Rzalı R.

 

Zamanın fövqündə dayananlar

 

Onlar millətimizi işıqlı günlərə çıxarmaq üçün hər əzaba qatlaşırdılar

 

1908-ci ilin soyuq yanvar günü sanki burada Bakıda Qoca Şərq yaşadığı zülmətin, cahilliyin, nadanlığın yaxasından tutub onu birdəfəlik tarixindən silib atmaq, elmə-irfana, maarifə, mədəniyyətə çatmaq üçün ayağa durmuşdu, bu duruşunda olduqca qürurlu, özünəgüvənli və qətiyyətliydi. Üsyana oxşayan bu duruş mürgüləyən Şərqə səs salmışdı. Yanvarın 12-də (köhnə təqvimlə 25-də) Mailov teatrında 22 yaşlı gənc şuşalı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" adlı operası tamaşaya qoyulurdu. Tamaşaya gələnlər sakitcə oturub maraqla gözləyirdilər. Bu sükutun fövqündə isə xalqımızın şərəfli səhifəsi yazılırdı. Həmin gün tariximizə milli operamızın yaranması günü kimi həkk olunacaqdı. Kübar görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev əlində dirijor çubuğu çalğıçıları idarə edirdi. Birdən "Şəbi-hicran"ın ürəkləri fəth edən musiqisi salona yayıldı və çox keçmədən teatr tariximizdə ağır, şərəfli və örnək olası həyat yaşamış Hüseynqulu Sarabski Məcnun rolunda səhnəyə çıxdı. Deyilənə görə, bu tarix nə yazılmaqla, nə də deyilməklə ifadə olunasıdır, çünki o tarix zamanın fövqündə dayanmışdı.

Leyli axtarışında

Belə bir qaranlıq mühitdə müsəlman qadınının səhnədə görünməsi müşkül idi. Odur ki, böyük xahiş-minnətdən sonra həmin gecə Leylini Hacı ağanın mehmanxanasındakı aşpazxanada çalışan Əbdürrəhim Fərəcov adlı bir gənc oynayır. Amma bu qoçaq elə həmin gecə and içib, özünə söz verir ki, bir də arvad tumanı geyinib, başına yaylıq bağlamayacaq, donuz piyini üzünə, bığına yaxmayacaq. İlk "Leyli"nin "andı" Üzeyir bəyin də, yoldaşlarının da əhvalını təlx edir. Bəs necə olsun, başlanmış iş yarımçıqmı qalsın? Üzeyir bəy Leylini oynaya biləcək münasib adam tapmaq üçün gecə-gündüz düşünür, axtarırdı. Elə bir adam ki, onu gözləyən bütün əzab-əziyyətlərə, hədə və qadağalara dözsün, millətinin qaranlıqdan aydınlığa çıxması yolunda ölümünü belə göz altına alsın. Hanı elə bir oğul?!
Üzeyir bəyin xalası oğlu Əhməd bəy Bədəlbəyov (Ağdamski) Bakı Realnı məktəbin tələbəsi idi. Operanın ilk tamaşasında xor heyətində oxuyurdu. Gözəl səsi, musiqi duyumu, bəstə boyu, yaraşıqlı da çöhrəsi vardı. Bunu xatırlayan Üzeyir bəyin üzü gülür, işıq ucu var deyə düşünür. Ancaq Əhmədə necə desin, Realnı məktəbin tələbəsi qadın rolunu oynamağa razılıq verərmi? Ancaq Üzeyir bəy öz istəyini ona çatdırır. Əhməd bəy çox düşünmür, düşünməkdən keçmişdi, başlanmış bu işıqlı yolu can bahasına da olsa davam etdirmək gərəkdi. Əhməd bəy bütün qorxu, hədə və təhqirləri gözə alır, təki millət oyansın, maarifə, mədəniyyətə, tərəqqiyə qovuşsun, insanlar teatra gəlsin, opera dinləsin. Sanki bu Hacıbəyovların və Bədəlbəylilərin uca Yaradan tərəfindən boyunlarına qoyulmuş vəzifə idi. Onlar bunu etməli idilər, milləti zülmətdən işığa çıxarmaq üçün döyülsələr, öldürülsələr, təhqir olunsalar belə, bunu etməli idilər. Bu, onların vəzifəsi idi.
Elə həmin il aprelin 21-də "Leyli və Məcnun" operası yenidən göstərildi. Afişalarda Leyli rolunda "Miri" yazılmışdı.

