Şirinov E.

 

Üzeyir Hacıbəyov dühası

"Leyli və Məcnun" operasının yaranmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi

Yanvarın 25-də Üzeyir Hacıbəyovun ev-muzeyində Azərbaycanda milli operanın - "Leyli və

Məcnun"un yaranmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Azərbaycanın görkəmli muğam ifaçılarının, müxtəlif illərdə Leyli və Məcnun rollarını ifa edən sənətçilərin, mədəniyyət və incəsənət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Üzeyir Hacıbəyov ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsərinin şərqdə ilk opera olduğunu bildirdi: "Düz 100 il əvvəl - 1908-ci il yanvarın 25-də (köhnə tarixlə yanvarın12-də) Bakıda H.Z.Tağıyevin teatrında, indiki Musiqili Komediya Teatrında ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" operası bütün dünyaya səs saldı.
"Leyli Məcnun" operasının ilk tamaşasına istedadlı aktyor rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Görkəmli teatr musiqi xadimi Hüseynqulu Sarabski isə ilk dəfə Məcnun rolunda çıxış etdi. Yanvarın 25-i həm musiqili teatr tarixinin

yarandığı gündür. Bu gün bütün Üzeyirsevərlər üçün əsl bayramdır".
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası yarandığı gündən repertuardan düşməmiş, səhnəmizin ölməz sənət əsərinə çevrilib: "Dahi Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri digər bir dahinin - Üzeyir Hacıbəyovun yaradıcılığında öz musiqi təcəssümünü tapıb. çox az sayda əsərlər var ki, yaranmasının yubiley tarixləri YUNESKO tərəfindən qeyd olunur.
Azərbaycan xalqı üçün böyük fəxrdir ki, "Leyli Məcnun" operası o nadir əsərlər

siyahısına daxildir".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə "Leyli Məcnun" operasının yaranması ilə böyük bir bəstəkarlıq məktəbinin əsasının qoyulduğunu vurğuladı.

özünü Üzeyir bəyin mənəvi övladı adlandıran Canəli Əkbərov qeyd etdi ki, "Leyli və Məcnun" tamaşasında çıxış etmək əsl yaradıcılıq məktəbidir.

Tədbirdə iştirak edən amerikalı bəstəkar Con Haynes Azərbaycan musiqisinin dünya musiqi mədəniyyətində özünəməxsus yeri olduğunu dilə gətirdi: "üç il öncə Üzeyir Hacıbəyovun muzeyində olarkən onun pianosunda "Leyli və Məcnun" operasından bir parçanı ifa etdim. Üzeyir musiqisi doğrudan da heyrətamizdir. Sizin insanlara olan məhəbbətiniz sanki musiqinizə hopub. Amerikadakı bəstəkar dostlarıma sizin musiqiniz barədə çox danışmışam. Azərbaycan mədəniyyətindən öyrənməli çox şeylər var istərdim ki, amerikalılar bu mədəniyyətə bələd olsunlar".

***

1920-ci ilə qədər səhnələşdirilmiş opera operettalarda qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin oğlu professor Telman Ağdamski, rejissor Hafiz Quliyev, xalq şairi Sabir Rüstəmxanlı, musiqişünas Zenfira Qafarova, S.Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət arxivinin direktoru Maarif Teymurov Üzeyir Hacıbəyov dühasından söz açaraq, onun peşəkar bəstəkarlıq məktəbinin yaranmasındakı xidmətlərindən danışdılar.
"Leyli Məcnun" operası qəhrəmanlarına səhnə ömrü bəxş etmiş Canəli Əkbərov, Qəndab Quliyeva, Səbuhi İbayev Gülüstan Əliyevanın çıxışı bir daha Üzeyir sənətinin ölməzliyini təsdiqlədi.

***

Qeyd edək ki, muzeyin foyesində "Leyli Məcnun"un yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdi. Sərgidə dahi bəstəkarın əlyazmaları, not dəftəri, əsərlərinə çəkilmiş illüstrasiyalar, "Leyli Məcnun" operasına müxtəlif illərdə quruluş vermiş rejissorların, rəssamların işləri, dekor, geyim eskiz nümunələri, yüz il ərzində qoyulan tamaşalardan afişalar, proqramlar, ifaçıların foto-şəkilləri nümayış olunurdu.

 

Təzadlar.- 2008.- 29 yanvar.- S. 14.