Qaliboğlu E.
20 Yanvar faciəsi
incəsənətdə
Rəhman Əlizadə:
"İlk növbədə ədəbiyyat bu mövzuya
müraciət etməlidir"
20 Yanvar xalqımızın tarixi
taleyində heç vaxt unudulmayacaq faciələrimizdəndir.
Bu faciənin az vaxtdan sonra incəsənət
adamlarının yaradıcılığında əksini
tapması təbii idi. Xüsusən
musiqimizdə 20 Yanvar mövzusu geniş ifadəsini tapdı.
Maraqlıdır, görəsən,
son vaxtlar sözügedən mövzuda hansı
əsərlər yaranıb? AMEA-nın müxbir üzvü,
tanınmış teatrşünas İnqilab Kərimov deyir
ki, "müharibə, xüsusən də faciələrimiz
mövzusunda əsərlər yazılır, amma konkret olaraq
teatrda 20 Yanvara aid tamaşa görməmişəm. 20 Yanvar
xalqımızın böyük, sarsılmaz iradəsini
nümayiş etdirdi. Dəfn günü xalqımızın
sarsılmazlığı əlləri avtomatlı rus
əsgərlərinin inadını iradəsi ilə
qırdı. Əsgərlərin barmaqları tətikdə
idi, hər an gözləyirdilər ki, nəsə bir
bəhanə tapsınlar, camaata atəş açsınlar.
Xalqımızın yekdilliyi həmin ağır
günlərdə bir daha özünü göstərdi".
20 Yanvar mövzusunda Azərbaycan
teatrlarının səhnəsində ayrıca bir əsər
səhnələşdirilməməsi görəsən,
nə vaxta kimi çəkəcək? İ.Kərimov
inanır ki, nə vaxtsa belə bir əsər meydana
çıxacaq: "Bu, böyük bir mövzudur. 20
Yanvarı bütün dəhşəti, gerçəkliyini
bütün tərəfləri ilə açmaq, hər
mənada mövzunu yetkin bir sənət əsəri səviyyəsində
tamaşaçıya təqdim etmək lazımdır.
Artıq tarixə dönmüş 20 Yanvar mövzusunu
görəsən, kim boynuna götürüb tarix boyu
yaşayacaq bir əsər yaradacaq; elə bir əsər ki,
Şekspirin əsərləri kimi tarix boyunca yaşasın.
Hər halda bu mövzuda əsərin meydana çıxması
asan olmayacaq".
Tanınmış bəstəkar, xalq artisti Tofiq Bakıxanov
da 20 Yanvar mövzusundan təsirlənərək o
dövrdə ilk əsər yaradanlardandır:
"Bu faciə mənə o dərəcədə
ağır təsir etdi ki, şəhidlərimizin
xatirəsinə əsər həsr etməyi qərara
aldım. Fikirləşdim ki,
bu mövzuda ən uyğun gələ bilən əsər
"Humayun" olar. Faciədən çox
keçməmiş "Humayun" simfonik muğamını
yazdım. Bu əsər Azərbaycandan başqa digər
ölkələrdə də nümayiş etdirilib.
Əsər Azərbaycan televiziyasının "Qızıl
fond"undadır. Hər il bu əsər 20 Yanvar günü
radioda və televiziyada səsləndirilir. Hər hansı
xalqın nümayəndəsi bu əsərə qulaq asanda bir
xalq olaraq yaşadığımız faciəvi məqamları
aydınca duyur, yenilməzliyimizi dərk edir".
Dövlət Gənclər Teatrının baş rejissoru,
dramaturq Rəhman Əlizadə deyir ki, indiyə kimi
müxtəlif teatrlarda 20 Yanvar faciəsi ilə bağlı
ədəbi-bədii kompozisiyalar səhnələşdirilib:
"Amma ayrıca sırf bu faciə ilə bağlı
əsər səhnələşdirilməyib. Elə
mövzular var ki, onu ədəbiyyata,
teatra birdən-birə gətirmək olmur. 20 Yanvardan sonra
Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslər
baş verib.
