Qorxmaz
Şərqdə ilk operanın 100
yaşı tamam olur
100 il əvvəl - 1908-ci ilin yanvarında Bakıda havanın necə olduğunu dəqiqliyilə demək mümkün deyil. Hər halda, indikindən heç də az şaxtalı, çovğunlu olmazdı. Üstəlik o dövrdəki qarışıq mühitin, əsəbi cəmiyyətin milli tərəqqiyə qarşı bəslədiyi buz kimi biganəliyini nəzərə alsaq, 100 il əvvəlki yanvarın 2008-in bu qarlı qış axşamlarından daha dondurucu keçdiyini söyləyə bilərik. Ancaq, görünür, ətrafdakı hərarətin aşağı və ya yuxarılığının təpərli, qeyrətli, millətpərvər ürəklərə doğrudan da elə bir təsiri yoxmuş. Çünki Azərbaycana və bütün Şərqə ilk opera əsərinin - "Leyli və Məcnun"un birinci tamaşasının oynanılması xoşbəxtliyini yaşamaq məhz 1908-ci ilin yanvarında nəsib oldu. İki dahinin - Füzulinin və Üzeyir bəyin yaradıcı təfəkkürünün məhsulu olan bu möhtəşəm əsərin səhnəyə qoyulması, sözün ən yüksək mənasında, Şərq mədəniyyətində bir inqilab, köklü yenilik aksiyası kimi tarixə düşdü. Üzeyir bəy və onun bu nəcib işinə cani-dildən dəstək
verən məsləkdaşları “Leyli və
Məcnun”u ərsəyə gətirməklə
Azərbaycanın və Şərqin dünya
mədəniyyəti xəzinəsinə verdiyi ən parlaq incilərdən birinə imza
atdılar.
“Leyli və Məcnun”un
yaranması təkcə Azərbaycanın və Şərqin
dünya mədəni mühitinə yol açması
baxımından əhəmiyyətli sayıla bilməz.
Əslində bu operanın başqa bir mühüm
dəyəri qlobal mədəniyyət anlayışının,
dünyanın mədəni bütövlüyünün
formalaşması yönündə atılan çox
uğurlu bir addım olmasındadır. "Leyli və
Məcnun" səhnəyə çıxınca opera
anlayışından uzaq duran Şərqlə o zaman bu
sahədə çoxəsrlik zəngin
ənənələrə malik Qərb arasındakı
uçurum daha dərin idi. 1908-ci ilin 12 (25) yanvarında bu
uçurumun üzərindən, kövrək də olsa, ilk
körpülərdən biri atıldı.
Tariximizin qürur
doğuran bu səhifəsinin hansı məşəqqətlər
bahasına başa gəldiyi barədə burada geniş
bəhs etmək fikrindən uzağıq. Bununla bağlı
indiyədək xeyli tədqiqatlar aparılıb, çox sayda
məqalələr, xatirələr qələmə
alınıb, ekran əsərlərində bu mövzuya
geniş yer verilib. Vilayət Quliyevin bu sayımızda (səh.16-17)
təqdim olunan geniş məqaləsi də həmin
mövzunu ətraflı işıqlandırır.
İndi - bütün
islam aləmində ilk opera nümunəsi olan "Leyli və
Məcnun"un 100 yaşının tamamlandığı bir
dövrdə əsas məsələ bu yubileyi layiqincə
qeyd etməkdir. İlk müsəlman operasını böyük
fədakarlıqlar hesabına ərsəyə
gətirənlərin xatirəsini bu 100 illik dərin ehtiramla
yad etmək bəlkə əvvəlki
ildönümlərdəkindən daha vacibdir. Yuxarıdakı
"İslam Şərqi", "müsəlman
operası" ifadələrini təsadüfi
işlətmədik. Azərbaycanda yubiley münasibətilə
silsilə tədbirlər hazırlanıb. Ancaq yaxşı
olardı ki, "Leyli və Məcnun" operasının 100
illiyi ilk növbədə bütün müsəlman dünyasında,
o cümlədən YUNESKO səviyyəsində qeyd ediləydi.
Şərqin ilk operasının 100 illiyilə bağlı
hamımızı təbrik edir, Üzeyir bəyin
işıqlı ruhuna Tanrıdan bol-bol rəhmətlər diləyirik!
525-ci qəzet.- 2008.- 12
yanvar.- S. 1; 24.