Hazırda 152 nəfər “Xalq”, 1360 nəfər isə “Əməkdar” fəxri adını daşıyır

 

Azərbaycanda hazırda "Xalq" fəxri adını daşıyan 152 şəxs var. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirib. 2008-ci ilin sonuna olan statistik məlumatlara əsaslanan şöbə müdiri fəxri ad alan şəxslərin sayının artdığını deyib. Onun sözlərinə görə, 2006-cı ildə "Xalq" fəxri adını daşıyanların sayı 132 nəfər olub. "Xalq" fəxri adını daşıyanlardan fərqli olaraq, "Əməkdar" fəxri adına layiq görülənlərin sayı çoxluq təşkil edir. V.Həsənov hazırda 1360 nəfərin "Əməkdar" fəxri adını daşıdığını söyləyib. Bu fəxri ada layiq görülənlərin də sayında artım qeydə alınıb. Şöbə müdirinin sözlərinə görə, 2006-cı ilin statistikasına görə, Azərbaycanda 1138 nəfər "Əməkdar" fəxri adı daşıyıb.

V.Həsənov deyib ki, "Xalq" fəxri adı daşıyanlar aylıq 50, "Əməkdar" fəxri adını daşıyanlar isə aylıq 30 manat məbləğində müavinət alırlar.

Nazirlik rəsmisi, həmçinin, Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında böyük xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsi və onların sosial rifah halının yaxşılaşdırılması üçün Prezidentin fərdi təqaüdünün də təsis olunduğunu bildirib. V.Həsənov bu təqaüdə layiq görülən 450-dən artıq şəxsin aylıq təqaüdünün 1000 manat təşkil etdiyini deyib.

Şöbə müdiri, eyni zamanda Azərbaycan Prezidentinin fərmanları ilə 191 Milli Qəhrəman üçün 600 manat, 141 20 Yanvar şəhidi ailəsi üçün 300 manat, 13537 nəfər şəhid ailəsi üçün isə 100 manat məbləğində müavinət təyin edildiyini bildirib.

Bundan başqa, Prezidentin 2008-ci il 9 sentyabr tarixli fərmanı ilə müharibə əlillərinə xüsusi təqaüd növü təsis edilib. Təsis olunan bu təqaüd növü respublikada 15300 nəfəri əhatə edir. Bu təqaüd aylıq olmaqla I qrup əlillərə 90, II qrup əlillərə 70, III qrup əlillərə isə 50 manat məbləğində verilir.

Azərbaycanda fəxri adlara digər fəaliyyət növlərinə görə təqaüd alan şəxslərin sayı ümumilikdə 31 min nəfərdən artıqdır. Fəxri ad daşıyan digər fəaliyyətinə görə prezident təqaüdü alan şəxslər üçün başqa imtiyazlar nəzərdə tutulmur.

Azərbaycanda vətəndaşlar fəxri adlar, Prezident təqaüdləri almaqla yanaşı, ictimai, siyasi, hərbi, mədəni digər sahələrdə fəaliyyətlərinə görə müxtəlif orden medallarla təltif edilirlər. Fəxri ad alanlardan fərqli olaraq, orden medallarla təltif olunan şəxslərə maddi ödəniş digər imtiyazlar verilmir.

Azərbaycanda ən ali orden "Heydər Əliyev" ordeni hesab olunur. İndiyədək məhdud sayda şəxs - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Bilkent Universitetinin rektoru İhsan Doğramacı, tanınmış violonçel ifaçısı dirijor Mstislav Rostropoviç, Ukrayna prezidenti Viktor Yuşşenko dünya şöhrətli rəssam Tahir Salahov bu ordenə layiq görülüb.

 

Yeni Azərbaycan.- 2009.- 10 yanvar.- S. 8.