Onların nəsil şəcərəsi

Bütün tarixi dövrlərdə Azərbaycanın dövlətçilik quruluşunda, hərb tarixində, elm, təhsil, mətbuat və mədəniyyət sahəsinin inkişafında xüsusi xidmətləri olan şöhrətli və möhtəşəm nəsil şəcərələri olub. Onlar millətimizin tarixində elə böyük iz qoymuşlar ki, bu iz xalqımızı dünyaya həmin tarixlə tanıtmışdır. Millətimiz bu şərəfli tarixlə həmişə fəxr etmiş, qürur duymuşdur. Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular, Aşurbəylilər, Naxçıvanskilər, Kəngərlilər, Şıxlınskilər, Qacarlar, Mehmandarovlar, Rəfibəylilər, Hacıbəylilər, Bədəlbəylilər, Əliverdibəyovlar və sair.
Kərbəlayi Ələkbər Şuşada dövrünün sayılıb-seçilən ziyalılarından olub, Xanqızı Xurşudbanu Natəvanın sarayında çalışıb. Maarifpərvər ziyalı Ələkbər Əliverdibəyovun oğlanları ali təhsil almış Ağalarbəy və Bahadırbəy Əliverdibəyov, qızları - Zülfüqarbəy, Üzeyirbəy və Ceyhunbəy Hacıbəylilərin anası Şirin xanım, Bədəlbəy, Mahmudbəy və Əhməd bəy (Ağdamski) Bədəlbəylilərin anası Əzizə xanım olub. Ağalar bəyin övladları bəstəkar Nazim və dirijor Kazım Əliverdibəyovlardır.
On səkkizinci əsrin sonlarında -Topxana meşəsində, İsa bulağında, Xan qızının bağçasında ayaqyalın-başaçıq qaçdı-tutdu oynayan bu uşaqlar bilmirdilər ki, üzərlərinə elə bir ağır və çətin vəzifə düşəcək ki, onlar bunu etməlidirlər. Onlar bilmirdilər ki, ucqarlarda, çar müstəmləkəsi altında zülmət pərdəsinə bürünmüş, ana dilində bir qəzet çıxarmasına belə rəva bilinməyən millət onların yolunu gözləyir. Bunun üçün onlar Qarabağdan Parisə, Sarbon Universitetinə, Moskva, Peterburq, Xarkov ali məktəblərinə, Qori Seminariyasına qədər getməli, təhsil almalı, maarif-mədəniyyət işığını xalqına daşımalıdırlar, milləti cəhalət yuxusundan oyadanların ön sırasında dayanmalıdırlar. Bunun üçün bütün əzablara qatlaşmalıdırlar.
Bədəlbəylilər nəslindən olan Əhməd bəy Bədəlbəyli (Ağdamski) 1884-cü ildə Ağdamda Bəşir Bədəlbəylinin ailəsində anadan olur. O, körpə yaşlarında ikən atası dünyasını dəyişir. Böyük qardaşı Bədəl bəy Qori Seminariyasını bitirdikdən sonra Ağdama qayıdıb müəllimlik edir, həm də evin ağır yükünü çəkir. Ancaq Ağdamda çox qalmır, ailəsini də götürüb Bakıya köçür. 1906-cı ildə Bədəl bəy Bakıda - keçmiş Sovet küçəsində rus-müsəlman məkəbi açıb fəaliyyətə başlayır. Bu vaxtlar Əhməd bəy artıq yetkin oğlan idi, tələbəydi. Üzeyir bəy Əhməd bəyi Leyli roluna dəvət edəndə Realnı məktəbdə nəinki uşaqları teatrda işləməyə, heç axşam tamaşalarına da buraxmırdılar.
Ancaq bu məsələ də yoluna qoyulur.