Bu, tarixi bir mövzudur, həm də bizə uzaq bir
keçmiş də deyil. İlk növbədə
ədəbiyyat bu mövzuya müraciət etməlidir. 20
Yanvar, eləcə də Qarabağ mövzuları geniş bir
roman mövzusudur. Bu, ümumiyyətlə, keçmiş
SSRİ-nin həyatında böyük bir epoxanın sonu idi.
Ümumiyyətlə, bu tipli mürəkkəb
mövzuları yazmaq üçün bir xeyli vaxt
keçməlidir. L.H.Tolstoy özünün məşhur
"Hərb və Sülh" epopeyasını nə
qədər vaxt keçəndən sonra yazdı. 20 Yanvar kimi
qəliz bir mövzuya
2 saatlıq tamaşa həsr etmək asan məsələ
deyil. Amma elə ki, ədəbiyyatda roman janrında bu
mövzuda əsər yazılacaq, onun fabulası teatra
gələ bilər. Digər tərəfdən hələ
də bu mövzu çox istidir, soyumayıb".
20 Yanvar faciəsi Güney Azərbaycanda hər il qeyd edilir
Tədqiqatçı Əkrəm Rəhimli Güney
Azərbaycanda yaşayan milyonlarla soydaşımızın
həmin acı-ağrılı günlərdə faciəni
necə qeyd etmələrindən danışır: "20
Yanvar cinayətinin sovet rəhbərliyi tərəfindən
əvvəl son dərəcə məxfi saxlanılmasına
cəhd edilsə də, sonra bu, "ekstremist", rejim
əleyhinə çıxan bir dəstənin
özbaşınalığına qarşı guya kiçik
bir əməliyyat kimi beynəlxalq ictimaiyyətə təqdim
edilmişdi.
Lakin düşmən yanılmışdı. Elə həmin
gecə törədilmiş cinayətin mahiyyəti və
qanlı miqyası beynəlxalq ictimaiyyətə
çatdırıldı. Bu işdə mərhum jurnalist
Elmira Əmrahqızının
xidmətlərini qeyd etməmək olmaz. Bu cəsur qadın
özünün həyəcanlı və qəzəbli
səsi ilə Bakıdakı qanlı olayları dünyaya
çatdırdı. Törədilmiş faciədən az
sonra Güney Azərbaycandakı soydaşlarımız da
xəbər tutdular. İran rəsmilərinin Bakıda baş
verən qanlı olayları SSRİ-nin "daxili işi"
adlandırmasına, ona qarşı çox soyuq və
bitərəf mövqe tutmasına, qadağan və ciddi
təzyiqlərə baxmayaraq güneyli soydaşlarımız
yanvarın 21-də Araz çayının sahillərinə
tökülüşdülər, səslərini
ucaltdılar. İran rəsmiləri Azərbaycan
türklərinin Bakıdakı qanlı olaylara bu cur
coşğun və geniş miqyaslı reaksiya verəcəyini
təsəvvürlərinə gətirmirdilər. Rəsmi
Tehran Araz çayı boyunca sərhəd nəzarətini
gücləndirdi, soydaşlarımızın ardıcıl
toplanmasına imkan vermədi. Bütün
çətinliklərə, əzab-əziyyətlərə
baxmayaraq, 20 Yanvar şəhidlərinin dəfninə,
7 və 40-na Arazın o tayından onlarla soydaşımız
gəlmişdilər.
