Muradlı A.
İncəsənətimizin ötən iki ili
Bu müddət ərzində həm
ölkə daxilində, həm də xaricdə çox iş
görülüb
Heç kəsə sirr deyil ki, son
illərdə respublikamızda aparılan hərtərəfli
inkişaf və yenidənqurma işləri ölkənin
sosial-iqtisadi inkişafı və əhalinin rifah
halının yaxşılaşdırılması
istiqamətində əhəmiyyətli
irəliləyişə səbəb olub. Bu, ilk
növbədə regionlarda yeni iş yerlərinin, emal və
istehsal sahələrinin yaradılması,
sahibkarlığın inkişafı ilə yanaşı,
paytaxtda və yerlərdə mədəni həyatın
müxtəlif tədbirlərlə
zənginləşdirilməsi və turizm obyektlərinin
təşəkkülü sahəsində aparılan
işlərdə öz əksini tapır.
İlk öncə qeyd edilməlidir
ki, prezidentin ölkədə rəssamların
yaradıcılıq mühitinin
yaxşılaşdırılmasına xidmət edən
sərəncamları yaradıcı ziyalılar, çoxminli
mədəniyyət işçiləri tərəfindən
dərin minnətdarlıq hissi və razılıqla
qarşılanıb. İmzalanan sərəncamlar Azərbaycan
rəssamlarına yeni yaradıcılıq ruhu və
əlavə həvəs gətirir, bu sahədə
dövlət siyasətini həyata keçirən
qurumların məsuliyyətini qat-qat artırır.
Mədəniyyət və Turizm
Nazirliyi fəaliyyətə başladığı
dövrdən ötən 2 ildə milli incəsənətin
inkişafı və mənəvi dəyərlərimizin
qorunub saxlanılması istiqamətində
məqsədyönlü iş aparır.
Mədəniyyətin bütün sahələrində
artıq ötən illərdən əhəmiyyətli
dərəcədə fərqlənən tərpəniş
və dinamik hərəkət hiss olunmaqdadır. Təkcə
təsviri və dekorativ sənət sahəsində həyata
keçirilən layihə və tədbirlərə
nəzər salsaq görərik ki, nazirlik qısa
müddətdə bu istiqamətdə əhəmiyyətli
uğurlara imza atıb.
Təsviri incəsənətin
əsas inkişaf istiqamətləri müəyyən
edilərək bu, geniş ictimai müzakirəyə
səbəb olan "2006-2016-cı illərdə təsviri
sənət sahəsində inkişaf konsepsiyası"nda
öz dolğun əksini tapıb. Sözügedən konsepsiya
qədim incəsənət abidələri, orta əsr
incəsənəti, miniatür məktəbi
ənənələrinin qorunmasını, müasir
incəsənətin və dekorativ sənət
sahələrinin inkişafının əsas
istiqamətlərini müəyyən edir, istedadlı
gənclərin yaradıcılığının
dəstəklənməsini nəzərdə tutur.
Mənəvi dəyərlərimizin
qorunub saxlanılması istiqamətində aparılan
siyasət artıq öz ilkin nəticələrini
verməkdədir. Təkcə onu qeyd etmək yerinə
düşər ki, 2006-2007-ci illərdə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsviri və dekorativ sənət sahəsində 80-ə
yaxın irimiqyaslı tədbir həyata keçirilib. Bu
tədbirlərdən Xalq rəssamları Böyükağa
Mirzəzadənin 85, Maral Rəhmanzadənin 90, Fuad
Əbdürrəhmanovun 90, Cahangir Rüstəmovun 80, Altay
Hacıyevin 75, Elbəy Rzaquliyevin 80, Fərhad Xəlilovun 60,
Nazim Bəykişiyevin 60, Mir Nadir Zeynalovun 65, Əməkdar
incəsənət xadimləri Toğrul Sadıqzadənin 80,
Əyyub Hüseynovun 90, Hafiz Zeynalovun 80, Sara
Manafova-Namitokovanın 75, Əməkdar rəssam Tahir
Məmmədovun 60 və digər tanınmış
fırça ustalarımızın
yaradıcılığını geniş şəkildə
əks etdirən yubiley sərgilərinin keçirilməsi
və hər bir sərgiyə aid nəfis tərtibatlı
kataloqların çap olunub mədəni ictimaiyyət
arasında paylanılmasını xüsusilə vurğulamaq
lazım gəlir. Nazirlik təkcə ölkə daxilində
keçirilən sərgilərlə
kifayətlənməyərək xarici ölkələrdə
də milli incəsənətimizin təbliğinə
böyük əhəmiyyət verir. Mikayıl Abdullayev,
Tağı Tağıyev, Səttar Bəhlulzadə, Vidadi
Nərimanbəyov, Böyükağa Mirzəzadə, Tahir
Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə,
Xalidə Səfərova, Mahmud Tağıyev, Lətif
Feyzullayev, Vəcihə Səmədova və onlarla başqa
rəssamlarımızın Dövlət Rəsm
Qalereyasının bədii fondundan
götürülmüş yüksək sənət
meyarlarına cavab verən əsərlərinin bir sıra
xarici ölkələrdə keçirilən Azərbaycan
Mədəniyyəti Günləri
çərçivəsində təşkil olunan
sərgilərdə böyük uğurla nümayiş etdirilməsi
buna gözəl sübutdur.