"Ağdamskinin varlığı ilə millət kəsbi-iftixar etməzmi?!"

Həmin gün - 1908-ci il aprelin 21-də "Leyli və Məcnun" operası yenidən səhnəyə qoyuldu. O gecə "Miri"nin adı dillərdən düşmədi, sevincdən dolan gözlər var idi. Realnı məktəbdə oxuyan gənc tələbə Əhməd bəyin "Miri"sinin məharəti əfsanəvi Məcnun Hüseynqulu Sarabskini də heyrətləndirmişdi. 1909-cu il mayın 5-də "Leyli və Məcnun" operasının növbəti afişasında başqa "imza" var idi: Leyli-Ağdamski. Əvvəlcə şaşıranlar da olur, Leyli rolunda başqa aktyor oynayacaq deyə. Lakin çox keçmədən hamı hiss edir ki, bu, "Miri"nin səsidi. "Miri" yavaş-yavaş özündə Əhməd bəy Ağdamski olmaq cəsarəti tapırdı.
Ağdamskinin həyat və yaradıcılığı ilə tanış olarkən onun keçdiyi yola heyrətlənməmək olmur. O, əslində musiqi təhsili almamışdı, dövrünün xanəndələrini eşitmiş, böyük qardaşı Bədəl bəyin tarının simlərini dinləmişdi. Ancaq səhnədə elə obrazlar yaradıb ki, müasirləri xatirələrində onun haqqında heyranlıqla danışırlır. Əhməd bəyin yaratdığı qadın obrazları təkcə Leyli ilə bitmir. Üzeyir bəyin inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda qadın rollarının ilk ifaçısı olur. "Rüstəm və Söhrab"da Təhminə, "Ər və Arvad"da Minnət xanım, "O olmasın, bu olsun"da Gülnaz, "Şah Abbas və Xurşudbanu"da Xurşudbanu, "Əsli və Kərəm"də Əsli, "Arşın mal alan"da Gülçöhrə, "Aşıq Qərib"də Şahsənəm və başqa operalarda qadın rollarını səhnədə ustalıqla canlandırıb.
Onun ən böyük arzusu Azərbaycan səhnəsinə qadın aktrisaların gəlməsi idi. Deyilənə görə, arvad paltarı geyinməkdən lap bezibmiş, qadın rolunda kişilərin oynaması kimi kədərli bir faktın Azərbaycan tarixinin səhifələrinə köçməsini istəməzmiş. Amma nə etməli?! Ağdamski bir ara Bakı Şəhər Sovetində işləyən dostu Yermakovun qızı Mariyanı Gülçöhrə roluna hazırlayır. O, xristian qızına səhnə dərsləri verməklə bahəm Azərbaycan dilini də öyrədir. Tez bir zamanda ana dilimizdə danışmağı öyrənən Mariya səhnəyə çıxır və Məfkurə Yermakova kimi tanınır. Bu aktrisa 1920-21-ci illərdə səhnəyə qoyulan bir çox opera və operettalarda çıxış edirdi. Sonralar Azərbaycanın xalq artisti adını alan Məfkurə Yermakova xatirələrində sənətə Ağdamskinin sayəsində gəldiyini yazırdı.
Hüseynqulu Sarabski xatirələrində yazırdı: "Bir dəfə Gürcüstanda maraqlı hadisə baş verdi. Paliaşvili adına Opera Teatrında tamaşadan sonra bir ictimai xadim aktyorları təbrik edib əllərini sıxırdı. Növbə Ağdamskiyə çatanda zadəgan adətincə onu qadın bilib əlindən öpdülər. Əhməd bəy də özünü itirməyib əlini uzatdı, hətta bir reverans da etdi. Sonra kişi olduğunu bilib o ki var gülüşdülər". Deyirlər Ağdamskinin həyatında belə maraqlı hadisələr çox olub. Mətbuatda gedən yazılarda Ağdamski musiqini, incəsənəti dəyərləndirən mesenat Zeynalabdin Tağıyevin çox sevimli aktyoru kimi dəyərləndirilirdi. 1912-ci ildə "Tazə xəbər" qəzeti yazırdı: "...İslam mütəəllimləri arasında misli az olan Ağdamski cənablarının varlığı ilə millət kəsbi-iftixar etməzmi?!"
