Niftəliyev E.

 

Azərbaycan nümayəndə heyəti Vyanada Beynəlxalq tətil yarmarkasında iştirak etmişdir

 

Yanvarın 17-dən 20-dək Vyanada "Ferien-Messe Wien 2008" növbəti beynəlxalq tətil yarmarkası keçirilmişdir. Yarmarkada dünyanın 60-dan artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak etmişdir.

Yarmarkada öikəmizi Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin geniş tərkibli nümayəndə heyəti təmsil etmişdir. Bu, Azərbaycanın həmin tədbirdə ikinci iştirakıdır.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizdə turizm imkanları, ölkənin müxtəlif regionlarından, mədəniyyət və tarixindən bəhs edən kitab, broşür və bukletlər paylanmış, milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilmiş, filmlər göstərilmişdir.

Bakının musiqi məktəblərinin şagirdlərindən ibarət uşaq folklor qrupu yarmarkada, hər gün iki dəfə olmaqla, Azərbaycan xalq mahnılarından ibarət musiqi proqramı ilə çıxış etmişdir. Gənc istedadların ifa etdikləri "Qarabağ şikəstəsi", "Heyratı" zərb muğamları, "Sarı gəlin", "Şuşanın dağları", "Mənim Azərbaycanım", "Mehriban olaq" və digər musiqi nömrələri yarmarka iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Folklor qrupunun ifaları turizm filmləri və reklam çarxlarının istehsalçısı "G.E.U.S. TV" tərəfindən lentə alınmışdır.

Dörd gün davam edən yarmarkaya 200 minə yaxın insan baş çəkmişdir.

 

Respublika.- 2008.- 22 yanvar.- S. 5.