Qaliboğlu E.
Əsil sənətkar
heç vaxt ölmür...
Heykəltəraş Cəlal
Qaryağdı da belələrindəndir
Qarşımda olduqca maraqlı, nadir bir şəkil var, 1932-ci ildə çəkilib: məşhur
heykəltəraş Cəlal
Qaryağdı birinci sırada oturub, arxa cərgədə sağda, ayaq üstə ikinci duran isə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yeniyetməlik
dövrüdür. Bu,
Cəlal Qaryağdının
müəllimliyinin ilk
dövrüdür. O, Azərbaycan
heykəltəraşlığının
tanınmış simalarından,
milli heykəltəraşlığın
peşəkar pionerlərindəndir...
Onunla sağlığında
dəfələrlə görüşmüş,
söhbətləşmişdim.
Maraqlı söhbətlərimizdən
biri elə Bakının indiki qarlı-çovğunlu günlərindən birində
olmuşdu. Onu həmişə emalatxanada
tapmaq olardı. Ömrünün son illəri tez-tez xəstələnirdi, amma
ayağa qalxan kimi işə tələsirdi.
Orta boylu, dolu bədənli, söhbətcil, ömrünün
sonuna kimi çalışmaqdan qalmayan
Cəlal Qaryağdı
anadangəlmə heykəltəraş idi: necə deyərlər, cansız daşlara can verməyi, onları danışdırmağı bacarırdı.
Təsadüfi deyil ki, onun əsərlərində
adətən obrazın
dərin psixologizmi açılır, həmçinin
bununla yanaşı romantikliyin çalarları
da aydınca görünür,
bilinir. Dediyimiz cəhətlərin vəhdəti
onun Sabir bağında qoyulmuş məşhur Sabirə həsr etdiyi heykəldə canlı ifadəsini tapıb. Sabirin heykəli sanki canlıdır, dərin fikrə gedib, düşünür...
Cəlal Qaryağdı
əslən Qarabağdan
idi, mənsub olduğu məşhur Qaryağdılar nəslindən
danışmaqdan doymazdı.
"Bizdən sonrakılar
da Qaryağdı olacaq". Həmişə
bu qənaətini böyük bir inamla deyərdi. Həm də o demək idi
ki, Cəlal Qaryağdı nəslinin,
soyunun daim xəlqi əməllərlə
var olmasını istəyirdi.
Zamanının çoxlu
tanınmışları ilə
dostluq etmişdi, sinəsində,
yaddaşında bitib-tükənməyən xatirələri
vardı. Neyləyəsən
ki, öüm var: ölüm birdən gəlir və heç kəsə fərq qoymur. Bəlkə də bunu ölümün
sərtliyi, amansızlığı
ilə yanaşı mərdliyi də adlandırmaq olar. Cəlal müəllimin ölməz sənəti və xatirəsi bu kimi yaradıcı
insanların daim ölümdən üstünlüyünü
sübut edir. Sənətkarın emalatxanası
çox hündür
idi, 7-8 metr olardı. İndi də həmin emalatxana durur, oğlu Cəlil atasının sənətini
davam etdirir. Düzdür, əvvəlki
illərdə olduğu
kimi indi emalatxana uzaqdan diqqəti çəkmir, çünki ətrafda çoxlu göydələnlər
tikilib. Yeni gəlmişkən, deyək
ki, Cəlal Qaryağdının Fəxri
Xiyabandakı qəbirüstü
abidəsin oğlu, heykəltəraş Cəlil
Qaryağdı düzəldib.
Cəlal Qaryağdı
1917-ci ildə Şuşada
anadan olub, uşaqlığı burada
keçib. Həmişə görüşəndə adı İsmayıl olan ata babasının
"Qaryağdı" adlanması
ilə bağlı maraqlı bir tarixçə danışardı.
Deyərdi ki, babası uşaqlıqda qardan çox qorxarmış. Balaca İsmayıl uşaq vaxtı qaçıb bayıra çıxanda bunun dalınca qışqırarmışlar ki,
ay İsmayıl, qar yağdı, içəri keç. O vaxtdan Cəlal müəllimin İsmayıl babasının
adı qalıb "Qaryağdı". Maraqlıdır
ki, sonradan İsmayıl kişinin soyadı da "Qaryağdı" adlanıb.
Məşhur xanəndə
Cabbar Qaryağdıoğlu
Cəlal Qaryağdının
əmisidir. Cəlal müəllimin atasının
da yaxşı səsi varmış.
Beş yaşı olanda Cəlal Qaryağdı anasını
itirir. Onu xalası ilə ana nənəsi böyüdür. 1927-ci ildə
on yaşlı Cəlal Bakıya gəlir. Bu çağdan da onun ömrünün sonuna kimi davam
edən Bakı həyatı başlayır.
Bu əsnada başına macəralı
hadisələr gəlir:
Rəssamlıq Məktəbinə
qəbul vaxtı sənədlərini oğurlayırlar.
Bu zaman əmisi Cabbar Qaryağdıoğlu köməyinə
gəlir. Gənc Cəlal sənədlərini
yenidən hazırlayır,
ixtisasdan əla imtahan verir, məktəbə qəbul
olunur. O zaman məktəbdə ayrıca
heykəltəraşlıq şöbəsi yox idi, həftədə vur-tut bir saat
heykəltəraşlıq dərsi öyrədilirdi.
Bu məqamdan
başlayaraq Cəlal Qaryağdının heykəltəraşlıq
sənətini təkbaşına
öyrənməsi mərhələsi
başlayır. O, belə
bir çətin işə inadla girişir. Məhz özünəinamı sayəsində
tədricən uğur
qazanır.
Az sonra o, təhsilini Tiflis Rəssamlıq Akademiyasında davam etdirir. Danışardı
ki, akademiyada oxuyarkən təqaüdünü
Bakıdan alırmış,
qəfil o da kəsilir. Həyatında növbəti
çətin bir mərhələ başlayır.
Gənc heykəltəraş
dərsdən sonra müxtəlif işlərdə
çalışır, o
cümlədən müəllim
işləməyə başlayır.
Amma görür ki, get-gedə
vəziyyət çətinləşir,
məcbur olub Bakıya qayıdır.
Ötən yüzilin
30-cu illərində qəzetlərdə
rəssam, həm də Rəssamlıq Məktəbində müəllim
olaraq çalışmağa
başlayır. Artıq
40-cı illərdən
etibarən böyük
heykəltəraşlıq əsərlərini yaratmağa
başlayır. "Sabir",
vaxtilə indiki Azadlıq meydanında qoyulmuş "Lenin",
"Nəriman Nərimanov",
"Bünyad Sərdarov",
Bərdədə "Ana"
heykəlləri və
b. onu heykəltəraş
kimi məşhurlaşdırır.
Həmçinin Cəlal Qaryağdı
Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin,
Cahangir Cahangirovun və başqalarının
büstlərini yaradıb,
Üzeyir Hacıbəylinin,
Yusif Məmmədəliyevin,
Həzi Aslanovun ölümlərindən sonra
gipslə maskalarını
çıxarıb.
Bəli, əsil sənətkar heç vaxt ölmür, çünki o, özündən sonra böyük sənət qoyub gedir. Heykəltəraş
Cəlal Qaryağdı
da belələrindəndir.
Xalq cəbhəsi.- 2008.- 8 yanvar.- S. 14.