Tahirov K.
M.F.Axundov adına
Milli Kitabxana yeni əsrin başlanğıcında
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası Azərbaycan Respublikasının ən
böyük dövlət kitabsaxlayıcısı, milli
mətbuatımızın və kitabiyyatımızın
dövlət arxivinin yaradıcısı, ölkənin
bütün kitabxanaları üçün elmi metodik
mərkəz funksiyasını yerinə yetirən,
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq
sahəsində aparıcı elmi mərkəz rolunu oynayan
və nəhayət, Azərbaycan elminin inkişafında
xüsusi xidməti olan elm məbədi və mənəviyyat
xəzinəsidir.
Bu il özünün 85 illik yubileyini qeyd etməyə
hazırlaşan bu mənəviyyat xəzinəsi 1923-cü
ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı
ilə Respublika Dövlət Kitabxanası kimi
yaradılmışdır. Həmin ilin may ayının
23-də kitabxananın rəsmi açılış
mərasimi olmuşdur.
"Kitabxana işi haqqında" qanunun 7-ci maddəsinə
müvafiq olaraq M.F.Axundov adına Dövlət Kitabxanasına
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü
il tarixli qərarı ilə "Milli Kitabxana" statusu
verilmişdir. Bu status kitabxananın qarşısına
qoyulmuş vəzifələrin əhatəsini xeyli
genişləndirmiş və ölkənin ictimai
həyatında onun rolunu artırmışdır.
Son iki il ərzində ölkəmizdə
bütövlükdə mədəniyyətə və
mənəvi dəyərlərimizə dövlət
səviyyəsində xüsusi diqqət yetirilməsi,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
mədəniyyətimizə xüsusi qayğısını
böyük uğurla davam etdirən hörmətli Prezidentimiz
İlham Əliyevin bu sahəyə hədsiz diqqəti
sayəsində kitabxana işi sahəsində də
böyük uğurlar qazanılmış,
əhəmiyyətli işlər
görülmüşdür. Latın qrafikası ilə
Azərbaycan dilində 400 addan çox kitabların
kütləvi tirajla nəşri, “Azərbaycan
ədəbiyyatı kitabxanası”, “Dünya uşaq
ədəbiyyatı kitabxanası” və “Dünya
ədəbiyyatı kitabxanası” seriyasından kitabların
çapı barədə sərəncamların verilməsi
kitabxanalarımızın fondlarının
zənginləşməsində və 1988-1993-cü
illərdə mənəviyyatımıza
qayğısızlıq nəticəsində itirilmiş
oxucularımızın kitabxanalara qayıtmasında
mühüm rol oynamışdır. Dünya
səviyyəsində analoqu olmayan bu tədbirlərin
həyata keçirilməsi nəticəsində bu gün
kitabxanalarımızın kitabla təchizatı
sahəsində problem demək olar ki, həll olunmuşdur.
Hörmətli Prezidentimizin 20 aprel 2007-ci il tarixli
"Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılmasi haqqında"
sərəncamı isə demək olar ki, respublikamızın
bütün kitabxanalarının işinin günün tələbləri
səviyyəsində yenidən qurulması istiqamətində
atılan ən mühüm addım olmuşdur. Bu
sərəncamda ölkəmizin bütün kitabxana şəbəkələrinin
fəaliyyəti dərindən təhlil olunaraq onların
yenidən qurulması, strukturunun
təkmilləşdirilməsi, maddi-texniki bazasının
möhkəmləndirilməsi, kitabxanaların informasiya
kommunikasiya texnologiyaları ilə təchizatı və yeni
kitabxana binalarının inşa olunması istiqamətində
əzəmətli işlərin görülməsi
nəzərdə tutulmuşdur.
