Mehriban Əliyeva: "Muğam bizim mədəniyyətimizin əsas sütunlarından biridir"

 

"Muğam televiziya müsabiqəsi-2007" ilə əlaqədar Heydər Əliyev Fondunun ünvanına 5 mindən artıq məktub daxil olmuşdur. Bu, dünyada muğama marağın heç vaxt azalmayacağını şəksiz təsdiq edən inandırıcı faktdır. Muğam Azərbaycan xalqının musiqi sənətinin zirvəsidir, o, bizim fəxrimiz, Yer kürəsinin hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının eyniləşdirmə kodudur.
Xatırladaq ki, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Rəşid Behbudov adına Mahnı Teatrında keçirdiyi "Muğam televiziya müsabiqəsi-2007" üç ay davam etmişdir. Azərbaycan torpağı istedadlarla zəngin olduğundan, sərt rəqabət şəraitinin hökm sürdüyü bu müsabiqədə ölkəmizin müxtəlif bölgələrində yüzlərlə gənc arasından seçilmiş 20 nəfər iştirak edirdi. İştirakçılar arasında Təbriz (İran) nümayəndəsi Nasir Ətapur da vardı. Yeri gəlmişkən, o, üçüncü yeri tutmuşdur. Müsabiqənin ən gənc iştirakçısı, 11 yaşlı Elməddin İbrahimov və Güllü Muradova isə öz virtuoz ifaları ilə tamaşaçıları və nüfuzlu münsiflər heyətini heyran etmiş, buna görə də birinci yerə onlar layiq görülmüşlər.
Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Muğam televiziya müsabiqəsi-2007"-nin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşündə demişdir ki, bu layihənin əsas məqsədi qədim Azərbaycan muğamını təbliğ etmək, zəngin muğam məktəbi üçün yeni səslər axtarmaq və gənc ifaçılara öz potensiallarını tam şəkildə reallaşdırmaq üçün şərait yaratmaq idi. Bu yüksək amala, bu nəcib məqsədlərə nail olunmuşdur.
Mehriban xanım müsabiqəyə hazırlıq mərhələsində müxtəlif regionlara gedərək iştirakçıların seçilməsində zəhmət çəkmiş, onların çıxışlarını yüksək peşəkarlıqla qiymətləndirmiş münsiflər heyətinin üzvlərinə dərin minnətdarlığını bildirərək demişdir: "Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur".
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birlikdə bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir: "Qarabağ xanəndələri" musiqi albomu buraxılıb, "Muğam" jurnalı nəşr olunur, "Muğam" ensiklopediyasının həm çap, həm də elektron versiyası hazırlanır, Muğam Mərkəzi tikilir. Sonuncu layihə YUNESKO tərəfindən dəstəklənir və bu, beynəlxalq mərkəz olacaq, orada beynəlxalq tədbirlər də keçiriləcəkdir. Mehriban xanım qədim və zəngin tarixə malik olan muğamımızın, xalq mahnılarımızın bütün dünyada tanıdılmasında istedadlı gənclərin rolunu xüsusi vurğulamışdır.
Əlamətdar haldır ki, bu üç ay ərzində həm Azərbaycandan, həm də xarici ölkələrdən ardı-arası kəsilmədən daxil olan məktubların müəlliflərinin əksəriyyəti bu fikirlərə tam şərikdir. Onlar muğama olan sevgi və məhəbbətlərini ifadə edir, müsabiqəni ürəkdən dəstəklədiklərini bildirirlər. Bunu bir daha yəqin etmək üçün dünyanın bütün guşələrindən olan, məsafə hədlərinə məhəl qoymadan xalq istedadlarının yarışmasını diqqətlə izləmiş respondentlərin səyləri sayəsində yaradılmış, artıq epistolyar xarakter kəsb etmiş arxivə nəzər salmaq kifayətdir.
Məsələn, Ərdəbildən (İran) olan soydaşımız Rəfiq Kəffaş muğama böyük bir şeir həsr etmişdir (bu icmala epiqraf kimi verdiyimiz iki misra həmin şeirdəndir). Məktubun hər sətrində ulu keçmişimizin musiqi irsini qayğıkeşliklə qoruyub saxlamış, heç bir meyarla ölçülə bilməyəcək bu sərvəti daim təbliğ edən ölkəmizə böyük məhəbbət hissləri duyulur. Müəllif müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirərək yazır: "Mən Ərdəbildən hər həftə səbirsizliklə sizin verilişi izləyirəm. Bu şeiri bütün Azərbaycana həsr edirəm. Bu şeir verilişdə oxunsaydı, çox sevinərdim".
İrandan daxil olmuş başqa bir məktubun müəllifi Həmid Fərruxi yazır: "Mən və bizim bütün ailəmiz bu gözəl müsabiqənin təşkilatçılarına təşəkkür edirik. Bizə bəxş etdiyiniz bu bayrama görə çox sağ olun".
