Sevil
“Səhnəmizin Koroğlusunu itirdik”
Ramiz Quliyev: “Lütfiyar İmanov
Azərbaycanı bütün dünyada təmsil edib”
Dünən Rəşid Behbudov
adına Mahnı Teatrında Xalq artisti, görkəmli opera
müğənnisi, srağagün dünyasının
dəyişən professor Lütfiyar İmanovla vida mərasimi
keçirildi. Mərhum sənətkarla vidalaşmağa
ailə üzvləri, digər yaxınları və
incəsənət xadimləri toplaşmışdı. Qeyd
edək ki, Xalq artisti şəkərli diabetdən və
ürək çatışmazlığından
əziyyət çəkirdi. Ona görə də bu
yaxınlarda Türkiyədən müalicədən qayıtmışdı.
Sənətkar yanvarın 21-də axşam saatlarında
Mərkəzi Kliniki Xəstəxanada keçinib.
Onu da bildirək ki, 1928-ci ildə Sabirabadda anadan olan
tanınmış sənətkarın bu il 80 yaşı tamam
olacaqdı. L.İmanov 1943-cü ildə Sabirabad Dövlət
Musiqi Teatrının səhnəsində “5 manatlıq
gəlin” tamaşasında oynayıb. 18 yaşında ilk dram
dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində
musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində,
sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə
başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan
“Koroğlu” operasında baş rolu oynayıb. 1968-ci
Mədəniyyət və İncəsənət Universitetini
bitirib. 30-dan çox operada baş rolun ifaçısı
olub. 1975-ci ildə 6 ay Milan şəhərində, La-Skala
teatrında təcrübə keçib. 1991-95-ci
illərdə İstanbul və İzmir
şəhərlərinin opera teatrlarında vokal
dərsləri verib. 1980-90-cı illərdə Azərbaycan SSR
Ali Sovetinin deputatı olub. İki övladı,
nəvələri var.
L.İmanovun sənət dostu, professor Canəli Əkbərov
sənətkarı hər cür hörmətə layiq insan
adlandırdı: “Səhnəmizin Lütfiyar İmanov kimi bir
yarpağı soldu. Biz ömrünü cismən milli musiqi
mədəniyyətinə, səs-söz dünyasına
həsr edən bir fədaini itirdik. O, hər cür
hörmətə layiq bir sənətçimiz idi.
Sağlığında xalqın qəlbində öz
heykəlini ucaltdı. Lütfiyar özündən sonra
böyük məktəb, irs qoydu. Təsəllimiz ancaq bu
olacaq ki, cismən bizdən uzaqlaşan Lütfiyar mənən
qəlbimizdə yaşayacaq və onun səhnə
mədəniyyətindən, onun sənətindən bundan
sonrakı nəsil yararlanacaq”.
Professor, tarzən Ramiz Quliyev isə sənət dostunu
anarkən bildirdi ki, L.İmanov ağrıya,
xəstəliyə tab gətirən insan idi: “Srağagün
onunla telefon əlaqəsi yaratdıq. 20 Yanvar
şəhidlərini andıq. Nədənsə, çox
kövrəlmişdi. Vədələşdik ki, yanvarın
25-də filarmoniyada olan konsertdə görüşək. Dedi
ki, Türkiyədən müalicədən
gəlmişəm, ayaqlarım ağrıyır, amma
mütləq Nina xanımla filarmoniyaya konsertə
özümü çatdıracam. Sonra da ötən il İranda
verdiyimiz konserti xatırladıq və dedi ki, bu il də
belə konsertimiz olacaq. Çox nikbin insan idi. Lütfiyarın
ölümünə inanmıram. Bu il onun 80 yaşı
olacaqdı. Ömür vəfa etmədi”.
Tarzən onu da vurğuladı ki, L.İmanov Azərbaycanı
bütün dünyada təmsil edib: “Böyük
Bülbüldən sonra, səhnədə Koroğlu olmaq
hər adamın işi deyildi. O, dünyanı gəzdi,
Azərbaycanı təmsil etdi. 1964-cü ildən son
günlərədək onunla bir yerdə konsertlərdə
iştirak etmişəm. O, sənətinin fədaisi idi.
Belə sənətkarlar yəqin ki, nadir olur. Lütfiyar
sənət üçün yaranmışdı. Biz
səhnəmizin nadir Koroğlusunu itirdik”.
Müğənni Bəsti Sevdiyeva isə L.İmanovun
vaxtilə tələbəsi olmaqdan böyük qürur
duyduğunu bildirdi və sənətkarın
vəfatını böyük itki adlandırdı: “Mənim
üçün böyük itkidi. Lütfiyar müəllim
Mədəniyyət, İncəsənət Universitetində
1977-ci ildə mənə vokal sənətindən dərs
deyib. Onun çox yüksək tədris qabiliyyəti
vardı. Lütfiyar müəllimin tələbəsi olmaqdan
böyük qürur duyuram. O cür gur, qeyri-adi səs
inanmıram ki, bundan sonra kiməsə nəsib olsun.
Lütfiyar müəllim gözəl ailə sahibi idi, bizə
də nümunəvi ailə qurmağı
aşılayırdı. Allah ona qəni-qəni rəhmət
eləsin”.
Dünən sənətkar birinci Fəxri Xiyabanda dəfn
edildi. Allah rəhmət
eləsin!
Yeni Müsavat.- 2008.- 23 yanvar.- S. 12.