Bu sərəncamla Milli Kitabxananın
modernləşdirilməsi, müasir tipli informasiya
texnologiyaları ilə təchizatı, onun işinin
günün tələblərinə uyğun qurulmasına
dair tədbirlər planının, ölkəmizin
kitabxanalarının işinin köklü şəkildə
yaxşılaşdırılmasına yönəldilmiş
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008 – 2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"nın işlənib
hazırlanması və təsdiqi Nazirlər Kabinetinə
tapşırılmışdır.
Artıq 2008-ci ilin əvvəlindən bu tədbirlərin
həyata keçirilməsinə
başlanılmışdır və bütün bunlar iki il
öncə yeni yaradılmış Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin səyləri və
təklifləri nəticəsində mümkün olmuşdur.
Son iki il ərzində yeni yaradılan Mədəniyyət
və Turizm Nazirliyi hörmətli Prezidentimizin
kitabxanalarımızın kitabla təchizatı
istiqamətində həyata keçirdiyi tədbirlərin
davamı olaraq nazirliyin vəsaiti hesabına çox aktual
kitabların nəşri və təmənnasız olaraq
kitabxanalara və xarici ölkələrə
göndərilməsi xüsusilə təqdirəlayiqdir.
Belə ki, 2006-cı ildə nazirliyin vəsaiti hesabına
15798 nüsxə kitab çap olunaraq kitabxanalara
göndərilmişdirsə, artıq 2007-ci ildə bu
rəqəm 25449 nüsxəyə çatmışdır.
Bunların içərisində Ə.Ələkbərlinin
“Qərbi Azərbaycanın tarixi abidələri” (5 dildə),
H.Məmmədovanın “Xocalı: şəhidlər və
şahidlər” (rus və ingilis dillərində,
Ç.Qacarın “Köhnə Şuşa” kitablarını
və onlarla bu kimi kitabları göstərmək olar.
Hörmətil Prezidentimiz İlham Əliyev cənablarının
mədəniyyət sahəsinə rəhbərliyin daha da
təkmilləşdirilməsinə yönəldilmiş 31
yanvar 2006-cı il tarixli fərmanından sonra yeni
yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin
və hörmətli nazirimiz Əbülfəs Qarayevin
yaxından köməyi və qayğısı
sayəsində Milli Kitabxananın işində
dönüş yaranmış və tamamilə yeni
istiqamətlərdə əzəmətli işlər
görülməyə başlanmışdır.
Bu gün ötən iki il ərzində Milli Kitabxananın
gördüyü işlərə nəzər salarkən
informasiyalı cəmiyyət quruculuğu şəraitində
oxuculara kitabxana-informasiya xidmətinin müasir dövrün
tələblərinə uyğun yenidən qurulması
istiqamətində xeyli işlər görüldüyü ilk
növbədə göz önünə gəlir.
İlk növbədə Milli Kitabxananın veb saytı
hazırlanmış, ciddi maliyyə problemləri çox
qısa müddətdə həll olunaraq bilavasitə elektron
kataloqun və elektron kitabxananın tərtibi
işlərinə başlanmışdır. 2006-cı ilin
mayında hörmətli nazirimizin, görkəmli
ziyalıların və mütəxəssislərin,
respublikanın kitabxana ictimaiyyətinin və fəal
oxucularımızın iştirakı ilə veb
saytımızın, elektron kataloqun və elektron
kitabxanamızın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Milli Kitabxananın bu istiqamətdə
gördüyü işlər cənab nazirimiz tərəfindən
və mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmiş, bu istiqamətdə
işlərin davam etdirilməsi tövsiyə olunmuşdur.
Bu işin müsbət nəticəsi olaraq artıq 2006-cı
ildən kitabxanamızın əsas göstəriciləri
sırasında “virtual oxucu”, “elektron məlumat bazası”,
“kitabların elektron versiyası”, “tammətnli elektron
nəşrlər” kimi yeni iş göstəriciləri öz
yerini tutmağa başlamışdır. Hazırda Milli
Kitabxananın virtual oxucularının sayı 78 min
nəfəri keçmişdir ki, bunlar təkcə bizim
saytımız vasitəsilə elektron kataloqumuzdan və
elektron kitabxanamızdan istifadə edərək
bəhrələnən oxucularımızdır.