Onlar sərhəddi təbiidir ki, gizli keçmiş, Arazın
buzlu sularını yarmış, bir qismi də başqa
ölkələrə gedərək, oradan Quzey Azəraycana
gəlmişdilər. Faciə baş verən günün
səhərisi Tehran, Xoy, Mərənd, Təbriz,
Ərdəbil, Urmiya, Səlmas şəhərlərində
matəm məclisləri təşkil olunmuşdu. Tehranda
Azərbaycan türklərinin küçə
nümayişinə icazə verilməmişdi, onlara
məscidə toplaşmaları məsləhət
görülmüşdü. Soydaşlarımız Bakıda
qətliama məruz qalmışların ailələrinə,
həmçinin yaralılara dava-dərman almaq
məqsədilə topladıqları xeyli miqdarda pulu,
dava-dərmanı Quzey Azərbaycanın paytaxtı Bakı
şəhərinə çatdırmaq üçün
İrandan icazə istəsələr də, onların
istəyi yerinə yetirilməmişdi. Tehran demişdi ki,
topladığınız pulları verin,
"Şiri-xurşid" (Qırmızı xaç")
vasitəsilə çatdıraq. Soydaşlarımız
bilirdilər ki, dövlət bu pulu Bakıya
göndərməyəcək, ona görə də
verməmişdilər. Hətta təcili olaraq Bakıya
getmək istəyən ixtisasca həkim
soydaşlarımıza belə icazə verilməmişdi.
Bir travmatoloq soydaşımızın Bakıya getmək
inadının üstündə şəxsi klinikasına olan
vergini artırdılar, az sonra isə klinikanı
bağladılar.
20 Yanvar mövzusu Güney Azərbaycan ədəbiyyatında
Şairlər şeirlərində, ata-analarımız
bayatılarında Bakıda baş vermiş qanlı olaylarda
günahsız soydaşlarımızı qətlə
yetirənlərə lənətlər yağdırdılar,
şahidlik zirvəsinə ucalan igidləri Vətənimizin
azadlığının mücahidi kimi tərənnüm
etdilər:
Bakı, Gəncə, Naxçıvan,
Dərbənd, Şəki, ya Şirvan,
Yaralı şəhidlərim,
Yaranıza mən qurban."
Həmçinin Ə.Rəhimli qeyd edir ki, 20 Yanvardan sonra
qızışan Qarabağ uğrunda
döyüşlərdə Güney Azərbaycandan olan
könüllülər də iştirak emiş, onlardan bir
çoxu şəhid olmuşdur. Bu
soydaşlarımızın adlarını təqdim edirik:
Aslan Müqəddəmi, Şahin Səriri, İlqar
Əlizadə, Çingiz Kərimi,
Ahəngari, Fərahim Kamuki və başqaları
belələrindəndir. "Varlıq" jurnalının
səhifələrində 20 Yanvara həsr rolunmuş xeyli
yazılar işıq üzü gördü. Cavad Heyət
Türkiyənin o zamankı prezidenti Süleyman
Dəmirələ çox təsirli məktubla
müraciət etmişdi".
Güneyli soydaşımız Behruz Dimani 20 Yanvara həsr
etdiyi məqaləsində yazır: "Bu faciə
Azərbaycan tarixində sağalmaz yara oldu. Amma azadlıq
və müstəqillik heç vaxt asan qazanılmır.
Azərbaycan 1918-ci ildə qazandığı
müstəqilliyini əlində çox saxlaya bilmədi.
Sovet dövründə "bərabərlik,
ədalət" şüarı ilə yaranan bu sistem xalqa
yad gözlərlə baxdı, etiraz edənlər isə ya
öldürüldü, ya da buzlu cəhənnəmə -
Sibirə göndərildi. Xalqın hiddəti 1990-cı ilin 20
Yanvarında güclü bir haraya çevrildi. Bu harayı
boğa bilmədilər, nəticədə Bakıya rus ordusu
yeridildi. Xalq rus əsgərlərinin qanlı
çəkmələri altında əzilsə də,
sarsılmadı. Az bir müddətdən sonra isə
müstəqillik əldə olundu. Erməniləri himayə
edən ruslar və bəzi Qərb ölkələri
Azərbaycanın ürəyinə başqa bir yara vurdular:
Dağlıq Qarabağ əldən getdi. Xocalı faciəsi
baş verdi. İnanırıq ki, bir gün yenə
Qarabağda Xanın səs yüksələcək. O gün
uzaqda deyil".
Bu gün İran-fars rejiminin törətdiyi bütün
çətinliklərə baxmayaraq hər il Güney
Azərbaycanda 20 Yanvar faciəsi qeyd olunur.
Xalq cəbhəsi.- 2008.- 19 yanvar.- S. 14.