Həbibbəyli İ.
Xalq rəssamı Tahir
Salahov haqqında söz
Azərbaycan təsviri
sənətində Tahir Salahov ən uca zirvəni tutub.
Fikrimizcə, musiqidə Qara Qarayev, şeirdə Səməd
Vurğun və ya Rəsul Rza, heykəltəraşlıqda
Ömər Eldarov hansı zirvədə dayanırsa, Tahir
Salahov da təsviri sənətdə həmin zirvəni
fəth etmişdir. Azərbaycan milli təsviri sənətinin
Bəhruz Kəngərlidən Fərhad Xəlilova
qədər keçdiyi şərəfli inkişaf yolunda
ən uca zirvələrdən birində Tahir Salahov dayanır.
Tahir Salahov realist rəssamdır. O, həyatın sərt
məqamlarını, çətin, məsuliyyətli
anlarını kətan üzərində canlandırmağa
üstünlük verir. Bizə görə, əslində,
yaradıcılığının bütün
dövrlərində Tahir Salahov tənqidi realist rəssam olmuşdur.
Sadəcə, vahid yaradıcılıq metoduna əsaslanan
keçmiş sovet ideologiyası zamanında bunu açıq
etiraf etmək mümkün deyildi. Bununla belə, Tahir Salahovun
tənqidi realist rəssam olduğunu həmişə və
mütləq əksəriyyət qəbul etmişdir.
Təsviri sənətin ecazkar dili ilə ciddi
mətləbləri yüksək səviyyədə ifadə
etməyi bacarmaq Tahir Salahov sənətinin
özünəməxsusluğunu müəyyən edir. Tahir
Salahov təsviri sənətdə fikir, düşüncə
rəssamlığının qüdrətli
yaradıcısıdır. Onun hər əsərinin
sadəcə olaraq yaxşı, cəlbedici görüntüsü
yox, bununla bərabər, daha çox öz mənası,
fəlsəfəsi vardır. Bu mənada Tahir Salahov
mütəfəkkir rəssamdır. O, mütəfəkkir
sənətkar olmağını sənət haqqındakı
elmi-nəzəri görüşləri ilə deyil,
təsviri sənətin dili ilə ifadə etdiyi dərin,
müdrik fikirlərlə təsdiqləmişdir.
Tünd rənglər, sərt cizgilər Tahir Salahovun rəsm
əsərlərinin əsas ifadə vasitəsidir.
Seçilmiş mövzuların, obyektin ciddiliyi ilə
rənglərin sərtliyi Tahir Salahovun sənətində
bir-birini tamamlayır. Tahir Salahov qasırğanı,
tufanı, vulkanı, təlatümü öz rəngində,
bütün təbiiliyi ilə çəkməyi bacarır.
Onun bir-birindən fərqli mövzularda çəkilmiş
əsərlərinə baxanda özünü sanki həmin
mühitdə hiss edirsən. Yəni, Tahir Salahovun
çəkdikləri kağızdan, kətandan
ürəyə yol tapa bilir, tamaşaçı
mühitinə fəal təsir göstərir.
Tahir Salahov sənətində qırmızı rəngin
özünəməxsus yeri və mənası var.
Doğrudur, Tahir Salahovun əsərlərində digər
rənglərlə müqayisədə qırmızı
rəng nisbətən az işlədilmişdir. Halbuki tünd
qırmızı rəng Tahir Salahovun sərt tənqidi realizmi
üçün daha münasib rəng hesab oluna bilərdi.
Ancaq Tahir Salahov əsərlərini tünd qırmızı
rənglə boyamaqdansa, fikirlərini yerli-yerində, öz
həddində işlətdiyi qırmızı rənglə
ifadə etməyə üstünlük verir.