Kitabxananın elektron məlumat bazasında 34 min biblioqrafik
yazı əks olunmuşdur ki, bu da 150 min
nüsxəyədək kitabın əhatə olunması
deməkdir.
Artıq bu gün 2007-1994-cü illərdə kitabxanamıza
daxil olan bütün kitablar və 1993-1950-ci illəri
əhatə edən və oxucular tərəfindən daha
çox soruşulan 10 minlərlə kitab elektron kataloqumuzda
əks olunmuşdur. 2007-ci ildən analitik elektron məlumat
bazasının da yaradılmasına
başlanılmışdır. Yəni kitabxanaya daxil olan
qəzet və jurnallarda bu və ya digər mövzularda
çap olunmuş materialların da biblioqrafik təsvirləri
verilməyə başlanmışdır və hazırda bu
bazada beş mindən artıq material təsvir olunmuşdur.
Deməli oxucularımız kitablarla yanaşı, dövri
mətbuat materialları üzrə də mövzular
üzrə axtarış aparmaq imkanı əldə
etmişlər.
Əlbəttə, oxucuları kitabxanaya cəlb edən
əsas amil ədəbiyyatın, qəzet və jurnalların
alınmasıdır və son zamanlar Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən bu istiqamətdə bir sıra
məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. İlk öncə kitabxanaya kitab və
dövri mətbuatın alınması üçün
nəzərdə tutulan vəsait xeyli
artırılmışdır. Sonra isə nazirliyin vəsaiti
hesabına çap olunan kitabların sayı
əhəmiyyətli dərəcədə
çoxalmışdır. Bu gün Milli Kitabxana 750-yə
yaxın adda qəzet, jurnal və digər dövri nəşrlər
alır və oxucuların istifadəsinə verir.
2006-cı il ərzində Milli Kitabxananın fonduna 15
mindən artıq yeni ədəbiyyat daxil olmuşdursa, 2007-ci
ildə bu rəqəm 18.5 min nüsxə yeni kitab olmuşdur.
Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatın sayının
artmasında ölkədə nəşr olunan bütün
çap məhsullarından pulsuz məcburi
nüsxələrin alınması və Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə çap
olunan ədəbiyyatın mühüm rolu vardır. Prezidentin
sərəncamı ilə çar olunan hər bir adda kitab 25
min nüsxə tirajla buraxılır və yalnız
kitabxanalara pulsuz olaraq Azərbaycan Prezidentinin hədiyyəsi
kimi göndərilir ki, bu da hər bir kitabxanaya orta hesabla 2,5-3
kitabın düşməsi deməkdir. Bu sərəncamın
nəticəsi olaraq son iki il ərzində şəhər
və kənd kitabxanalarımıza daxil olan yeni kitabların
sayı xeyli artıb. Bu gün elə bir kənd kitabxanası
yoxdur ki, il ərzində ən azı 500-800 nüsxə yeni
kitab almasın. Şəhər kitabxanaları isə il
ərzində 1500-2000 yeni kitab alırlar. Halbuki yaxın
keçmişdə kənd və şəhər kitabxanalarımız
çox az miqdarda yeni kitab alırdı.
Bütün bunlar isə oxucuların, kitabxanaya
gələnlərin sayının xeyli artmasına
səbəb olub. 2006-cı il ərzində Milli Kitabxananın
daimi oxucularının sayı 34 min nəfər, kitabxanaya
gələnlərin sayı isə 216 min nəfər
olmuşdusa, 2007-ci ildə isə kitabxananın daimi
oxucularının sayı 40 min nəfərə yaxın,
gəliş isə 226 min nəfər olmuşdur. 2 il
ərzində kitabxanamızın virtual oxucularının
sayı isə 74,5 min nəfərə
çatmışdır ki, bunlardan 22,2 min nəfəri ancaq
elektron kataloqdan istifadə edənlərdir.
