Bayramova Z.
2007-ci ildən qalan mədəni
izlər
Hər ay ən azı bir
neçə əlamətdar hadisə ilə xatırlanacaq...
Artıq tarixə qovuşmuş
2007-ci il digər sahələrdə olduğu kimi, mədəni
həyatımızda da dərin izlər qoydu. Belə ki,
ötən ildə mədəniyyət, incəsənət,
ədəbiyyat və elm sahələrnin daha da inkişaf
etdirilməsinə dair onlara sərəncam imzalandı. Onlarla
sənətkara müxtəlif fəxri adlar, Prezident
təqaüdü, Prezident mükafatı verildi.
Neçə-neçə yaradıcı insanın mənzil
şəraiti yaxşılaşdırıldı.
Mədəniyyət sahəsində çalışanların
əmək haqqı artırıldı. Yaradıcılıq
ittifaqlarının, birliklərinin yerləşdiyi binalar
təmir edildi, neçə-neçə yeni
mədəniyyət obyektinin, muzeyin
açılışı oldu. Görkəmli sənət
adamlarının yubileyləri keçirildi...
Bəli, bu barədə
istənilən qədər danışmaq, yazmaq olar. Amma biz
yalnız bir məqamı vurğulamaqla kifayətlənirik.
Ötən il ərzində bu sahə ilə bağlı
qəbul edilmiş rəsmi sənədləri və həyata
keçirilən tədbirləri xatırladıqca bir daha
əmin olursan ki, bu istiqamətdə atılan bütün
addımlar bir məqsədə xidmət edib: mənəvi
dəyərlərimizi qorumağa, onları müasirliyə
qovuşdurmağa və gələcək nəsillərə
çatdırmağa.
İndi isə gəlin,
2007-ci ildə yaşamaq hüququ qazanmış və
şəxsən ölkə başçısı İlham
Əliyevin iştitakı ilə təməli qoyulmuş, yaxud
açılış mərasimi keçirilmiş yeni
ünvanların bəzilərinə bir də baş
çəkək.
Mart - Heydər Əliyev
adına saray əsaslı təmir və yenidənqurma
işlərilə əlaqədar fəaliyyətini dayandırandan
sonra hazırlanmış layihə ilə ölkə
başçısı da tanış oldu. Xatırladaq ki,
layihəni Türkiyənin "Rim Proje" şirkəti
hazırlayıb. "Aqrartikinti" Səhmdar Cəmiyyəti
tərəfindən aparılan işlər bu il başa
çatdırılacaq.
Mart - Bakıda "20
Yanvar" dairəsində - Tbilisi prospekti ilə Həsənbəy
Zərdabi küçəsinin kəsişməsində
tikilmiş müxtəlif səviyyəli yol qovşaqlarının
açılışı oldu. Xatırladaq ki, buraya 8
dairəli müxtəlif yol qovşağı daxildir. Onu da
qeyd edək ki, bütövlükdə həmin yol
qovşağının smeta dəyəri 31,5 milyon manat idi.
Dekabr - Dövlət
Kukla Teatrı əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verildi. Tədbirə ölkə
başçısı və xanımı da qatıldılar.
Yeri gəlmişkən, tikinti şirkətləri burada
gördükləri işin keyfiyətinə 20 illik
zəmanət veriblər.
Dekabr - Azərbaycan
Tarixi Muzeyi əsaslı təmir-bərpa işlərindən
sonra yenidən istifadəyə verildi. Tam yeni görkəm
almış bu bina 1895-1897-ci illərdə tikilib. Dekabrın
28-də Prezidentin açılışını etdiyi
həmin memarlıq abidəsinin gecələr yaxşı
görünməsi üçün müasir işıqlandırma
sistemi də quraşdırılıb.
Mədəniyyət.- 2008.- 16 yanvar.- S. 3.