2006-cı ilin dekabrında Moskvada
Rusiya Rəssamlıq Akademiyasında görkəmli
fırça ustamız, SSRİ Xalq Rəssamı Mikayıl
Abdullayevin 85 illik yubileyinə həsr olunan sərgi uğurla
keçirilib. Həmin il Moskva şəhərində MDB-nin
yaranmasının 15 illiyinə həsr olunan
dövlətlərarası sərgidə Azərbaycan
rəssamlarının zəngin yaradıcılığı
haqqında dolğun təəssürat yaradan ekspozisiya
təşkil edilib.
Avropa Şurasının
Mədəniyyət və Təbii İrs Departamentinin
təşkilatçılığı ilə
keçirilən "Sərhədsiz yaradıcılıq"
adlı İdeyalar Festivalında professor Leyla Axundzadənin,
TÜRKSOY Təşkilatının dəstəyi ilə
Türkiyənin Ordu, Trabzon və Rizə şəhərlərində
keçirilən III TÜRKSOY Yaradıcılıq
Laboratoriyasında fotorəssam Asiyat Fətullayevanın,
TÜRKSOY IX Rəssamlıq Laboratoriyasında rəssam
Vüqar Muradovun, Almaniyadakı səfirliyimizdə Qobustan
qayaüstü rəsmlərini əks etdirən
ekspozisiyanın təşkili 2006-cı ilin payına
düşən beynəlxalq tədbirlər sırasına
daxil oldu. 2007-ci ildə təsviri və dekorativ sənət
sahəsində ilk tədbir gənc və istedadı rəssam
Rza Sadiqin yanvar ayında İstanbuldakı Mali
Müşavirləri və Sanat Odası Qalereyasında
keçirilən uğurlu fərdi sərgisi ilə başlandı.
Bundan sonra 12 fevral- 2 mart tarixlərində BMT-nin
Cenevrədəki Millətlər Sarayında Azərbaycanın
40 rəssamının 40 işindən ibarət sərgi
açıldı. Açılış mərasimində
İsveçrədə səfərdə olan
mədəniyyət və turizm nazirinin müavini
Ədalət Vəliyev, İsveçrə
Konfederasiyasındakı səfirimiz Elçin Əmirbəyov,
BMT-nin Cenevrə bölməsinin rəhbəri Sergey Orconikidze
və digər rəsmi şəxslər iştirak etdilər.
Bu hadisədən bir ay sonra Moskvada keçirilən
Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində Moskva Müasir
İncəsənət Mərkəzində "Müasir
Azərbaycan fotoqrafiya sərgisi" bir ay müddətində
tamaşaçıların ixtiyarına verildi. 2007-ci ilin may
ayında Belarus və Moldovada, iyun ayında Cənubi Koreyada
(Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Mədəniyyətinin Dostları Fondu və SEBA (Seul-Bakı)
Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının birgə
təşkilatçılığı ilə keçirilib),
noyabr ayında Səudiyyə Ərəbistanı
Krallığında Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində Azərbaycan
rəssamlarının rəngkarlıq
əsərlərindən ibarət sərgilərin
açılışı keçirildi. Bundan əlavə,
bir sıra beynəlxalq tədbirlərdə ölkəmizin
mədəniyyəti və turizm imkanları uğurla
təbliğ olunub.
TÜRKSOY Təşkilatı ilə
əməkdaşlıq 2007-ci ildə də uğurla davam
etdirilib. "IÜ TÜRKSOY Fotoqraflar Buluşması"nda
istedadlı fotoqraf Asim Talıbın, "X TÜRKSOY
Rəssamlar Buluşması"nda rəssam
Məmmədhüseyn Hüseynovun ölkəmizi
ləyaqətlə təmsil etmələri hər iki halda
təşkilatın rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib.
Florist-rəssam Suğra
Bağırzadənin Fransanın Nitsa şəhərində
4-8 oktyabr 2007-ci il tarixlərində keçirilən 24-cü
"Dünya güllər savaşı" adlı
sammitində iştirakı burada da milli
mədəniyyətimizin təbliğinə xidmət edib.
Norveç Humanitar
Müəssisəsinin müraciətini nəzərə
alaraq, ötən il Norveçin Trisli, Sapsburq və Stavanger
şəhərlərində milli mədəniyyətimizin
təbliği və Norveçlə Azərbaycan arasında
mədəni əməkdaşlığın inkişaf
etdirilməsi məqsədi ilə rəssam Yusif Mirzənin fərdi
yaradıcılıq sərgisi keçirilib.