Fərəhləndirici haldır ki, 60-70-ci illərdə
Axundov kitabxanasında mövcud olan zallarda oxumaq
üçün növbələr bərpa olunub. İlin
bəzi aylarında şənbə və bazar günləri
kitabxanaya gələnlərin sayı 1300-1500 nəfərə
çatır və zallarda yerlər dolduğundan oxucuların
qarşısını saxlamaq məcburiyyətində
qalırıq. Oxucuların, kitabxanaya gələnlərin
sayının artmasında ən vacib şərt yeni
ədəbiyyatın artması və zallarda oxucular
üçün hər cür şəraitin yaradılmasıdır.
Son zamanlar Milli Kitabxananın binası çöl
tərəfdən bütövlükdə
təmizlənmiş, binanın ətrafı
abadlaşdırılmış, bütün perimetr boyunca xarici
işıqlandırma sistemi
quraşdırılmışdır. Kitabxananın istilik
sistemi təkmilləşdirilmiş, həyətdə
ayrıca müasir tələblərə cavab verən
qazanxana tikilib istifadəyə verilmişdir.
M.F.Axundov adına Milli Kitabxana “Kitabxana işi haqqında”
Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş milli
çap məhsullarının arxiv fondunun yaradılması
və milli biblioqrafiya vəsaitlərinin tərtibi
funksiyasını da müvəfəqiyyətlə yerinə
yetirir. Milli biblioqrafiyanın vacib atributu olan “Birillik
Azərbaycan kitabiyyatı”nın 2006-cı ildə 3 buraxılışı
çap olunub, 2001, 2003 və 2004-cü illərin
materiallarını əhatə edən 3
buraxılışı isə 2007-ci ildə işıq
üzü görmüşdür.
Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni
ədəbiyyatın cari biblioqrafik göstəricilərini
tərtib etməyə başlamışdır. “Yeni kitablar”
adlı bu cari biblioqrafik informasiya göstəricisi hər
rübdə bir dəfə nəşr olunur və həmin
dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan
bütün yeni ədəbiyyat orada öz əksini tapır.
Müasir dövr informasiyalı cəmiyyət kimi
xarakterizə olunur və sirr deyil ki, bu gün oxucular məhz
yeni informasiya ardınca kitabxanalara müraciət edirlər.
Artıq bu gün kitabxanamızın oxucuları və
eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan
bütün insanlar Milli Kitabxananın saytı və elektron
kataloqu vasitəsilə zaman və məkan problemi olmadan
kitabxanamızın kataloq və fondlarına daxil olaraq ondan
sərbəst bəhrələnə bilirlər. Bu gün
oxucularımız və respubukamızın ən ucqar
kəndində belə İNTERNET-ə
çıxışı olan hər bir vətəndaş
nəinki Milli Kitabxananın fond və kataloqlarında,
hətta ABŞ-ın Konqres Kitabxanasının və Rusiya
Dövlət Kitabxanasının (keçmiş Lenin
kitabxanası) fond və kataloqlarında da birbaşa
axtarış aparmaq imkanına malikdir. Tezliklə bu sıraya
Türkiyə Milli Kitabxanası da daxil olacaq və bu
istiqamətdə danışıqlar aparılır.
Milli Kitabxanada dünyanın ən böyük və
zəngin kitabxanalarında daha çox tətbiq olunan
VTLS-VİRTUA sistemi üzrə həyata keçirilən
kitabxana proseslərinin avtomatlaşdırılması, oxucu
sorğularının virtual rejimdə ödənilməsinə
və ödənilən arayışların tam
şəkildə məlumat bazasında saxlanmasına
şərait yaradır və onların təkrar istifadəsinə
imkan verir. VTLS avtomatlaşdırılmış
idarəetmə sisteminin tətbiqi kitabxanaya daxil olan yeni
ədəbiyyat haqqında oxuculara operativ məlumat
verilməsi məsələsini də həll etmişdir.
