Mütəllimova S.

 

Muzeylərimiz: iş də doğmadı, münasibət də...

 

"Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 mart 2007-ci ildə imzaladığı Sərəncamda qeyd edilir ki, ölkə muzeylərinin mövcud vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə tədbirlərin həyata keçirilməsini zəruri etmişdir. Respublikanın artan iqtisadi potensialı əsasında yüksək inkişaf tempinə uyğun olaraq, mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, təzə mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər əsaslı təmir olunur, yeni binalar inşa olunur. Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Hazırda Azərbaycan Tarix Muzeyi əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra öz fəaliyyətini davam etdirir. Azərbaycan Ədəbiyyatı muzeyində isə əsaslı yenidənqurma və təmir-bərpa işləri aparılır. Regionlarda da muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur. Ölkə başçısının Bakı şəhərində İstiqlal muzeyinin yaradılmısı və İstiqlal abidəsinin ucaldılması haqqında 2006-cı il 18 dekabr və Müasir İncəsənət Muzeyinin yaradılması haqqında 2006-cı il 19 dekabr tarixli sərəncamla muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Ümumiyyətlə, Azərbaycanda muzey işinin təkmilləşdirilməsi həlli vacib məsələlərdəndir. Çünki bu mühüm məsələyə, vaxtilə nədənsə, bir qədər soyuq münasibət bəslənib. Halbuki, respublikamız, xalqımız haqqında bilgilərin yaranmasında və təbliğində muzeylərin rolu əvəzsizdir. Bu baxımdan Respublika Prezidentinin həmin istiqamətdə imzaladığı fərman və sərəncamlar mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısının tövsiyyə və göstərişlərini rəhbər tutaraq mövcud rəsmi sənədlərdə təsbit edilmiş müddəaların həyata keçirilməsi muzey sahəsində işlərin yoluna qoyulmasında, muzeyşünaslıq işinin müasir standartlara cavab verməsində həlledici rol oynamalıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycandakı muzeylərin qədim tarixi olmasına baxmayaraq, yaxın vaxtlara kimi onların işi o qədər də qənaətbəxş deyildir. Əhalinin muzeylərə həvəssiz gedişi də məhz bundan irəli gəlir.

Ölkə Prezidentinin 19 dekabr 2006-cı il tarixli məlum Sərəncamından dərhal sonra Dövlət İncəsənət Muzeyində əsaslı yenidənqurma və təmir-bərpa işlərinə başlanıldı. Təmir-bərpa işlərinin bir ildən artıqdır ki, getməyinə baxmayaraq, muzey fəaliyyətini dayandırmayıb. Çünki paytaxtda 3 əhəmiyyətli muzeyin birdən-birə işini dayandırması, mədəni həyata böyük zərbə vurardı. Bəs təmir-bərpa işlərinin getdiyi bir vaxtda İncəsənət Muzeyi öz işini necə qurur, tamaşaçıları razı sala bilirmi, yaranan problemlərin aradan qaldırılması üçün nələr edir, təmir-bərpa onların işində durğunluq yaradıbmı? Bu və digər suallara aydınlıq gətirmək üçün Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilova müraciət etdik:

- Təbii ki, respublikamıza gələn qonaqlar - müxtəlif iş adamları, fəxri qonaqlar, elmi-mədəni missiya ilə gələnlər Azərbaycanın görməli yerlərini gəzməklə bərabər, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolu haqqında daha dolğun bilgi əldə etmək istəyirlər. Ona görə də İncəsənət Muzeyinin fəaliyyətinin birdən-birə dayanması çox böyük boşluq yaradar, mədəni həyatımızda böyük bir itki olardı. Muzeyin fəaliyyətini davam etdirməsi tapşırığı bizim ürəyimizcə oldu. Artıq bir ildir ki, binanın birində əsaslı təmir işləri aparılır. Bünövrənin möhkəmləndirilməsindən tutmuş, dam örtüyünün yeniləşdirilməsi, içəridə yeni ekspozisiya zallarının hazırlanması, böyük vernisaj üçün əsas sahənin müəyyənləşməsi, tamaşaçıların hər iki binanı gəzmək, baxmaq, tanış olmaq imkanı əldə etməsi üçün iki bina arasında, yəni keçid sahəsinin yaranması, indiyədək ekspozisiyada yer almayan əsərlərin nümayişi üçün nəzərdə tutulan, yeni sahələrin müəyyən edilməsi muzeyin perspektivi və incəsənətimizin bu sahəsinin daha geniş təbliği üçün böyük təkandır. Hazırda fəaliyyət göstərdiyimiz bu bina muzeyin əsas binasıdır. Təmirə dayanan bina isə 1991-ci ildə muzeyə verilib. Digər binanın da ekspozisiyasının, ümumiyyətlə, bütün fondun bu binaya köçürülməsi işimizdə müəyyən çətinliklər yaradıb. Amma çalışmışıq ki, etibarlı mühafizəni təmin edək. Əbülfəs Qarayevin səyi nəticəsində mühafizə sistemi və yanğın əleyhinə olan qurğular tamamilə yenidən qurulub. Bunlara baxmayaraq, hazırkı vəziyyət işimizi məhdudlaşdırıb. Təsəvvür edin ki, 53 ekspozisiya zalından cəmi 19 zal fəaliyyət göstərir. Hətta bu binanın özündəki zalların bir qismini fond üçün ayırmışıq.

