Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət üzrə İşçi qrupunun iclası

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) Ukraynanın sədrliyi dövründə tədbirlərin təqvim planına uyğun olaraq 2008-ci il 17-18 yanvar tarixlərində İstanbulda QDİƏT-in Mədəniyyət üzrə İşçi qrupunun iclası keçiriləcəkdir. Tədbirdə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak edəcəkdir.

QDİƏT-in Mədəniyyət üzrə İşçi qrupu 2006-cı il 01 noyabr tarixində QDİƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilmiş 15-ci İclasının qətnaməsi əsasında yaradılmış və onun əsasında 2007-ci il 2-4 iyul tarixlərində Yunanıstanda QDİƏT-in Mədəniyyət Nazirlərinin və Mədəniyyət üzrə İşçi qrupun ilk iclasları keçirilmişdir. Həmin gorüşdən sonra QDİƏT-in Mədəniyyət sahəsində İki illik Fəaliyyət planı üzv dövlətlərin təklifləri əsasında yenidən hazırlanmış və İstanbulda keçiriləcək görüşdə müzakirə olunacaqdır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərətindən "QDİƏT-in mədəniyyət paytaxtı"nın elan olunması, Qara dəniz regionunda mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq konfransın keçirilməsi və QDİƏT çərçivəsində mədəniyyət həftələrinin təşkil olunması, həmçinin Qara dənizlə Xəzər dənizi arasında mədəniyyət körpüsü yaratmaq məqsədilə "İki dənizin əfsanələri" layihə təklifləri QDİƏT-in Mədəniyyət üzrə Fəaliyyət planına daxil edilmişdir.

Qeyd etmək istərdik ki, tədbirdə müzakirə olunacaq sənədlər QDİƏT-in medəniyyət sahəsində ki, gələcək fəaliyyətinin əsasını təşkil edəcəkdir.

 

Mədəniyyət.- 2008.- 18 yanvar.- S. 1.