Çünki kitabxanaya müxtəlif
mənbələrdən daxil olan bütün ədəbiyyat
Milli Kitabxananın saytındakı “Yeni ədəbiyyat”
bölməsində əksini tapıb və oxucular həmin
düyməni basmaqla hər gün kitabxanaya daxil olan yeni
ədəbiyyat barədə məlumat ala bilirlər.
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa
məsələlərinə dair xeyli miqdarda vəsaitlər
nəşr edir və kitabxanalara göndərir. Bunların
içərisində 60-70-ci illərdə çap olunan
və müəyyən səbəblərdən uzun müddət
çap olunmayan “Əlamətdar və tarixi günlər
təqvimi”ni xüsusilə qeyd etmək lazımdır.
2004-cü ildə bu vəsaitin nəşri yenidən bərpa
olunmuşdur və həmin ildə 2005-ci ili əhatə
edən ilk buraxılış işıq üzü
görmüşdür. 2006-cı ildə 2007-ci ilə aid
buraxılış çap olunmuşdur və bu
günlərdə isə 2008-ci ili əhatə edən
3-cü buraxılışı nəşr edilərək
yerlərə göndərilmişdir.
Son illərdə Milli Kitabxana tərəfindən bir sıra
metodik materiallar da tərtib olunaraq yerlərə
göndərilmişdir. Bunların içərisində
“Ümummilli lider Heydər Əliyevin ”Müstəqilliyimiz
əbədidir"cildliyinin Məlumat cildi", “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı.
Biblioqrafik göstərici”, “Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft kəməri. Biblioqrafik
göstərici”, “Kitabxana fondlarının mühafizəsi
və məzmunca köhnəlmiş ədəbiyyatdan
təmizlənməsi”, “Şuşa həsrəti”, “Yaddan
çıxmaz Qarabağ”, “31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür” və s. kimi metodik
və biblioqrafik vəsaitləri misal göstərmək olar.
Milli Kitabxana tərəfindən nəşr edilən
bütün vəsaitlər mütəmadi olaraq
yerlərdəki və Bakı şəhərindəki
kitabxanalara göndərilir. Lakin bu vəsaitlərin nəşrinə
və yerlərə göndərilməsinə xeyli vəsait
və zaman sərf olunduğundan bu işin də
təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu
məqsədlə Avtomatlaşdırılmış sistemin
tətbiqi nəticəsində kitabxananın
nəşrlərinin tam mətnləri kitabxananın
saytının “Kitabxanamızın nəşrləri”
düyməsində yerləşdirilir və istənilən
kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan
bəhrələnə bilir. Yəni onlar çap olunmazdan
və yerlərə göndərilməzdən xeyli
əvvəl virtual rejimdə bütün respublika
kitabxanalarının və kitabxanaçılarının
ixtiyarına verilir.
Milli Kitabxana 70-80-ci illərdə “Azərbaycan
mədəniyyəti və incəsənəti haqqında yeni
ədəbiyyat” adlı cari biblioqrafik informasiya
göstəricisi nəşr edirdi və maliyyə
problemləri ilə əlaqədar neçə
illərdən bəri bu vəsaitin nəşri dayandırılmışdı.
Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra
bu cari biblioqrafik vəsaitin nəşri bərpa olub və onun
tam mətni kitabxananın saytında müvafiq
bölmədə yerləşdirilib. Eyni zamanda həmin
vəsait nəşr olunaraq Mədəniyyət və Turizm
Nazirliyinin işçilərinə və sahənin
aparıcı mütəxəssislərinə
çatdırılır.