-  İsrafil müəllim, xatirinizdədirsə, ötən ilin mart ayında Muzey Mərkəzində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən kollegiya iclasında muzeylərin mövcud vəziyyətindən, bir çoxlarının yarıtmaz  işindən, problemlərindən danışılarkən sizin də ünvanınıza bəzi iradlar olmuşdu.

-  Bəli, xatirimdədir. Təmirlə bağlı məhdud fəaliyyət göstərməyimizə baxmayaraq, o kollegiyadan sonra müəyyən işlər görmüşük. Təmirdən sonra fəaliyyət göstərəcək muzeyin mövzu ekspozisiya planını işləyib hazırlamışıq. Bundan başqa muzey sərvətlərinin kompüter kataloqlaşdırılması işini yekunlaşdırmaq üzrəyik, ilkin rəngkarlıq, qrafika, metal, heykəltəraşlıq, tikmə fondlarının kataloqlaşdırılmış diskləri hazırdır. Amma hər halda yekunda bir az dəqiqləşdirmə işi aparılmalıdı. Digər bir işimiz isə muzeyin vaxtı ilə tamaşaçılara təqdim olunan, yəni tanışlıq məqsədi ilə hazırlanan bukletlər, broşürlər çox köhnəldiyi üçün, yenilərini hazırlamağa başlamışıq. Ola bilər ki, kimsə bu kataloq hazırlamaq işinə girişə. Bu o demək deyil ki, onu bacarır, - çünki hər bir sahənin mütəxəssisi var. Kimsə çox səriştəli şəkildə peşəkarcasına ekskursiya apara bilər, kimsə etiketləşdirmə işində, kimsə muzey sərvətlərinin tədqiqatı işini edə bilər, amma xüsusi mütəxəssislər lazımdır ki, kataloq işini qursun. Bu da muzey işinin xüsusi peşəkarlıq tələb edən bir sahəsidir.

Nəzərə alsaq ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqla, dünya mədəni məkanına da inteqrasiya olunub. Avropa mədəni dəyərlərini öyrənmək, ondan bəhrələnmək, öz milli dəyərlərini, irsini, mədəni uğurlarını dünyaya tanıtmaq işi ilə bağlı işlər görülür və bu işlərin görülməsində, əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyinin işi danılmazdır.

- Bunun üçün savadlı və əcnəbi dilləri bilən kadrlarınız olmalıdı.

- Müasir texnologiyalardan bəhrələnmə, onlarla işləmək qabiliyyətinin formalaşması bir-iki ilə başa gələn iş deyil. Belə bir müdrik deyim var: "Ehtiyac təkamülün babasıdı". Ehtiyacımız varsa, inkişafımız da olacaq. Ehtiyacımız da var. Ona görə mən inkişafın olmasına nəinki şübhə edirəm, yəqinliklə əminəm ki, biz buna mütləq nail olcağıq. O ki qaldı xarici dil bilən mütəxəssislərin işə cəlb edilməsi, açıq demək lazımdır, əmək haqlarının azlığmdan bizimlə işləmək istəyən peşəkarlar yox dərəcəsindədir. Müəyyən ürəkaçan cəhət odur ki, Mədəniyyət və İncəsənət Universiteti bir neçə ildir ki, muzeyşünas kadrlar hazırlayır. Əvvəllər muzeylərdə fəaliyyət göstərən əməkdaşlar muzeylərdə formalaşırdı. Muzeyşünas kadrların işə cəlb olunmasında kiçicik də olsa uğurlarımız var. Güman edirəm ki, bu işimizin uğurunu təmin edən amillərdəndi.

İ.İsrafilov söhbətində bir nüansı açıq etiraf etdi ki, təmirdən sonra müasir texnologiyalarla təchiz olunmuş binanın bizə verilməsi əsas şərt deyil. Əsas olan odur ki, biz o binada işləyə biləcəyikmi, o səviyyəyə cavab verən, qonaq-qara qabağına çıxa bilən müasir texnologiyalardan, tam gücü ilə, səriştəli, peşəkarcasına istifadə edə biləcəyikmi? Bax, problem budur. Bəs bu problemin aradan qaldırılması üçün hansı işlər görülür? - sualına isə, İsrafil müəllim belə eavab verdi ki, bu gün artıq kadrların mübadiləsi məsələsini qoymuşuq; Keçən ilin oktyabr ayında Belarus Bədii Muzeyi ilə bizim Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq sazişi imzalab. Həmin sazişin bir bəndində mütəxəssis mübadiləsi məsələsi də yer alıb. Digər MDB ölkələrinin bizim profilli muzeyləri ilə təcrübə mübadiləsini təmin edəcək planlarımız var. İnşallah bu il nəzərdə tutduqlarımızı həyata keçirmək üçün uğurlu il olacaq.

 

Mədəniyyət.- 2008.- 25 yanvar.- S. 7.