Məsələn, onun "Neftçi" adlı rəsm
əsərində (1959) bütün cizgiləri mazut
rəngində olan Bakı neftçisinin yalnız
müştüyünün qırmızı rəngdə
olması sovet dövründə Azərbaycan neftinin sümürülüb
aparılması mətləbini çox dolğun
şəkildə ifadə edir. Yaxud məşhur
"Bəstəkar Dmitri Şestakoviçin portreti"
əsərində (1976) təsvir olunmuş qırmızı
divan bu böyük sənətkarın narahat
həyatını, sanki qan çanağı
üstündə oturması fikrini ifadə edir.
Tamaşaçı qırmızı divanın
üstündə oturmuş böyük bəstəkarın
portreti ilə onun arzu etdiyini yazmaqda və ya ifa etməkdə
çətinlik çəkdiyini başa düşə bilir.
Yaxud sərt rənglərlə və cizgilərlə
çəkilmiş "Xalq şairi Rəsul Rzanın
portreti"ndəki kitabın yanında çəkilmiş
kiçik qırmızı qələm azadlığa,
müstəqilliyə meyilli sənətkarın
əsərlərində örtülü şəkildə
qan qoxulu ciddi mətləblərin, ictimai fikirlərin ifadə
olunduğunu bəyan edir. Bir sıra rəsm
əsərlərində qırmızı rəngdən
istifadə etməsə, yaxud edə bilməsə də
görkəmli sənətkar qurduğu kompozisiyaya
müxtəlif vəziyyətlərdə, emalatxana
şəraitində bankanın içərisinə
salınmış qırmızı fırçanı daxil
etməklə düşüncəsini həmin
əsərdə hiss etdirməyə nail olmuşdur. Belə
məqamlarda qırmızı rəngli fırça sanki
döyüşçünün atılmamış, ehtiyat
üçün saxlanılmış patronu təsiri
bağışlayır. Fırçanın ucu boyda olan
qırmızı rəngin daşıdığı məna
təqdim olunan rəsm əsərinin zahiri
görkəmində yox, assosiativ şəkildə,
şüuraltı biçimdə, mənada, mahiyyətdə
öz əksini tapır. Məsələn,
"Bəstəkar Qara Qarayevin portreti"ndə (1960)
qırmızı rəng yoxdur. Lakin müəllif ustad
sənətkarın royalının üstündə
çəkdiyi fırçalardan birinin, həm də ən
alt qatda olan qırmızı rəngli fırça
vasitəsilə dünyaşöhrətli
bəstəkarın yaradıcılığının
dərin fəlsəfəsini nəzərə
çarpdırmağa müvəffəq olmuşdur.
Fikrət Əmirovun portretini çəkərkən (1967) bu
görkəmli sənətkarı qırmızı
köynəkdə təqdim etmək də səbəbsiz
olmayıb, onun yaradıcılığının qayəsini,
xüsusən,/ zamanla mücadilədə olması
mətləbini mənalandırır. Abşeron motivləri
silsiləsindən keçən əsrin
altmış-səksəninci illərində
çəkilmiş çoxsaylı rəsmlərin
mütləq əksəriyyətində cüzi
şəkildə istifadə olunan, bəzən hətta
nöqtə boyda qeyd edilən qırmızı rəngdən
Azərbaycanın sərvətlərinin özünə
qismət olmaması, yaxud zor dönəmində xalqın
sərvətlərinə sahib olmasının
çətinlikləri örtülü vasitələrlə
öz əksini tapmışdır. Tahir Salahovun
yaradıcılığında XX əsrə aid boş
qalmış Abşeron kəndləri,
küçələrində adam görünməyən
Bakıətrafı bağlar, uçub dağılmaq
təhlükəsi içində olan qədim Abşeron
abidələri kətan üzərinə
köçürülərkən tünd, sərt
rənglər və cizgilər ön mövqeyə
çəkilmişdir. Tahir Salahov bu qəbildən olan
əsərlərində yalnız imzası kimi
"T.Salaxov" sözlərini qırmızı
rənglə yazmaqla kifayətlənir ki, əslində, bu da
sənətkarın müəllifi olduğu rəsm əsərində
böyük ürək yanğısının,
vətəndaş narahatlığının ifadə
edildiyinə mənalı bir işarədir.
