Məmmədli E.
"Oxumasam, ölərəm…"
Onu oxumağa qoymayaraq
öldürdülər
Lütfiyar İmanovsuz
keçən 18 il, böyük sənətkarın tək
özünün yox, bütün Azərbaycan vokal
sənətinin itkisidir
Yox, mən Azərbaycan vokal
sənətinin bel sütunlarından biri, dünyaca
məşhur Lütfiyar İmanovun ölüm
gününü səhv salmamışam. ötən
həftə bu böyük sənətkarın cismən
bizdən ayrıldığını xalqımızla bərabər
bütün dünya bildi. Lakin səhnəmizin
əvəzolunmaz Koroğlusu sağ və gümrah ikən,
düz 18 il canından artıq sevdiyi səhnəyə
həsrət qalmışdı. Daha doğrusu, həsrət
qoymuşdular. Bu gün Lütfiyar müəllimi böyük
kədərlə yad edib, haqqında ən müqəddəs,
ən ülvi, ən yanıqlı sözlər deyirik.
"Sağlığında qiymət verin insanlara" -
deyən rəhmətlik Cabir Novruzu bu məqamda xatırlamamaq
olmur. Bir çox sənətkarlarımız kimi, qeyri-adi vokal
səsə malik olan Koroğlumuzu da sağlığında
nə yazıq ki, qiymətləndirmədik.
Şərt o deyil ki, keçmiş Sovet dövlətinin
və müstəqil Azərbaycanın bir çox
titullarını və medallarını almışdı.
Əsas şərt L.İmanov kimi sənətkarlara meydan
vermək lazım idi ki, bizlər üçün
gözəl obrazlar yaratsın, opera səhnəmizi bir az da
inkişaf etdirsin, onu da bacarmadıq.
Həssas və diqqətli oxucular yəqin başa
düşərlər ki, söhbət müğənni
və bəstəkar, böyük sənətkar
Bülbülün(Murtuza Məmmədovun) oğlu, 18 il
Azərbaycanın mədəniyyət naziri olmuş Polad
Bülbüloğlundan gedir. Bəli, bu, bir fakt idi ki,
P.Bülbüloğlunun nazir olduğu 18 il ərzində
L.İmanov kimi nadir səs sahibi səhnə üzü
görmədi. Məgər bütün şüurlu
ömrünü səhnəyə həsr edən,
"oxumasam ölərəm" - deyən L.İmanov kimi
həssas qəlbli sənətkar üçün bu,
ölüm hökmü deyildimi?
***
Təxminən 7-8 il öncə
evində Lütfiyar müəllimdən "Təzadlar"
üçün müsahibə götürürdüm.
Növbəti saylarımızda həmin müsahibəni
təkrar dərc edəcəyik. Onda biləcəksiniz ki, bu
böyük sənətkarın ölümünün
səbəbi nədir? Qəzetə yazılası
mümkün olmayan çox faktları açıqladı
və dərdini bir dost kimi mənimlə bölüşdü
L.İmanov. Deyirdi ki, "Elçin, oğlum, Polad hər
yerdə deyir ki, Lütfiyar daha qocalıb, amma yenə də
Koroğlu oynamaq istəyir. Ancaq mən 20-30 il əvvəlki
Lütfiyaram və Polad da bunu yaxşı bilir. Sadəcə
istəmir ki, atası Bülbüldən sonra Koroğlu
obrazını kimsə oynasın".
Göründüyü kimi səhnə üçün
susamış bir səhnə fədaisini səhnədən
uzaqlaşdırmaq üçün P.Bülbüloğlu
necə çabalar göstərib. Bir mədəniyyət
naziri kimi mədəniyyətimizi, musiqimizi oğurlayan
ermənilər haqqında, mədəniyyət abidəmiz kimi
atası Bülbülün heykəlinin Şuşada varvarcasına
güllələnnmə faktına qarşı beynəlxalq
aləmdə hay-küy qaldırıb bir misqal da iş
görməyən müğənni bəstəkar,
P.Bülbüloğlu əksinə, Azərbaycan opera
sənətini beynəlxalq aləmdə yetərincə
tanıdan L.İmanov kimi sənətkarla mübarizə
aparıb. Onu sındırmaq üçün nələr
etmədi P.Bülbüloğlu? L.İmanova verilmiş ordenin
oğurlanmasından tutmuş, özündən
xəbərsiz yığıncaq keçirərək teatr
Xadimləri İttifaqı sədrliyindən
uzaqlaşdırılmağına qədər, nə ki,
pisliklər var idisə, hamısını səhnəmizin
Koroğlusunun başına gətirirdi.
***
Bununla belə, sınmadı,
əyilmədi, lakin həyatı qədər sevdiyi
səhnədən aralı düşdü. Elə Lütfiyar
sənətinin pərəstişkarları kimi bizlərin
də onun səhnədən uzaq düşməsində
günahı az deyil. Ən azından müxtəlif
mübarizə üsulları seçib P.Bülbüloğlunu
Lütfiyar müəllimə qarşı tutduğu haqsız
mövqedən çəkindirmək olardı. Səhnə
üçün doğulub səhnə üçün
yaşayan bir insanı səhnədən ayırmaq,
balığı sudan çıxarmaq kimi bir şeydir.
