"Millət atası", mədəniyyət və maarifimizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyət - H.Z.Tağıyev haqqında yeni kitab

 

"Azərbaycan" nəşriyyatı "Respublika" qəzeti redaksiyası hüquq şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi, "Qızıl qələm" mükafatı laureatı Mirvari Rəhimzadənin "Allahın eşqiylə" kitabını çapdan buraxmışdır.

Hacı Zeynalabdin Tağıyevin 185 illiyinə həsr olunmuş kitabda xalqımızın xeyriyyəçi oğlunun həyat və fəaliyyətindən maraqla, məhəbbətlə söz açılır. Müəllif oxuculara indiyədək çap edilməmiş çox qiymətli sənədlər, faktlar təqdim etmişdir.

Tarixi faktların işıqlandırılması zamanı tarixçi alimlərin, şair və yazıçılarımızın görkəmli mesenat haqqında yazdıqları materiallardan, şəxsən Tağıyevi görənlərin, tanıyanların xatirələrindən yaradıcılıqla istifadə olunmuşdur.

Kitabda Hacı Zeynalabdin Tağıyevin neft sənayesindəki sahibkarlıq fəaliyyətindən, qeyri-neft sektorunda iştirakından, gəmi sahibliyi və bankirliyindən, xeyriyyəçiliyi və mesenatlığından, o cümlədən Azərbaycanda teatr sənətinin, mətbuatının inkişafındakı böyük xidmətlərindən, ölkəmizdə qadın təhsilinin ilk təşəbbüskarı və himayədarı olmasından, öz vəsaiti hesabına Qızlar məktəbi, qadın kursları, gimnaziyalar, Qafqazda ilk kənd təsərrüfatı məktəbi açdırmasından geniş bəhs edilir.

Müəllif  H.Z.Tağıyevin mübahisələrə səbəb olan doğum təqvimindən də söz açmış, 1899-cu ildə Zaqafqaziya Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı Ə.Axundzadənin imzası ilə verilmiş arayışa istinadla onun 1838-ci ildə deyil, 1823-cü ildə doğulduğunu diqqətə çatdırmışdır,

Qeyd edək ki, kitabın çapdan çıxması böyük mesenatın vaxtilə yaşadığı malikanənin - indiki Azərbaycan Tarixi Muzeyinin əsaslı şəkildə bərpa olunub istifadəyə verildiyi vaxta təsadüf etmişdir. Nəşrdə bu malikanə barədə ətraflı danışılmış, şəkillər verilmişdir. Muzeyin açılışı mərasimində ölkəmizin başçısı İlham Əliyev fəxri qonaqlar kitabına bu sözləri yazmışdır: "...Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanmış bu şəxsiyyət Azərbaycan gənclərinin maarifləndirilməsinə böyük töhfələr vermişdir". Mirvari Rəhimzadənin kitabı oxucuları, xüsusilə gəncləri bu şəxsiyyətin irsindən öyrənməyə, haqqı, ədaləti qorumağa səsləyir.

Nəfis tərtibatla çap olunmuş, nadir fotoşəkillərlə zəngin kitabın elmi redaktoru Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, məsləhətçilər akademiklər Teymur Bünyadov, Vasim Məmmədəliyev, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, tağıyevşünas Teyyub Qurbandır.

 

Respublika.- 2008.- 9 yanvar.- S. 4.