Amerika Azərbaycan Qadınları Cəmiyyəti adından Mehriban xanıma ünvanlanmış məktubda deyilir: "Biz Azərbaycanda baş verən hadisələri, Sizin həyata keçirdiyiniz bütün proqramları diqqətlə izləyirik. Bu gün Siz olduqca xeyirxah və məsuliyyətli bir işə başlamısınız. İşiniz avand olsun. Muğamın ecazkar sədaları Vətən həsrətini, Qarabağın ağrılarını bir anlığa unutdurur. Siz çox dəyərli iş görürsünüz. Arzumuz budur ki, bizim də övladlarımız gələcəkdə balaca Elməddin kimi muğam oxuya biləydilər..."
Baltimordan (ABŞ) Xəlil Zəmininin səmimi məktubu da eyni ruhda yazılmışdır: "Sizin muğam müsabiqəsinə həsr edilmiş proqrama baxmaq imkanı qazandığıma görə özümü çox xoşbəxt sayıram. Mən indiyə qədər heç vaxt bu qədər gözəl musiqi eşitməmişdim. Müsabiqənin texniki səviyyəsinin mənim gözlədiyimdən də yüksək olmasını qeyd etmək istəyirəm. Bu gözəl müsabiqənin təşkilatçılarına "Çox sağ olun!" deyirəm. Mən daim Azərbaycan haqqında düşünürəm və bu fikirlərim azərbaycanlılara, Azərbaycan musiqi mədəniyyətinə sevgi duyğularına əsaslanır".
Həmyerlimiz Rəhbər Bayramov öz məktubunda yazır ki, bu böyük xalqın nümayəndəsi olduğuma görə fəxr edirəm, çünki muğam kimi bir möcüzəni yalnız böyük xalq yarada bilərdi. O, həm də muğam bayramının təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirir.
Rusiya Federasiyasının Orenburq vilayətində yaşayan Muradovlar ailəsi muğam müsabiqəsinin keçirilməsinə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir və bu möhtəşəm layihənin bütün iştirakçılarına, xüsusən Elməddinə təbriklərini çatdırmağı xahiş edir.
Əli Bayramlı şəhərindən Mirəli Məmmədov yazır: "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsü ayaq üstə alqışlanmağa layiqdir... İnanırıq ki, biz muğamsevərlər tezliklə bu müsabiqənin iştirakçılarını istədiyimiz zaman, istədiyimiz yerdə dinləyə bilmək şərəfinə nail olacağıq". Arzularınız çin olsun, Mirəli müəllim.
Türkmənistandan Altıməhəmməd Yusupov və bütün ailəsi doğma türkmən melodiyaları ilə yanaşı, hər həftənin çərşənbə axşamı və cümə axşamı günlərində Azərbaycanın "gənc, lakin qızıla bərabər səsə" malik olan ifaçılarını məmnuniyyətlə dinləyir və bundan böyük zövq alır. Yusupovlar ailəsi Elməddin İbrahimovun, Abgül Mirzəyevin və Güllü Muradovanın ifaçılıq məharətini xüsusi vurğulayır, bu müsabiqənin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna təşəkkür edir.
Krımda yaşayan bütün azərbaycanlılar adından məktub göndərmiş Şakir Nəcəfov müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirir və bu münasibətlə bütün dünya azərbaycanlılarını təbrik edir. O yazır: "Heç bir millət heç vaxt muğamı mənimsəyə bilməz, o, mənim xalqıma, Azərbaycana məxsusdur".
Qardaş türk xalqının adından Firat Universitetinin filologiya fakültəsinin dekanı Ənvər Arasın Mehriban xanıma ünvanlanmış məktubunda deyilir: "Bütün türklər və dünyadakı bütün türk xalqları "Muğam müsabiqəsi"nin təşkilatçısı kimi Sizinlə fəxr etməlidirlər. Sizin qarşınızda baş əyirəm. Bütün türklər Sizin fəaliyyətinizdən öyrənməlidirlər". Ənvər Aras yaxın gələcəkdə bu cür müsabiqələrin Göyçə mahalında, Xankəndidə, Şuşada, Füzulidə, Ağdamda... keçirilməsini arzulayır.
Danimarkada yaşayan soydaşımız cənab Şoca yazır: "Siz bütün dünya azərbaycanlılarını xoşbəxt etdiniz. Tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılovaya məndən çox-çox salam və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Müsabiqənin təşkilatçılarına, başda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım olmaqla "Çox sağ olun!" deyirəm..."
"Daş ürəklərdə yanıb
daşları yandırdı Muğam,
Haqqa düşmən olanı
haqqa tapındırdı Muğam".