Azərbaycan ötən il ilk
dəfə olaraq dünyanın 77 ölkəsinin
qatıldığı 52-ci Venesiya Biennalesində uğurla
iştirak edib. Biennaledə Azərbaycan Pavilyonunda
keçirilən rəsmi açılış mərasimi
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin iştirakı ilə baş tutub. 110 illik tarixə
malik olan Venesiya Biennalesi bu gün dünyada müasir
incəsənətin nümayiş olunduğu ən
əhəmiyyətli tribunalardan biridir desək
yanılmarıq. Oktyabr ayınadək davam edən
Biennaledə Azərbaycan Pavilyonunu ziyarət edənlərin
sayı təxminən beş minə yaxın olub. Pavilyonu
ziyarət edən tamaşaçılar arasında prezident
İlham Əliyev və onun xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın da olmasını nəzərə
alsaq, inamla qeyd etmək olar ki, Azərbaycanın 52-ci Venesiya
Biennalesində ilk dəfə iştirakı 2007-ci ildə
keçirilən ən möhtəşəm
mədəniyyət tədbirləri sırasında öz
layiqli yerini tutur.
Mədəniyyət və Turizm
Nazirliyinin Azərbaycanı nüfuzlu beynəlxalq
incəsənət tədbirlərinin-müxtəlif biennale
və festivalların keçirildiyi mədəniyyət ölkəsinə
çevirmək metodundan istifadə etməsi artıq öz
müsbət bəhrələrini verməkdədir.
2006-cı ildə Misir
rəssamlarının əsərlərindən ibarət
sərginin, ötən ilin iyun ayı ərzində Bədii
Sərgi salonunda davam edən "Yapon gəlincikləri"
adlı sərginin, may ayında tanınmış Küveyt
rəssamı Sürəyya Əl-Baqsaminin fərdi
sərgisinin, ölkəmizdə Moskva Mədəniyyəti
Günləri çərçivəsində
keçirilən "Moskva gəzintisi" adlı
sərginin, Tacikistan Mədəniyyəti Günləri
çərçivəsində tacik rəssamlarının
əsərlərindən ibarət təsviri sənət
sərgisinin təşkili sayəsində bir çox xarici
KİV-də ölkəmiz haqqında geniş məlumatlar
yayılıb.
2007-ci ilin 3-5 dekabrında
Şirvanşahlar Sarayı və Bakının mərkəzi
muzey və qalereyalarında keçirilən silsilə
tədbirlərdən ibarət "Alüminium" III Müasir
İncəsənət Biennalesi bunu bir daha təsdiq etdi.
Biennaledə dünyanın 17 ölkəsindən tanınmış
kurator və rəssamlar iştirak edirdilər.
"Alüminum" biennalesi bir
tərəfdən ölkəmizdə yüksək
təşkilati səviyyədə beynəlxalq
tədbirlərin keçirilməsi kimi güclü
potensialın olduğunu təsdiqlədi, digər
tərəfdən də iştirakçılara
ölkəmiz haqqında həqiqi informasiya almağa və
milli mədəniyyətimizi, respublikadakı inkişafı
müşahidə etməyə imkan verdi.
Paytaxt Bakıda olduğu kimi,
bölgələrdə də incəsənətin
inkişafı üçün nazirlik tərəfindən bir
sıra mühüm işlər görülüb. Respublikamızın
34 rayonunda fəaliyyət göstərən rəsm
qalereyalarının fəaliyyəti yenidən ətraflı
təhlil olunub, onların mövcud problemləri
öyrənilib.
Bakıda 2006-cı ilin
sentyabrında Gəncə rəssamlarının
əsərlərindən ibarət "Gəncə
boyaları", 2007-ci ilin ilk aylarında Neftçala
rəssamlarının sərgilərinin keçirilməsi
paytaxt tamaşaçıları üçün regionlarda
gedən mədəni inkişafla tanış olmaq imkanı
yaradıb.
2006-cı ilin 18 sentyabrında
"Üzeyir Musiqi Günü"nə həsr olunan
"Milli musiqi alətləri" adlı sərginin
təşkili illər ərzində demək olar ki, Azərbaycanın
bütün görkəmli rəssamlarının
yaradıcılığında öz əksini tapmış
musiqi alətlərimizin əlvan boyalarla kətan
üzərinə həkk olunmuş təsvirlərini
nümayiş etdirdi. Ötən il oriyinal
yaradıcılıq üslubuna malik bir qrup rəssamın
Muzey Mərkəzində "5+" adlı sərgisi
təşkil olundu. Sərgidə Mahmud və Teymur
Rüstəmov qardaşlarının, Nairə
Rüstəmova, Vüqar Muradov və Niyaz Nəcəfovun
qeyri-adi yaradıcılıq imkanları
tamaşaçılara nümayiş etdirildi.
Kaspi.- 2008.- 30 yanvar.- S. 11.