Quliyev L.

 

Əlil qadınların əl işləri nümayiş etdirilir

 

Bu günlərdə Bərdə rayonundakı uşaq kitabxanasında Qarabağın dörd rayonundan - Bərdə, Tərtər, Ağdam və Ağcabədidən olan əlil qadınların bacarıq və qabiliyyətlərini əks etdirən əl işlərinin sərgi-satışı keçirilmişdir.
Vətəndaş Cəmiyyəti Layihəsi əsasında həyata keçirilən "Mərkəzi regionda əlil qadınların hüquqlarının müdafiəsinə dəstək" layihəsi əsasında Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş sərgi-satışda əlillərin istedadlarını nümayiş etdirən müxtəlif rəsm əsərləri, toxumalar, bitki toxumlarından hazırlanmış tablolar, kuklalar, oyuncaqlar, kiçik ölçülü xalçalar və digər əşyalar tədbir iştirakçılarına təqdim edilmişdir. 100-dən artıq əl işinin nümayiş etdirildiyi sərgi-satışda xeyli əl işi bəyənilib alınmışdır.
"Əlil qadınların hüquqlarının müdafiəsinə dəstək" koalisiyasının əlaqələndiricisi Ləman Babayeva deyir:
- Əlillərin istedadının nümayişində əsas məqsəd onların ictimaiyyət tərəfindən tanınması, cəmiyyətə inteqrasiya olunması, başlıcası isə sosial durumlarına yardım göstərməkdir. Biz belə tədbirləri vaxtaşırı keçiririk. Nəticəsi isə əlillər üçün də, cəmiyyət üçün də əhəmiyyətlidir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə "Counterpart İnternational" təşkilatı tərəfindən icra olunan Vətəndaş Cəmiyyəti Layihəsinin "Advokasi qrantları" çərçivəsində maliyyələşdirdiyi "Əlil qadınların hüquqlarının müdafiəsinə dəstək" koalisiyasının həyata keçirdiyi "Mərkəzi regionda əlil qadınların hüquqlarının müdafiəsinə dəstək" layihəsi əsasında Bərdə rayonunda gerçəkləşən sərgi-satış tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.

 

Azərbaycan.- 2008.- 18 yanvar.- S. 5.