Söhbətlərimizdə Lütfiyar müəllim deyirdi:
"İtaliyadan, Rusiyadan, Türkiyədən və bir
çox Avropa dövlətlərindən mənə
dəvətlər var. Lakin mən vətəndə qalıb
öz xalqım üçün oxumaq istəyirəm. Buna da
ki, Polad imkan vermir. Halbuki atası Bülbül Koroğlunu
oynayandan sonra məni bağrına basıb deyirdi ki, daha
Koroğlunun gələcək taleyindən
nigarançılığım qalmadı".
L.İmanova qarşı qısqanclıq hissi
P.Bülbüloğlunu necə bürüyübsə,
hətta ümummilli lider, mərhum prezident Heydər
Əliyevə belə, bu böyük sənətkar
barədə yalnış məlumat verib. İkinci dəfə
Azərbaycanda siyasi hakimiyyətə qayıdandan bir
müddət sonra H.Əliyev P.Bülbüloğludan
soruşub ki, bəs neçə vaxtdır Lütfiyar
İmanov gözümə dəymir. P.Bülbüloğlu
bütün etik normaları aşaraq prezidentə yalan
məlumat verib bildirir ki, onun səsi batdığına
görə görünmür. Bunu hər hansı millətin
nümayəndəsi eləsəydi, bəlkə də
başa düşülərdi. Ancaq hamımız
yaxşı bilirik ki, L.İmanovun səsi ömrünün
son anına kimi öz əzəmətini itirmədi. Onun
nəinki səsi, hətta adi danışığı
belə sanki notlar üzərində gəzişirdi, sözlərinin
ahəngi adama bir musiqi təsiri bağışlayırdı.
Adam bu böyük insanın danışığından
zövq alırdı.
Lütfiyar müəllimin dediklərindən:
"Keçirilən dövlət tədbirlərindən
heç birinə məhz Poladın sayəsində
dəvət almırdım. Bir gün Respublika Sarayında
keçirilən tədbirə gəlməyimi Heydər
Əliev şəxsən istəyib və orada mən
"Sənsiz" romansını oxudum. Tədbirdən sonra
Heydər Əliyev mənə yaxınlaşdı və dedi
ki, Lütfiyar, sən əvvəlkindən də yaxşı
oxuyursan. Bu zaman üzünü Polada tutub: "bəs sən
deyirdin Lütfiyarın səsi tutulub?.." Polad həmin anda
rəng verib, rəng aldı, bircə kəlmə də
danışa bilmədi. Yalnız bundan sonra, o da cəmi bir
dəfə, mənə yenidən səhnədə
oynamağa imkan yaradıldı".
O da məlum olduğu kimi uzun müddət oynadığı
Koroğlu obrazı idi. Həmin tamaşada
P.Bülbüloğlunun öyrətdiyi xüsusi aktyorlar
L.İmanovun, 70 yaşlı bir insanın at belində,
çox cəld hərəkətlə səhnəyə daxil
olmasını sinirə bilmədilər və atı
hürküdərək qəfil hərəkətə yol
verməklə Lütfiyar müəllimi atdan yıxmaq
istəyiblər ki, ona da nail ola bilməyiblər. L.İmanovun
nəinki at belində, hətta ölüm anına
qədər də ayaqları büdrəməyib...
***
İndi neçə gündür Lütfiyar İmanov kimi dahi
sənətkar aramızda yoxdur. Yəqin P.Bülbüloğlu
Moskvadakı səfirliyimizdə, rusların arasında
neçə gündür rahat nəfəs alır.
çünki 18 il məhz onun sayəsində səhnə
üzünə həsrət qalan böyük sənətkar
"oxumasam, ölərəm" - deyirdi və oxuya
bilmədiyi üçün də bu dünyadan
köçdü. Ancaq yaddan çıxartmayaq ki, hansısa
bir günahı, haqsızlığı o qurban olduğum
Allah heç kimə bağışlamır.
Qarşıdan isə, yəni bu il, Lütfiyar İmanovun 80
illik yubileyi gəlir. İnanırıq ki, öz qeyri-adi
səsi ilə dünyanın və keçimiş SSRİ respublikalarının
opera səhnələrində, Azərbaycan və dünya
klassiklərinin biri-birindən maraqlı, yaddaqalan
obrazlarını oynamaqla milyonları heyrətə
gətirmiş L.İmanovun 80 illik yubileyi onun adına layiq,
böyük təntənə ilə qeyd olunacaq.
Allah bu nadir səs sahibinə, gözəl insan,
qayğıkeş ailə başçısı Lütfiyar
İmanova qəni-qəni rəhmət eləsin!
Təzadlar.- 2008.- 29 yanvar.- S. 14.