İsraildə Azərbaycan Mədəniyyəti
guşəsi açılmışdır
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə İsraildə Azərbaycan
mədəniyyəti guşəsi
açılmışdır.
Guşə əslən Azərbaycandan olan İsrail
vətəndaşlarının yaratdığı
Azərbaycan-İsrail (AZİZ) Beynəlxalq Assosiasiyası
yanında Azərbaycanın tarixi və mədəni irsinin
qorunması komitəsinin rəhbəri Yeganə Salmanın
evində fəaliyyət göstərir.
Y.Salman bildirmişdir ki, guşədə Azərbaycan
müəlliflərinin kitabları, azərbaycanlıların
qədim və müasir məişət əşyaları
toplanmışdır. Üzeyir Hacıbəyovun "Leyli
və Məcnun" operasının partiturası, 40 il
ərzində toplanmış döş nişanlarından
ibarət kolleksiya da guşəyə hədiyyə
edilmişdir.
Evdə etnik Azərbaycan otağı da vardır. Əl
ilə toxunmuş xalçaların döşəndiyi otaqda
milli döşəkcələr, mütəkkələr,
nərd, samovar, armudu stəkanlar buraya gələnlərə
Azərbaycanı xatırladır.
Azərbaycan mədəniyyəti guşəsinin ayrıca
binada yerləşdirilməsi və onun nəzdində
Azərbaycan dili, milli rəqsləri və peşələri
dərnəklərinin yaradılması istiqamətində
iş aparılır.
Guşənin açılış mərasimində
çıxış edən AZİZ-in prezidenti, İsrail
Knessetinin deputatı İosif Şaqal bildirmişdir ki,
bakılıları bir yerə toplayan belə bir dostluq
mərkəzində qoyulan ənənələr tarixi
Vətənlərini unutmamaları üçün
gənclərə də aşılanmalıdır. AZİZ-in
üzvü professor Fel və başqaları
çıxışlarında gənclərin də diaspor
işinə fəal cəlb olunmasının və
Azərbaycan ilə əlaqələrin qorunub saxlamalarının
vacibliyini vurğulamışlar.
Azərbaycan.- 2008.- 10 yanvar.- S. 6.