yaradıcılarından biri olan
H.Sarabski həm də rejissor kimi qüvvəsini
sınamış, Ü.Hacıbəyovun "Rüstəm
və Söhrab" operalarına, "Ər və arvad",
"Arşın mal alan" operettalarına,
C.Məmmədquluzadənin "Ölülər"
komediyasına quruluş vermişdir. H.Sarabski dramaturgiya
sahəsində də qələmini sınamışdır.
1906-cı ildə onun "Axtaran tapar", 1908-ci ildə
"Cəhalət" pyesləri tamaşaya qoyulmuşdur.
Aktyorun arxivində "Nə doğrarsan aşına, o
çıxar qaşığına", yazılması
İkinci dünya müharibəsi dövrünə təxmin
edilən "Sayıq olmalı" dram əsərləri
var.
Bakıda keçirilən "Şərq
konsertləri"ndə, Azərbaycanda, onun hüdudlarından
kənarda da konsertlərlə çıxış edən
Sarabski bununla yanaşı, mədəniyyət xadimi kimi
də böyük işlər görürdü. O, 1932-ci
ildə respublika xalq yaradıcılığı evinin
təşkilində yaxından iştirak etmiş və
ömrünün sonuna kimi onun rəhbəri
vəzifəsində çox məhsuldar işləmişdir.
Azərbaycan aşıqlarının I və II
qurultaylarında da Hüsyenqulu Sarabski yaxından iştirak
etmişdir.
Öz sənətinin sirlərini gənclərə
öyrətməyi, müəllimliyi şərəfli
peşə kimi sevən Hüseynqulu Sarabski Azərbaycan
Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi
Akademiyası), A.Zeynallı adına Bakı Musiqi
Məktəbində muğam dərsi aparmışdır.
Azərbaycanın tanınmış opera
müğənnilərindən, xanəndələrindən -
Hüseynağa Hacıbababəyov, Məmmədtağı
Bağırov, Əlövsət Sadıqov, Həqiqət
Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova,
Tükəzban İsmayılova onun yetirmələri
sırasındadır.
H.Sarabskinin öz dövrü haqqında xatirələri -
"Köhnə Bakı", "Bir aktyorun
xatirələri" kitabları XX əsr Azərbaycan
mədəniyyət tarixini öyrənmək
üçün dəyərli, zəngin, unikal məlumatlarla
dolu qiymətli mənbələrdir.
Azərbaycan musiqisində bir Məcnun əfsanəsi
yaşayır. O Məcnun Leyliyə deyil, elə Məcnunun
özünə vurğun idi. Bu Məcnun əfsanəsini
Hüseynqulu Sarabski yaratmışdır. Həyatdan
köçəndə də o, Məcnun kimi
köçmək istəyirdi. Tarix bu əbədi
məhəbbətin şahididir: 1945-ci il fevralın 16-da
ölüm yatağında olarkən sənət dostları
Qurban Pirimov və Leyli rolunun ifaçısı
müğənni Həqiqət Rzayevanı yanına
çağırmış və gözlərini Qurbana
dikərək titrək səslə demişdir: "Qurban,
çal, son dəfə Leylini dinləmək istəyirəm".
Qurbanın tarını, Həqiqətin səsini
eşidən müğənni əbədi olaraq
gözlərini yummuşdu...
Azərbaycan mədəniyyətində Hüseynqulu Sarabski
böyük bir musiqi və teatr intibahının ilk
qaranquşlarından idi. Aktyor, müğənni,
xanəndə, rejissor, musiqi-ictimai xadimi kimi bu böyük
sənət fədaisi, bütün mənalı
həyatını doğma vətəninə, xalqına
həsr etmişdir. Qədirbilən xalqı da onu
yaddaşında əbədi yaşadacaq.
Azərbaycan.- 2008.- 25 yanvar.- S. 7.