Qabiloğlu E.
"Auksionların təşkili
zəruridir"
Samir
Qazıyev: "Bu, sənətimizi inkişaf etdirməyə
imkan verər"
Fransa Mədəniyyət
Mərkəzində heykəltəraşlar Arif və Samir
Qazıyevlərin əsərlərindən ibarət sərgi
açılıb. İlk dəfədir ki, burada heykəltəraşlıqla
bağlı sərgi keçirilir. Sərgi eksponatları iki
yaradıcı nəslin timsalında ata ilə oğulun
heykəltəraşlıqda müxtəlif mövzulara
fərqli baxışlarını ifadə edir. "Xalq
Cəbhəsi"nə müsahibəsində gənc
heykəltəraş Samir Qazıyev atasından fərqli
baxışlarını heykəltəraşlıqda ifadə
etməkdə mənfi bir şey görmür: "Həyat,
yaradıcılıq bir yerdə durmur, daim inkişaf edir.
Əsas odur ki, daim axtarasan, ortaya çıxardıqlarında
hamını cəlb edə biləcək məzmun olsun".
Bu, ata ilə oğulun birgə ilk sərgisidir. Sərgidə
Arif Qazıyevin 15 heykəltəraşlıq əsəri,
Samirin isə 9 heykəli, 5 qrafik mövzuda əsəri
nümayiş etdirilir. 37 yaşlı Samir Əzim
Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib,
təhsilini İncəsənət İnstitutunda davam etdirib.
Rəssamlar İttifaqının üzvüdür. Bu vaxta kimi
xeyli sərgilərdə iştirak edib. Müxtəlif
ideyaların, janrların vəhdətini yaratmağı sevir.
Əsərlərində müxtəlif materiallardan, o
cümlədən mərmərdən, tuncdan və s.
istifadə edir: "Hər işin öz fəlsəfəsi
var. Şübhəsiz ki, yaradıcılıqda hər
kəsin dəst-xətti bilinməlidir. Ağıllı
tamaşaçı hər bir yeniliyi görür,
qiymətləndirir".
Samirin ilk müəllimi atası olub: "İstedad hamıda
olur, amma gərək çalışasan, zəhmət
çəkəsən, yoxsa bir şey ortaya çıxmaz.
Atamdan çox şey öyrənmişəm. Texnikumda Akif
Əsgərovdan, institutda isə Fuad Salayevdən, Azad
Zeynalovdan, Kamal Ələkbərovdan dərs almışam.
Azərbaycan heykəltəraşlığının
məşhur nümayəndələri var. Əsas odur ki,
ənənə yaşadılır. İnanıram ki,
gələcəkdə Azərbaycanda auksionlar yaranacaq,
inkişaf edəcək. Bu amil bizə sənətimizi
inkişaf etdirməyə imkan verər. Demək olmaz ki, bu
sənətlə güzəran qayğılarımızı
ödəyirik. Müxtəlif sifarişlər olur,
beləcə dolanırıq".
Samir incəsənətin bütün janrları ilə
maraqlanır: "Qədim dünyanın incəsənəti
çox zəngin olub, bəzi nümunələri
dövrümüzə kimi gəlib çıxıb.
İnsan belə əsərlərə baxdıqca
heyrətlənir. İndi elə əsərlər ortaya qoymaq
lazımdır ki, sabaha qalsın. Əsas odur ki, orijinal
ideyanı yüksək sənətkarlıqla ifadə
edəsən. Çalışıram heç kəsə bənzəməyim".
Onun əsərlərində ikili məzmun üstünlük
təşkil edir: yəni tamaşaçı əsərin bir
tərəfində canlandırılan ideyanın o biri
tərəfdə davamını izləyir. Samir hind, qədim
Misir mifoloji obrazlarını əsərlərinə
məharətlə gətirir.
Arif Qazıyevin "Dəvəquşular",
"Yatmış kişi", "Qarabağ
şikəstəsi", "Canlı qala",
"Oxatanlar", "Oyanış" və başqa
əsərləri də uğurlu alınıb.
Xalq cəbhəsi.- 2008.- 29 yanvar.- S. 14.