Əmirxanov S.
Xınalıq - açıq səma altında muzey
Şimaldan Şahdağ, Şimal-Şərqdən Qızıl
Qayada yerləşən
Heydər Zirvəsi, Şimal - Qərbdən Tufan Zirvəsi, Cənub - Qərbdən Qiblə dağı ilə əhatə olunmuş qədim Xınalıq... Ötən
qərinələrdə “şəhərləşən”,
“kəndləşən”, “yenidən
şəhərləşən” Xınalıq... Qubanın
qədim yaşayış
məskənlərindən biri kimi, 4 minillik
tarixi olan, dəniz səviyyəsindən
2300 metr yüksəklikdə
yerləşən Xınalıqda
hazırda 1500 nəfərə
qədər əhali yaşayır. Maldarlıqla
məşğul olan Xınalıq camaatının
bir neçə minillik tarixi ənənəsi var. Maddi mədəniyyətlə
yanaşı, mənəvi
mədəniyyət nümunələri,
qədim adət-ənənələr də
qorunub saxlanmışdır.
Qədim mədəniyyət
məskənlərindən biri olan Xınalıq
özü səma altında açıq muzeydir. Uca dağların
ətəyində yerləşən
bu kəndin hər daşında, sanki qədim, bir sirli tarix
yaşayır. Bir neçə
yüz illik yaşayış evlərini
seyr etdikcə keçmişdə bu kənddə baş verən şirinli-acılı hadisələrin
izlərini görür,
əsrlərlə növbələşə-növbələşə, mərhələ-mərhələ ulu bir tarix yaşandığını
düşünürsən. Kəndin əhatəsində
olan çox qədim qəbristanlıqlar,
türbələr, qədim
qəbirüstü abidələr,
daşlar üzərindəki
yazılar bu kəndin uzaq tarixini “seyr etməyə” imkan yaradır. Fikirləşirsən: əgər çoxəsrlik
hadisələrin şahidi
olan bu abidələr,
daşlar dil açıb danışsaydi,
qədim mədəniyyətimizin
bu günə qədər açılmamış
cox sirrlərindən biz xəbərdar olardıq, dünya mədəniyyəti daha da zənginləşərdi...
Bu yerin tarix və
mədəniyyətinin çox
cüzi bir hissəsini özündə
cəmləşdirən və
kəndin mərkəzi
hissəsində yerləşən
Xınalıq Tarix - Etnoqrafiya Muzeyini 2001-ci ildə kənd ağsaqqalı Xəlil-Rəhman Abdürrəhman
oğlu yaratmışdır.
Xəlil - Rəhman Cabbarov camaatın köməyi ilə kolleksiya yığmış
və muzeydə cəmləşdirmişdir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey,
sanki “Muzey içərisində muzey”dir.
Ekspozisiyada eksponatlar qarışıq yerləşdirilmişdir.
Muzeyin binası qədim qalanı xatırladır. Girəcəkdə
Xınalıq şairi
Rəhim Alxasın əsərləri düzülmüşdür.
Şairin öz doğma kəndinə sıx bağlılığını
əks etdirən bir şer diqqətimizi
cəlb edir:
Bahar çağı
Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bu
kəndimi,
Yüz Parisə, min Londona.
Xınalığın digər
yaradıcı adamlarının
və şairlərinin
əsərləri də
maraq doğurur. Birinci zaldakı eksponatlar arasında qoyun bağırsağından
toxunmuş, XIX əsrə
aid kilə, müxtəlif taxıl ölçən üçün
səbətlər kəndin
taxılçılıqla məşğul olduğundan
xəbər verir. Kətan parçalar və digər geyim əşyalarının
işlənilməsində istifadə edilən qədim alətlər kolleksiyası da Xınalıqda parça,
xalça istehsalının
mövcudluğunu sübut
edir. Biçinçilikdə
istifadə olunmuş müxtəlif ölçülü
oraq nümunələri
diqqəti cəlb edir. Çarıqlar və digər ayaq geyimləri Xınalıqda dəri məmulatlarının istehsalını
göstərir. Müxtəlif
ölçülü kotan
ucluqlar əkinçiliyin
inkişafına sübutdur.
Ekspozisiyada XVII - XIX əsrlərə
aid dəvə və at üzəngiləri
də var. At buxovları, yabalar və digər kənd təsərrüfatı nümunələri
XVIII - XIX əsrlərə aiddir.
Maraq doğuran nümunələr
içərisində XVIII-XIX əsrlərə aid müxtəlif ölçülü,
üzərində təsvirləri
olan xurcunlar, həbgələr, namazlıqlar,
corablar, uşaq geyimləri, qurşaqlar, pul kisələri təbii rənglərlə
boyanmış, yundan toxunmuşdur. XIX əsrə
aid daş ütülər də diqqətçəkəndir.
Kənd təsərrüfati
bitkilərinin çəkisini
təyin etmək üçün muzeydə
qorunan qədim tərəzilər həm
xarici görünüşü,
həm də zahiri məzmunu baxımından maraq doğurur. Onlar forma etibarı ilə simmetrik quruluşa malikdir. Çox nadir əşyalar sırasında
XIX əsrə aid saz Xınalığın
orta əsrlərə
aid musiqi mədəniyyəti nümunəsi
kimi qəbul edilir.
Zalın baş tərəfində qədim,
nadir əlyazmalar və daşbasmalar nümayiş etdirilir. XII
- XIX əsrlərə aid
zəngin kitab kolleksiyası tarixi, dini, təbiət, etnoqrafiya, dil baxımından əhəmiyyətlidir.