Tahir Salahovun natürmort çəkmək üçün
qırmızı bibəri seçməsi tünd
qırmızı rəngin onun
yaradıcılığındakı ideya-fəlsəfi funksiyasını
aydınlaşdırmağa bir daha kömək edir. Xalq
rəssamı Tahir Salahovun əsərlərindəki
fikirləri, mətləbləri, ideyaları
müəyyən etməkdə qırmızı rəng
açar rolunu oynayır. Qırmızı rəngin
çalarlarını düzgün müəyyən
etmədən Tahir Salahovun əsərlərində onun nə
demək istədiyini tam mənası ilə tapmaq, dərk
etmək çətindir. Müşahidələr
göstərir ki, Tahir Salahovun yaradıcılığında
tünd qırmızı rənglə yanaşı,
açıq qırmızı rəngin məna
çalarında fərqlər vardır. Belə ki, Ana portreti
çəkərkən, gənc Aydanı kətan üzərində
canlandırarkən (1965-1967), "Koroğlu" operası
üçün geyim eskizləri hazırlayarkən (1975)
görkəmli rəssamın istifadə etdiyi açıq
qırmızı rənglər milli düşüncəni,
xalqın qüdrətini, ümid və arzularını
mənalandırmağa xidmət edir.
"Çiçəkləyən nar" rəsmindəki
(1978) yaşıl yarpaqların arasında işıq kimi yanan
qırmızı çiçəklərdə də nikbin
notlar aşkar hiss olunur. Rəssam asfalt rəngində olan bankada
yetişdirilən çiçəkləmiş nar
ağacının timsalında ən zor şərtlər
altında olsa da, mənsub olduğu xalqın yaşamaq
əzminin mövcudluğuna inamını nəzərə
çarpdırmışdır. "Naxçıvan
dağları" rəsmində qırmızı rəng
kiçik Qafqaz dağlarının Naxçıvan silsiləsinin
özünəməxsus fərqli görkəmi ilə
yanaşı, həm də qürur və əzəmət
mənalarını ön mövqeyə çıxarır.
Başqa məqamlarda isə rəssam qırmızı
rənglə yazdığı "T.Salaxov" imzasından
həm də keçmiş sovet dövründə
senzuranı yayındırmaq üçün də faydalanmışdır.
Demək olar ki, çox ölkələri gəzmiş,
geniş dünyagörüşlü Tahir Salahovun
beynəlxalq mövzularda çəkdiyi çoxsaylı
əsərlər, ilk növbədə, Azərbaycan xalqını
planetin müxtəlif guşələrində yaşayan
ölkələrin, insanların həyatı ilə
tanış etməyə çalışmışdır.
Bununla belə, o, bilərəkdən xarici mühitə
köçürülmüş mövzular vasitəsilə
keçmiş sovet cəmiyyətindəki mənfi halları
tənqid etmək, yaxud milli azadlıq, müstəqillik
düşüncələrini mənalandırmaq
məqsədini güdmüşdür. Məsələn,
Çexoslovakiya həyatından çəkilmiş rəsm
əsərində Praqa şəhərinin təsvirindən
daha çox 1961-ci ildə sovet qoşunlarının
Mərkəzi Avropadakı işğalçılıq
niyyətlərinə etiraz notları öz əksini
tapmışdır. Bu əsərdəki uzaqdan qara kabus kimi
görünən vahiməli tankın gəldiyi
küçənin döngəsində təsvir olunmuş
"Stop" (Dur!) - yol nişanı hərəkəti
tənzimələyən işarədən çox,
işğalçılıq, təcavüzkarlıq
niyyətlərinə son qoyulması fikrini mənalandırır.
Yaxud 1961-1967-ci illərdə onun əsərlərindəki
tünd görkəmli İtaliya, Almaniya və Praqa
motivlərinin Bakı şəhəri ilə
səsləşməsi sosialist realizmi metodu
dövründə Vətənlə, doğma ölkə
ilə bağlı məsələlərin beynəlxalq
mövzular vasitəsilə canlandırılması
nümunəsi idi.
