Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları Gürcüstanın birinci xanımında böyük maraq doğurmuşdur

 

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs yanvarın 12-də Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonağa muzeyin tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş bina Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.
300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Muzeyin müxtəlif zallarında nümayiş olunan nadir eksponatlarla tanışlıq Gürcüstanın birinci xanımını valeh etmişdir. Bildirilmişdir ki, qədim Azərbaycanın ərazisində mövcud olmuş Albaniya, Atropatena, Şirvanşahlar dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar Sandra Rulofsun xüsusi marağına səbəb olmuşdur.
Qonağa muzeyin tarixi, burada saxlanılan əşyalar barədə kitablar və disklər verilmişdir.
Sandra Rulofs muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

Xalq qəzeti.- 2008.- 13 yanvar.- S. 2.