Hədyan yazan mətbuat da az olmayıb. Milli operamızın yaranmasını həzm etməyən və bu uğura rişxəndlə yanaşan "Tuti" dərgisi Ağdamskini "Ağdivarski", Hüseynqulu Sarabskini "Corabski", Hüseyn Ərəblinskini "Ehramski" adlandırırdı: "Kimdir bu Ağdivarski aktyorluğa gəlib". Bu tənələrdən bezən Sarabski bir dəfə səhnəyə çıxmaqdan imtina edir. Bu dəfə Məcnun rolunda Ağdamskinin böyük qardaşı Bədəl bəy oynayır, Leyli rolunu da özü ifa edir. 1917-1918-ci illərdə Tiflisdə qastrolda olmuş Mustafa Mərdanov xatirələrində Ağdamskidən böyük rəğbətlə yazırdı: "Xüsusən opera və operettalarda qadın rollarını çox gözəl oynayan Əhməd bəy Ağdamski ifası ilə tamaşaçıları valeh etmişdi. Fasilələrdə rus opera teatrının aktyorları səhnə arxasına gələrək onunla tanış olmağa can atırdılar".
1919-cu il idi. Qadın aktrisaları yavaş-yavaş səhnədə görünürdülər. Sona xanım, Həqiqət Rzayeva və s. Elə həmin il Ağdamskinin benefisində "Əsli və Kərəm" operası oynanılır və o, ilk dəfə Kərəm rolunda səhnəyə çıxır. Deyilənə görə, bu, onun illərlə gözlədiyi gün idi. Çünki 12 il idi ki, milli mədəniyyətimizin intibahı naminə Azərbaycan teatr səhnəsində bir-birindən fərqli qadın obrazları yaradırdı. Çox heyif, müasirləri yazır ki, onun ən böyük arzusu "Aşıq Qərib"i oynamaqmış, o da nəsib olmayıb.
İyirminci illərin əvvəllərində Əhməd bəy Ağdamski Qarabağa qayıdır, bir neçə il Ağdamda yaşayır, teatr truppası yaradır, bir çox tamaşaların rejissoru olur. Musiqili əsərlərlə yanaşı, dram əsərlərində də müğənni-aktyor kimi çıxış edir. Tara sevgisi, rəğbəti o qədər böyük olur ki, ondan ayrıla bilmir. Dövrünün görkəmli ziyalıları danışırmış ki, Ağdamski tamaşaçıların gözü qarşısında tarın bütün pərdələrini kəsib atar, sonra elə bir "Bayatı-Şiraz" çalarmış ki, gəl görəsən, Üzeyir bəy onun ifasında "Şahnaz" dinləməkdən doymazmış. Zəmanəsinin görkəmli ziyalısı, millətin maarif və mədəniyyətə qovuşması üçün mürəkkəb bir müsəlman mühitində qadın paltarı geyinib səhnəyə çıxmaq qədər təhlükəni gözə alıb səhnəyə atılan Əhməd bəy Ağdamski 1934-cü ildə Ağdaşa köçüb orada yaşayır, uzun illər musiqi məktəbində tar müəllimi işləyir. Ağdaşda hamı bu zadəgan əsilli insana böyük hörmətlə yanaşır, Əhməd əmi deyirmiş.