Milli Kitabxananın strukturu da tamamilə yenidən qurulub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsdiq olunan yeni strukturda müasir dövrün
tələbləri ilə səsləşən bir sıra
yeni şöbələr “Elektron informasiya xidməti”,
“Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması və informasiya
texnologiyaları”, “Elektron resurslarının
yaradılması”, “Kitabxanaçıların təlim və
tədris mərkəzi”, “Kitabxana siyasəti və metodiki
rəhbərlik” şöbələri və bir sıra yeni
bölmələr yaradılıb.
Bu gün Milli Kitabxana bütün idarə və sistemlərin
kitabxanalarına virtual rejimdə metodik xidmət
göstərir. Belə ki, kitabxananın saytında “Virtual
metodik xidmət” bölməsi yaradılmışdır
və ölkənin istənilən nöqtəsindən
hər bir kitabxana işçisi müxtəlif
sorğularını sayt vasitəsilə Milli Kitabxanaya
ünvanlayır və bir saat, yaxud yarım saat, yarım
gün ərzində öz sorğularına cavab ala
bilirlər.
Milli Kitabxananın beynəlxalq əlaqələri və
beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti
də gündən-günə genişlənir. Bu gün
kitabxanamız Avropa Milli Kitabxanaları Konqresi (CENL), Avrasiya
Kitabxana Assambleyası (BAE), Beynəlxalq Kitabxanalar
Cəmiyyəti (İFLA), Türkdilli Ölkələrin Milli
Kitabxanaları Konfransı kimi beynəlxalq professional təşkilatların
fəal üzvüdür.
Mədəniyyət və turizm naziri cənab
Əbülfəs Qarayevin qayğısı və yaxından
köməyi sayəsində milli kitabxanamız son 2 il
ərzində dünyanın 15 ən zəngin milli
kitabxanası ilə qarşılıqlı
əməkdaşlıq haqqında müqavilə
imzalamışdır. Buraya Türkiyə, Fransa, İran,
Misir, Latviya, Rusiya, Qazaxıstan, Qırğızıstan,
Belarus və s. ölkələrin milli kitabxanaları daxildir.
M.F.Axundov adına Milli Kitabxana hazırda dünyanın
50-dən çox kitabxanası ilə fəal beynəlxalq
kitab mübadiləsi aparır. 2006-cı ildə bu
kitabxanalardan mübadilə yolu ilə 1296 kitab
alınmış və onlara 916 nüsxə kitab
göndərilmiş, 2007-ci ildə isə bu yolla 633 kitab
alınmış və 635 kitab göndərilmişdir.
Hazırda Milli Kitabxana özünün 85 illik yubileyinin
geniş şəkildə qeyd olunmasına hazırlaşır.
Bu ərəfədə kitabxananın “Elmi
əsərləri”nin nəşrinin bərpa olunması,
metodik materiallar məcmuəsinin və kitabxanamızın
əməkdaşlarının məqalələri toplusunun
nəşri, beynəlxalq elmi konfransın keçirilməsi,
xarici ölkələrdən nüfuzlu qonaqların
dəvət olunması və s. planlaşdırılır.
Milli Kitabxananın fəaliyyəti daima Mədəniyyət
və Turizm Nazirliyinin diqqət mərkəzindədir və bu
günlərdə hörmətli nazirimiz Əbülfəs
Qarayevin təşəbbüsü və imzası ilə
Nazirlər Kabinetinə M.F.Axundov adına Milli Kitabxananın Avropa
standartlarına uyğun yenidən qurulması,
modernləşdirilməsi, maddi-texniki bazasının
möhkəmləndirilməsi və işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi haqqında
təkliflər paketi təqdim olunmuşdur. Hazırda bu
təkliflərə Azərbaycan hökuməti və Maliyyə
Nazirliyi tərəfindən baxılır və ümid edirik
ki, tezliklə öz müsbət həllini tapacaqdır.
Xalq qəzeti.- 2008.- 30 yanvar.- S. 6.