Mustafayeva V.
Rəssam ömrü
Oktay Şirağa
oğlu Murtuzayev 1952-ci ildə Bakı şəhəri,
Balaxanı qəsəbəsində anadan olmuşdur. O rəssamlıq
sənətinə orta məktəb illərindən - kiçik
yaşlarından meyil salmışdır. Elə bu
məqsədlə də 1968-ci ildə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinin boyakarlıq fakültəsinə daxil
olmuş, 1972-ci ildə həmin məktəbi bitirmişdir.
O, 1975-ci ildən 1985-ci
ilə qədər Şəhər Tərtibatı və
Reklam İdarəsində tərtibatçı-rəssam
işləmişdir.
Təhsilini davam
etdirmək üçün Oktay Murtuzayev 1985-ci ildə Azərbaycan
Dövlət İncəsənət Universitetinin bədii
xalça fakültəsinə daxil olmuş, 1990-cı
ildə həmin universiteti bitirdikdən sonra burada qalaraq
universitetin tətbiqi sənət kafedrasında müasir
metaldöymə üzrə müəllim işləmişdir.
1990-92-ci illərdə Oktay
müəllim Türkiyədə Azərbaycan rəssamları
ilə birgə yaradıcılıq sərgilərinin
iştirakçısı olmuşdur.
O, 2000-ci ildən
başlayaraq Azərbaycan Dövlət Memarlıq və
İnşaat Universitetinin təsviri sənət kafedrasında
baş müəllim vəzifəsində çalışır.
2003-cü ildə həmin universitetin sərgi salonunda onun
fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Əsərləri
ölkəmizdə və dünyanın bir
çox sərgi salonlarında nümayiş
etdirilmiş, Türkiyə, İran, Rusiya, İtaliya, ABŞ
və bir çox xarici ölkələrin şəxsi kolleksiyalarında
saxlanılır.
Oktay Murtuzayev respublikada
keçirilən sərgilərdə fəal iştirak edir. O,
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvüdür.
Ona yaradıcılıq yollarında uğurlar diləyirik!
Respublika.- 2008.- 9 yanvar.- S. 4.