Üzeyir HacıbəyovunLeyli Məcnunoperasının 100 illik yubileyi qeyd edilmişdir

 

Yanvarın 25-də Dövlət Akademik Opera və Balet Teatrında dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, tanınmış sənət adamlarının, musiqiçilərin və ictimaiyyətin təmsilçilərinin iştirakı ilə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illik yubileyi qeyd edilmişdir.
Teatrın foyesində ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdur.
Yubiley gecəsində nümayiş etdirilən videofilmdə Üzeyir Hacıbəyovun ömür yolu və müxtəlif illərdə “Leyli və Məcnun” operasına səhnə həyatı vermiş ölməz sənətkarlarımızın ifaları öz əksini tapmışdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Üzeyir Hacıbəyov müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisidir. O, öz zəngin yaradıcılığı və geniş ictimai fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk musiqiçilərdən biridir.
Nazir demişdir ki, Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Bu, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında bəstəkar Üzeyir Hacıbəyov tərəfindən qələmə alınmış Şərqin ilk operasıdır. Operanın librettosu da müəllifə məxsusdur. M.Füzuli poemasının lirizmini ifadə etmək üçün Üzeyir bəy operada xalq yaradıcılığının klassik nümunələrindən - muğamlarımızdan istifadə etmişdir. Bəstəkar muğamlarla yanaşı, ənənəvi formalardan - xor, balet, duet və kütləvi səhnələrdən yararlanaraq operaya əbədiyaşarlıq gətirmişdir.
Ə.Qarayev vurğulamışdır ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə daim diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkarın 110 illik yubileyində Üzeyir Hacıbəyovun yaradıcılığına böyük qiymət vermişdir.
Gecədə “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş etdirilmişdir.
Üç pərdəli, altı şəkilli tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşır Quliyev, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı, xalq rəssamı Rafiz İsmayılovdur.
Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov ifa etmişlər.
Tamaşada digər rolları xalq artistləri Şahlar Quliyev, Səfa Qəhrəmanov, əməkdar artistlər Sahibə Abbasova, Sabir Əliyev, aktyorlar Təyyar Bayramov, Nizami Bağırov və başqaları ifa etmişlər.
Ölməz sənətkarımız Üzeyir Hacibəyovun böyük ustalıqla yaratdığı opera tamaşaçılarda hədsiz maraq doğurmuşdur.

 

Xalq qəzeti.- 2008.- 26 yanvar.- S. 4.