Kaliforniyadan Beniz Spenser məktubuna xalq şairi Bəxtiyar Vahabzadənin bu sətirləri ilə başlayaraq öz hisslərini belə ifadə etmişdir: "Biz, qürbətdə yaşayan azərbaycanlılar öz xalqımızla qürur duyaraq bütün dünyaya bəyan edirik: belə bir xalqa mənsub olduğumuza və muğam kimi bir sərvətimiz olduğuna görə özümüzü xoşbəxt sayırıq..."
Ukraynada yaşayan Tofiq adlı soydaşımız yazır: "Mən Mütəllim Mütəllimovun nəvəsiyəm. Müsabiqəni böyük maraqla izləyirəm. Yalnız Azərbaycan xalqına məxsus olan yeganə musiqi janrı muğama həsr edilmiş bu möhtəşəm və genişmiqyaslı bayramın təşkilatçılarına təşəkkür edirəm. Bu tədbirin bütün iştirakçılarına uzun ömür, Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış böyük missiyanın həyata keçirilməsində uğurlar arzulayıram". Tofiqin məktubundan hiss olunur ki, doğma yurdunun hər qarış torpağı, Azərbaycan musiqisinin hər bir notu onun üçün əzizdir.
Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyon azərbaycanlı yaşayır. Onların ünsiyyət saxlaması üçün ən anlaşıqlı dil musiqidir - böyük, tayı-bərabəri olmayan Azərbaycan musiqisi. Bu fikirlər Türkiyədən məktub göndərmiş Camal Mehmezanoğlunun həmin müsabiqəyə münasibətini ifadə edir.
Moskvada yaşayan Emil Kərimov müsabiqə barədə rəyini bu cür qələmə almışdır: "Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri bu müsabiqənin gənc iştirakçılarının ifasında muğam dinləməkdən xüsusi məmnunluq duyuruq. Güllü Muradovanın ifası bizi heyran edir. Onun oxumasına laqeyd qalmaq mümkün deyil. Bizim mədəni irsimiz olan muğama xüsusi diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk".
Polşada yaşayan soydaşlarımız Şahin, Mübariz və Yusif 11 yaşlı Elməddinin bütün çıxışlarını böyük maraqla izlədiklərini bildirirlər. Onlar hər kəsin öz qabiliyyətini və istedadını nümayiş etdirə bildiyi gözəl muğam bayramına görə bu müsabiqənin keçirilməsi təşəbbüsünü irəli sürənlərə, xüsusən Mehriban xanım Əliyevaya minnətdarlıq edirlər.
Hollandiyada yaşayan bir qrup azərbaycanlının adından göndərilmiş məktubda deyilir: "Qəlblərimiz sevinc və qürurla doludur. Burada elə bir azəri tapılmaz ki, muğam müsabiqəsinə baxmasın. Biz xoşbəxtik ki, belə bir musiqisi olan xalqın nümayəndələriyik".
Sankt-Peterburqdan rəssam Mirələm Ağayev yazır: "Prezidentimizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Muğam mənim dilimdir!
Muğam mənim əlifbam!
Muğam mənim tarixim!
Muğamdır poeziyam!"

Bu sözləri rəssam Mirələmin həyat və sənət amalı da hesab etmək olar.
Sankt-Peterburqdan Şəfiqə, Sərxan və Ləman Zeynalovlar yazırlar: "Biz, Rusiyanın şimal paytaxtının sakinləri möhtərəm Mehriban xanımın sayəsində "Muğam layihəsi"nin ərsəyə gəlməsinə çox sevinirik. Müsabiqəni maraqla izləyirik, milli musiqimizə daha dərindən bələd olmaq istəyirik. Sağ olun".
Məktubların coğrafi əhatə dairəsi çox genişdir. Rusiya, İran, Türkiyə, Almaniya, Polşa, Yunanıstan, Böyük Britaniya, ABŞ, Estoniya, Litva, Latviya, Türkmənistan və başqa ölkələrdə yaşayan soydaşlarımız bu müsabiqəyə münasibət bildirmişlər.
Rəylərin bu qədər çoxsaylı olması onu göstərir ki, muğam müsabiqəsi xalq arasında populyarlıq qazanmışdır və belə müsabiqələrin ənənəyə çevrilməsi barədə Mehriban xanımın təklifi yekdilliklə dəstəklənir.
"Muğam televiziya müsabiqəsi" istedadlı ifaçıların üzə çıxarılmasına kömək etməklə bərabər, həm də mədəniyyətimizin zənginləşməsinə xidmət etmiş, ifaçıların yeni nəslinin yetişdirilməsinə təkan vermişdir. Bu məsələdə Azərbaycan xalqının layiqli qızı Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Bizim tanış olduğumuz minlərlə məktubun leytmotivi belədir.

 

Azərbaycan.- 2008.- 30 yanvar.- S. 2.