Tahir Salahovu bütün dünya tanıyır. Deməli,
həm də Tahir Salahovun sənəti vasitəsilə
beynəlxalq aləm Azərbaycanı bir daha tanımaq
imkanı qazanır. Mövzusundan, üslubundan, yanaşma
tərzindən asılı olmayaraq, Tahir Salahovun
əsərlərinin əksəriyyətində bir parça,
bir ovuc, bir cizgi Abşeron rəngi, ovqatı mövcuddur. Tahir
Salahov milli təsviri sənəti də
möhtəşəm bir Xəzər epopeyasının, yaxud
Abşeron dastanının müəllifidir. Mahir
rəssamın nadir fırçasından
çıxmış "Təmirçilər" (1960),
"İşdən qayıdarkən" (1957),
"Səhər eşalonu" (1958), "Abşeron
qadınları" (1967), "Xəzərdə" (1967),
"Nardaran kəndi" (1974), "Dənizdə buruqlar"
(1968), "Xəzərdə qayalar" (1969),
"Xəzərdə axşam" (1972), "Eyvanda"
(1977), "Mərdəkan qalası" (1978),
"Xəzərdə tufan" (1978), "Nardaranda
küçə" (1978), "Xəzərdə sahil"
(1980) və digər rəsm əsərlərinin hər biri
təsviri sənətdə hadisə kimi
qarşılanmışdır. Əslində, Tahir Salahovun
tünd rənglərlə ifadə olunan sərt realizmində
Abşeron cizgiləri, Xəzər notları
aydınlığı, nikbinliyi, Vətənə sevgini,
ümidi və inamı, arzunu və düşüncəni,
bəzən də mübarizəni ifadə edir. Belə
məqamlarda Tahir Salahov sənətində lirizm elementləri
müşahidə olunur. Qüdrətli bir sənətkar kimi
Tahir Salahovun üslubunu sərt realizmlə lirik
ünsürlərin qeyri-bərabər şəkildə
növbələşməsi müəyyən edir.
Bütövlükdə, Tahir Salahovun
əsərlərindən neft iyi və əncir ətri
gəlir. Abşeron Tahir Salahov üçün ölkənin
bir parçası deyil, geniş mənada ana Vətənin
ümumiləşmiş rəmzidir.
Görkəmli dövlət xadimi, ümummilli liderimiz
Heydər Əliyevin portreti Tahir Salahovun şah
əsərlərindən biridir. Xəzər dənizinə
açılan geniş pəncərədən
görünən rəng effektlərindən istifadə
etməklə mahir rəssam ulu öndər Heydər
Əliyevin müstəqillik illərinin
əvvəllərində Azərbaycanın qarışıq
dövründə hakimiyyətə qayıdışını
və xilaskarlıq missiyasını şərəflə
və qətiyyətlə yerinə yetirdiyi fikrini ifadə
etməyə nail olmuşdur. Bu, Azərbaycanda siyasi portret
janrında çəkilmiş ən professional
əsərlərdən biri kimi də mühüm
əhəmiyyət kəsb edir.
Xalq rəssamı Tahir Salahov özünəməxsus
ovqatı və rəngləri ilə Azərbaycan təsviri
sənətinə Abşeron torpağından,
Xəzərdən gəlmişdir. Tahir Salahov görkəmli
bir sənətkar kimi sanki böyük sənət
aləmində Xəzərdən doğan günəşdir.
Günəş həyatı
işıqlandırdığı və cana gətirdiyi kimi,
Tahir Salahovun əsərləri də çox
örtülü, mübhəm, hətta qaranlıq
mətləblərə gur işıq salır, həyata,
insanlığa, ölkəyə aydınlıq gətirir,
həmişə inkişafa çağırır.
Azərbaycan.- 2008.- 24 yanvar.- S. 7.