Xalq artisti, korifey sənətkarımız Habil Əliyev həyatında Ağdamskinin rolunu belə xatırlayır: "Mən yeddiillik məktəbə gedirdim. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd bəy Ağdamski bizdə kirayədə yaşayırdı. Odur ki, yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, onlardan parçaları tarda, ya da kamançada ifa edərdilər. Musiqiyə və musiqi aləminə sevgi və maraq məndə o vaxtdan yarandı. Sənət aləminə gəlməkdə iki xeyirxahım olub. Birincisi Əhməd bəy Ağdamski, o biri anam. Əhməd əmi mənə sənətin nə olduğunu öyrətdi, anam isə sənətə məhəbbət yaratdı".
Əhməd bəyin tələbəsi olmuş, Böyük Vətən müharibəsi əlili Akif Əfəndiyev müəllimini belə xatırlayır: "1930-cu illərdə Ağdaş rayonunun mədəni həyatında bir dönüş yarandı. Üzeyir bəyin yaxından köməyi ilə Əhməd bəy Ağdamski Ağdaşda musiqi məktəbi açdı. Məktəbin vokal, tar, kamança, skripka, fortepiano siniflərində təhsil almağa onlarla ağdaşlı cəlb olunurdu. Gənclər bu böyük ziyalını yaxından görmək və dinləmək üçün həmin məktəbə gedirdilər. Lakin bir neçə il sonra müharibə başladı, mən də, dostum Çingiz də müharibəyə getdik. İş elə gətirdi ki, mən sol qolumdan, Çingiz də sağ qolundan ağır yaralandıq. Cəbhədən qayıtdıqdan sonra yenə musiqi məktəbinə gəldik, Əhməd müəllimlə görüşdük. Bizim musiqiyə olan marağımızı, lakin tar çala bilməyəcəyimizi görən Ağdamski bir qədər fikirləşdikdən sonra bildirdi ki, mən sizinlə fərdi məşğul olaraq ikinizin bir tarda çalmağınıza nail olmağa çalışacağam. Məşqlərə başladıq, Çingizlə mən bir neçə musiqi nömrəsini ifa etdik. Bir dəfə rayonda keçirilən bayram tədbirlərinin birində Çingizlə mən tarda bir nömrə ifa etdik. Bu mənzərə tamaşaçıları heyrətə gətirdi. Aradan bir az keçmiş məktəblilərin Bakıda keçirilən musiqi olimpiadasına da dəvət olunduq. Yenə də Çingizlə mən bir tarda hərəmiz birəlli müəllimimiz Ağdamskinin öyrətdiyi muğamı ifa etdik. Münsiflər heyətində əyləşənlər bir-birinə baxdılar. Onların arasında əyləşən bir nəfər eynəyini çıxarıb gözünü sildi. Dedilər ki, bu, Üzeyir Hacıbəyovdur, sizin tək qolla tar çalmağınız onu kövrəldib.
Teatrdakı fəaliyyətinə son qoyduqdan sonra Əhməd bəy Ağdamski Şuşanın sayılıb-seçilən ziyalılarından olan, hüquqşünas İsmayıl bəyin qızı, görkəmli yazıçı Süleyman Sani Axundovun əmisi qızı Rəhilə xanımla ailə qurur. İki qız, iki oğul atası olur. Qızları Cəmilə xanım həkim, Kamilə xanım şərqşünasdır. Oğlanları Məmməd Ağdamski geoloq, Telman Ağdamski isə Tusi adına Pedaqoji Universitetin müəllimi, kimya elmləri doktoru, professordur. O, 1954-cü il aprelin 1-də 70 yaşında Ağdaşda vəfat edir.
Milli teatrımızın, milli operamızın yaranmasında və formalaşmasında, xalqımızın işıqlı gələcəyə açılan yolunun başlanğıcında dayanan görkəmli simalardan biri də Əhməd bəy Ağdamskidir. Onun adı mədəniyyət tariximizin salnaməsinə Şərqdə ilk qadın rolunun ifaçısı və ziyalı kimi qızıl hərflərlə yazılıb.

 

Azərbaycan.- 2008.- 27 yanvar.- S. 6.