Bu əsərlər içərisində bədii
ədəbiyyat nümunələri
də vardır. Bu mənbələrdən bir
daha aydın olur ki, ayrı-ayrı dövrlərdə
Xınalıq əhalisi
müxtəlif mərkəzlərin
məktəb və mədrəsələri, elm
ocaqları ilə əlaqələr yaratmış
və eyni zamanda Xınalığın
özündə də
belə məktəb və mədrəsələr fəaliyyət
göstərmişdir. XVIII əsrə aid yerli ustaları tərəfindən orijinal
naxışlarla bəzədilmiş
sandıq Xınalığın
ailə-məişət
mərasimləri nümunəsidir.
Müxtəlif dövrlərdə
düzəldilmiş belə
sandıqlar və məişət əşyaları
gəlinə cehiz verilərdi.
Eksponatlar arasında
XVII-XVIII əsrlərə aid
təqvimlər də
nümaiş etdirilir ki, bu da
Xınalıqda astronomik
müşahidələr aparıldığını
təsdiq edir. Xınalıqlı dini alim, Şamaxı mədrəsəsinin
məzunu və həmin mədrəsənin
müəllimi olmuş
Əhməd Əfəndinin
öz müəllim və tələbələri
ilə çəkdirdiyi
fotoşəkil Xınalıq
ziyalılarının maarifçi
fəaliyyətini nişan
verir.
Nümunələr içərisində
məişət əşyalarını,
yorğan-döşək
yığmaq və atla aparmaq üçün
XIX əsrə aid məfrəş diqqəti
cəlb edir. Məlum olur ki, belə
məfrəşlərdən həm yaxın, həm də uzaq yerlərə müxtəlif məqsədlərlə
səyahətlər zamanı,
köçmək məqsədi
ilə də istifadə edilirmiş. Muzeydə XVIII-XIX əsrlərə
aid misdən hazırlanmış müxtəlif
ölçülü samovarlar
qorunur. Çox təəssüf ki, samovarları düzəldən ustaların
adları əks etdirilməmişdir. Burada
müxtəlif tarixi dövrlərə aid kağız pullar və sikkələr də nümayiş etdirilir. XX əsrə aid ağacdan hazırlanan kilə nadir eksponatlar sırasındadır.
XVIII - XIX əsrlərin Xınalıq zərgərləri,
dəmirçiləri və
duluzçuları tərəfindən
zəngin bəzəklər
həkk edilmiş mis zəncirlər, sinilər, kəfkirlər,
qaşıqlar, camlar,
süzgəclər, sərpuşlar,
məcməyilər, parçlar,
həvəngdəstələr,
saxsı küplər,
dolçalar maraqlı
bədii sənətkarlıq
nümunələridir. Saxsıdan
hazırlanmış çıraqlar,
dolçalar, camlar 500
- 600 illik tarixə malikdir.
XIX əsrə aid dəstamaz almaq üçün mis ləyən, XVII əsr ustaları tərəfindən
hazırlanmış mis
qazanlar, səhənglər
ekspozisiyanı daha da zənginləşdirir.
Maraqlı nümunələr
içərisində müxtəlif
tarixi dövrlərdə
neft daşımaq üçün istifadə
edilmiş küp qablar Xınalığın
başqa şəhərlərlə,
yaşayış yerləri
ilə əlaqəsini
təsdiqləyir. Müxtəlif
tarixi dövrlərdə
istifadə edilən körüklər, dəmirçi
ustaların fəaliyyətini
sübut edir. Taxıl döymək üçün vəllər
Xınalıqda taxılçılığın
geniş yayıldığını
sübut edir. Arıçılığın inkişafını göstərən
daşlaşmış arı
pətəkləri nadirliyi
ilə seçilir.
XV-XVIII əsrlərə aid
daş kitabələr
isə dərin maraq doğurur. Qəbirüstü abidələrdə
öz əksini tapan belə yazılar bir daha göstərir ki, Xınalıqda qədim xəttatlıq mədəniyyəti də
olmuşdur.
Xınalığın ayrı-ayrı tarixi dövrlərdə kənar
həmlələrdən qorunması
üçün ustalar
tərəfindən hazırlanan
silahlar bu günə çatıb.
Bu eksponatlar içərisində naqanlar,
tüfənglər, müxtəlif
ölçülü qılınclar,
xəncərlər,nizə
ucluqları XV - XVII əsrlərə
aid digər silahlar xüsusi ilə diqqəti cəlb edəndir.
Yerli ustalarının
əl işlərini özündə əks etdirən nümunələr
və fiqurlar xüsusi ilə qeyd edilməlidir. Belə mahir əl işləri üzərində həmin
tarixi dövr hadisələrini əks etdirən çox incə naxışlar, bəzəklər həkk
olunmuşdur.
Muzeydə Xınalığın
İkinci Dünya müharibəsi iştirakçılarının
və qəhrəmanlarının
təltif edildiyi medallar da toplanıb.
Bu muzeyin kolleksiyalarına əlavə ediləcək
külli miqdarda Xınalıq nümunələri
mövcuddur, lakin təəssüf ki, bir çox dəyərli nümunələr,
qədim daş kitabələr, məişət
əşyaları və
digər zinət əşyaları kənarda
qalıb. Muzey binasının genişləndirilməsi
və eksponatların mütəxəssislər tərəfindən
toplanması vacibdir. Yeni muzey binasına
və mütəxəssislər
qrupuna ehtiyac var. Xınalıq kimi qədim mədəniyyət mərkəzinə
qonaq gələn hər bir insanın
orada fəaliyyət gəstərən muzeylə
də maraqlanması təbiidir. Buna görə də bu muzeyin daha
da zənginləşdirilməsi
və fəaliyyətinin
genişləndirilməsi günün
tələbidir.
Xalq qəzeti.- 2008.- 8 yanvar.- S. 5.